Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral müğənni Hadisenin UNICEF üçün hazırladığı xeyriyyə videosuna sərt reaksiya verib.
Milli.Az xəbər verir ki, Saral sosial media hesabında paylaşım edərək videodakı bəzi ifadələrin qəbuledilməz olduğunu bildirib.
Məsələ Hadisənin Ramazan ayı münasibətilə UNICEF üçün çəkdiyi çağırış videosundan sonra gündəmə gəlib. Videoda Hadisə bildirib ki, UNICEF ən çətin şəraitdə yaşayan uşaqların yanındadır və heç bir uşaq ac qalmamalıdır. O, "Türkiyədən Qəzzəyə, Sudandan Afrikaya qədər uşaqların iftar süfrəsində ümidə ehtiyacı var" deyərək ianə etməyə çağırış edib.
Oktay Saral isə paylaşımında Türkiyənin yardım alan deyil, yardım göstərən ölkə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyəni müharibə və aclıqla mübarizə aparan bölgələrlə eyni kateqoriyada təqdim etmək reallıqdan uzaq yanaşmadır və ölkənin nüfuzuna zərər verə bilər.
Saral əlavə edib: "Qlobal həssaslıq kimi təqdim olunan bu ritorika xoş niyyətli deyil, əksinə, ciddi uzaqgörənlik çatışmazlığının göstəricisidir."
Qeyd edək ki, baş müşavir daha əvvəl də bir sıra sənət adamları ilə bağlı açıqlamaları ilə gündəmə gəlmişdi.
Milli.Az





