Kahramanmaraşda 5 günlük körpəyə şiddət tətbiq edərək onun ömürlük fiziki və əqli əlil qalmasına səbəb olmaqda ittiham edilən tibb bacısı Hazel Dırık Bağrıyanıkın məhkəmədə verdiyi ifadə açıqlanıb.
Milli.Az xəbər verir ki, Hazel Dırık Bağrıyanık "qəsdən xəsarət yetirmə" maddəsi ilə 3 ilə qədər azadlıqdan məhrumetmə tələbi ilə mühakimə olunur. İttihama görə, 2021-ci ildə yenidoğulmuş Deniz Esin Bozoklar körpə vaxtı məruz qaldığı şiddət nəticəsində serebral palsi, epilepsiya və fiziki əlillik diaqnozu alıb.

SEGBİS sistemi vasitəsilə Kahramanmaraş 10-cu Asliye Cəza Məhkəməsində ifadə verən Bağrıyanık əvvəlki ifadələrini təkrarladığını və əlavə edəcəyi bir söz olmadığını bildirib. Bunun ardından hakim təhlükəsizlik kamerası görüntülərini məhkəmədə nümayiş etdirib.
Görüntülərdə tibb bacısının körpəyə qan alma tüpü ilə vurduğu, saçını dartdığı, ayağını və qarın nahiyəsini sıxdığı əks olunub. Hakimin suallarına cavab verən Bağrıyanık körpədən qan alma prosedurunun tibbi qaydalara uyğun olduğunu iddia edərək, "Damar yolu açılmadığı üçün damlatma üsulu ilə qan alırdıq. Körpəyə zərər vermək niyyətim olmayıb, məqsədim yalnız iynəni rahat vurum deyə bədəninin yönünü düzəltmək idi" deyə bildirib.
Bağrıyanık həmçinin görüntülərdə görünən hərəkətlərin "ani refleks" nəticəsində baş verdiyini, peşman olduğunu və körpəyə qəsdən zərər vermədiyini söyləyib.
.png)
Qeyd edək ki, hadisə 2021-ci ildə Kahramanmaraş Sütçü İmam Universiteti Sağlamlıq Tətbiq və Araşdırma Xəstəxanasının Yenidoğan Reanimasiya şöbəsində baş verib. Ailə hadisədən yalnız 3 il sonra e-Devlet üzərindən göndərilən bildirişlə xəbərdar olub.
İş üzrə məhkəmə prosesi davam edir.
Fidan
Milli.Az





