Pilot Gökçe Kübra Yıldırım dünyanın ən böyük sərnişin təyyarəsi olan Airbus A380 tipli sərnişin təyyarəsinin kapitan kreslosuna əyləşən ilk türk qadın pilot olub.
Milli.Az "hurriyet"ə istinadla xəbər verir ki, Türk Hava Yolları (THY) Teknik A.Ş.-də təcrübə keçərək aviasiyaya addım atan Gökçe Kübra Yıldırım səma xəyallarını reallaşdırmaq qərarına gəlib. Lazım olan təhsili tamamladıqdan sonra THY-nin Airbus donanmasında ikinci pilot kimi işə başlayan Yıldırım daha sonra karyerasını Dubayda davam etdirməyə qərar verib.
12 il əvvəl aviasiya sənayesinə qədəm qoyan türk qadın pilot indi Dubayın ən böyük hava yolu şirkətində Airbus A380 təyyarəsinin pilotu olub. Gökçe Kübra Yıldırım dünyanın ən böyük iki mərtəbəli təyyarəsində kapitan pilot kimi işə başlayıb.
Hisslərini sosial media hesabında paylaşan Gökçe Kübra Yıldırım bu sözləri deyib:
"Təxminən 12 il əvvəl başladığım bu səyahət məni bu gün kapitanlıq həddinə çatdırdı. Hər addımım, hər çağırışım, hər uğurum mənə çox şey qatıb. Bu peşə sadəcə iş deyil, həyatımın bir hissəsinə çevrilib. Mənə dəstək olan və hər zaman arxamda duran və bu gün burada olmağıma şərait yaradan hər kəsə təşəkkür edirəm" .
Fidan
Milli.Az