İdman

Britaniyalı cəngavər Milli.Az-a Bakı Formulasından danışdı - MÜSAHİBƏ - FOTO

6 İyun 2017 17:19
Baxış: 2 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, ilk dəfə sürət yarışlarına 1994-cü ildə Formula 3-də başlayıb. 

Orada 3 sezon keçirtdikdən sonra Britaniya Formula 2-də də çıxış edir. Gənc yaşında ikən "Arden" adlı klubunu yaradaraq Formula 3000 beynəlxalq yarışlarına qatılır. 

Kristian Horner 2013-cü ildə Britaniya İmperiyasının cəngavəri tituluna layiq görülərək, Britaniya İmperiası Ordeni ilə də təltif edilib. 

Hazırda isə F1 yarışlarında ön sıralarda gedən Red Bull Racing klubunun rəhbəridir.

Ötən həftə bir neçə yerli mətbuat üzvlərini Britaniyanın Milton-Kins şəhərində yerləşən Red Bull Racing klubunun bazasında qəbul edən K.Horner Milli.Az-a eksklüziv müsahibə verib. 

- Bəllidir ki, komandanı gücləndirməyin yollarından biri güclü pilotun transferidir. Məsələn, futbolda belədir. "Red Bull Racing" necə, "Formula-1"dəki başqa komandalardan birinin ulduz pilotunu dəvət etmək niyyətindədir?

- Gələn mövsüm çox qeyri-adi olacaq. İndi biz pilot transfer etməkdənsə gənclərdən ibarət komandamızın potensialının araşdırılmasına, öz gənc pilotlarımızın bacarıqlarının öyrənilməsinə və inkişafına diqqət yönəltmişik.

Gənclərdən ibarət komandamızda Torosso var. Başqaları da var. Onların bacarığı, istəyi bizə bu pilotun istedadını inkişaf etdirməyə imkan verir.

- Ötən il Bakıda keçirilən F1 yarışında şəhər trasından söz açmışdınız və qeyd etmişdiniz ki, Bakı yollarının özəlliyi var. Bu özəlliklər nədən ibarətdir?

- Mən düşünürəm ki, sizin şəhərin küçələri çox gözəl və unikaldır. Sürətli yarış üçün çox uyğundur. İnanılmaz dərəcədə sürətlidir. Köhnə şəhər ilə yeni şəhərin birləşməsi, unikal qala... Biz mövsümdə sürətlə sürürük. Qısacası, bu şəhərdə Formula 1 üçün çox əlverişli şərait var və həftəsonu orada gözəl vaxt keçirmək olar.

- Müsahibələrin birində qeyd etmisiniz ki, 2017-ci ilin dünya çempionu məhz sizin pilotlardan birinin olacağına ümid edirisiniz. Daniel Rikardo və Mark Ferstappenin daha böyük uğurlara nail olmaları üçün hansı işlər görülür?

- Sürücülər ciddi şəkildə məşq edirlər. Onlar yarışa fiziki cəhətdən də hazır olmalıdırlar. Buna görə də onlar ciddi şəkildə məşq edib yarışa hazırlaşırlar. Daha dəqiq desək, onlar mühəndislərlə işləyərək özlərini təkmilləşdirirlər ki, vaxtları boş yerə getməsin.

- Öz klubunuzdan başqa hansı digər klubun pilotlarını izləyəndə zövq alırsınız?

- Əlbəttə ki, Formula 1-də, həqiqətən, bacarıqlı sürücülər var. Stoffel Vandorn çox maraqlı və gənc sürücüdür. Red Bull-un bacarıqlı sürücüləri önə çəkməyə böyük marağı var.

- Bu il yeni bolid RB13-ü istismara verdiniz və bununla yeni bir uğura imza atmış oldunuz. Fikrinizcə, RB 13 neçə il sizin komanda üçün qulluq etməyə naildir, yeni RB 14 buraxmaq niyyətindəsinizmi?

- Hər il maşın nömrələri artmağa doğru gedir və RB14-ün 2018-ci ildə təqdim olunacağı nəzərdə tutulub.

 Bu il Azərbaycanda keçiriləcək F1 yarışına hansı yeniliklərlə qatılacaqsınız və öz komandanızdan gözləntiləriniz nədir?

- Bizim maşın şousu üçün bəzi yenilənmələrimiz var. Eləcə də, ola bilər ki, yeni mühəndislər. Lakin sizin bu haqda bilməyinizə ehtiyac yoxdur. Biz şou zamanı bacardığımızdan daha da artığını etməyə çalışacağıq.

Ceyhun Ələkbərov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.