Bakı Marafonu 2016 çox yüksək səviyyədə təşkil edilib. Bunu Trend-ə marafonda qadınlar arasında ikinci yeri tutmuş britaniyalı Nataşa Petersen deyib.
O bildirib: "Mən Böyük Britaniyadanam, lakin iki ildir Bakıda yaşayıram. Bu çox fantastik tədbirdir. 15-60 yaşlı insanların marafonda iştirak etməsi çox xoşuma gəldi".
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.
Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.
Marafon saat 10:00-da başlayıb.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Milli.Az