Bir müddət əvvəl Türkiyənin İstanbul şəhərində karate üzrə 50-ci Avropa çempionatı keçirildi. Bütün diqqətlərin mərkəzində olan bu vacib turnirdə Azərbaycan idmançıları da fəxri kürsüyə qalxdılar. Onlardan Niyazi Əliyevin çıxışı xüsusilə maraqlı alındı. Finalda tribunaların böyük dəstəyini görən türk rəqibini yenən karateçimizin, qələbədən sonrakı milli rəqsi gözəl alınmışdı. Milli ruhun təntənəsi olan bu hərəkətin sahibini sizə yaxından tanıtmaq qərarına gəldik. Beləliklə, Avropa Oyunlarındakı əsas medal ümidlərimizdən biri - Niyazi Əliyev.Niyazi Əliyev ikinci olmağı qəbul etmir
Valideynlərinin təkidi
1986-cı ildə yanvarın 30-da Maştağada anadan olan Niyazi, karateyə məktəbin ilk ilində yollanıb. Kiçik yaşlarından çox hərəkətli, "bir yerdə durmaz" olması valideynlərini bu addımı atmağa vadar edib. Enerjisini idmana sərf edən, məşqlərdə yetərincə yorulan balaca karateçi axşamlar sakit birinə çevrilir, valideynlərini narahat etmirdi. Valideynlərinin məcburi seçimi gələcəkdə dünya və Avropa çempionatlarında Azərbaycan bayrağını qaldıracaq bir idmançının yetişməsində böyük rol oynadı.
Bakının 128 saylı orta məktəbində təhsil alan Niyazinin oxumaqla arası olmayıb. Hər imkanda dərslərdən yayınmağa çalışıb, diqqətini idmana kökləyib. Ancaq indi, artıq hər şeyi yaxşı başa düşdüyü vaxtda deyir ki, bundan çox böyük təəssüf hissi keçirir. Çünki təhsilin önəmini gün keçdikcə daha yaxşı anlayır. Ona görə də ali təhsil almaq üçün Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və bu il onu bitirəcək. Ataların "Çox gəzən, çox bilər" məsəli ilə kifayətlənməyərək əsl biliklərə də yiyələnməyin vacibliyini ön plana çəkməsi də vurğulanmalıdır.
Çoxsaylı çempionluqlar və titullar
Niyazi Əliyevin qazandığı uğurların siyahısı yetərincə uzundur. Ən kiçik yaşlarında Bakı birinciliyindəki qələbələrin ardınca dəfələrlə istər yeniyetmə, istər gənc, istərsə də böyüklər arasında Azərbaycan çempionluqları gəlib. 15 yaşında yeniyetmələr arasında Avropa çempionu olan Əliyev, "Boğaziçi", "Uspex", "İstanbul Open", "Moskva ulduzları", "Premier League Dutch Open" kimi böyük beynəlxalq turnirlərdə, 2010-cu ildə "Ümumdünya Döyüş Oyunları"nda və başqa nüfuzlu çempionatlarda fəxri kürsüyə qalxıb. 2009-cu ildə Xorvatiyanın paytaxtı Zaqrebdə, 2014-cü ildə Finlandiya, bu il isə Türkiyədə böyüklər arasında Avropa çempionluğunu əldə edib. 2010-cu ildə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medalın sahibidir. Bununla yanaşı, karatenin müxtəlif versiyalarında üçqat dünya və beşqat Avropa çempionudur. Niyazinin ümumi medal və kubok sayı "ehtiyatı" yüzə yaxınlaşmaqdadır. Ki, özünün də dediyi kimi, vaxtı gələndə həmin mükafatları xüsusi bir zalda yerləşdirib nümayiş etdirmək, gələcək nəsillərə əziyyətə qatlaşaraq nələrə nail olmağın mümkünlüyünü göstərmək fikrindədir.
Peşəkar idmançı
Karate digər döyüş növləri kimi amansız idmandır. Kənardan asan görünsə də, qazanılan hər qələbə, hər uğur böyük əziyyətlər hesabına mümkün olur. Həftənin 6 günündə, gündə iki, bəzən üç məşq keçmək, ciddi qida rejiminə riayət etmək, bir çox əyləncələrdən məhrum olmaq... Yalnız bunun sayəsində hər hansı zəfəri çalmaq olar. Niyazi qeyd edir ki, karyerası ərzində dəfələrlə burnu, əl və ayaq barmaqları sınıb, diz qapaqlarında problemlər yaşayıb, əməliyyat olunmaq məcburiyyətində qalıb. Özünün dinləyək: "Özüm karateçi olduğuma görə demirəm. Hər şey çox çətindir. Hər gün səhər necə bədən ağrıları çəkdiyimi yalnız mən bilirəm. Başqa, yəni sıravi biri olsaydı, iki- üç gündən sonra idmanı atıb gedərdi. Ancaq biz dözürük. Çünki bilirik ki, hər əziyyətin sonrasında bir mükafat var. İstər maddi, istərsə də mənəvi. İşin pul tərəfi mənim üçün həmişə ikinci planda olub. Fəxri kürsüdə sənin şərəfinə ölkənin himni səslənəndə keçirilən hisslərin əvəzini heç nə verə bilməz. Məhz o anlarda bilirsən ki, çəkilən bu əziyyətlər, yorğunluqlar, zədələr, ağrılar hədər deyilmiş".
Zədələr maneə deyil
Zədələr demişkən... Niyazinin karyerasında ağır mərhələlər az olmayıb. Ancaq o, bu mərhələləri çətinliklə də olsa, arxada qoya bilib. Xüsusilə 2012-ci ildə keçirdiyi əməliyyatdan sonrakı durum fərqləndirilməlidir. İstənilən idmançı üçün toparlanmaq, yenidən tatamiyə qayıdaraq titullar qazanmaq çətindir. Niyazi bütün səylərini bir yerə yığıb İslam Həmrəyliyi Oyunlarına qatılmış, finala qədər irəliləyə bilmişdi. 2014-cü ildə Finlandiyada keçirilən Avropa çempionatının final döyüşü isə ayrı söhbətin mövzusudur. O döyüşün videoyazısı izləyənlər təsdiq edə bilər: əlindəki iki barmağı sınıq ola-ola döyüşən Niyazinin əzmkarlığına böyük alqış düşür. Həmin əllə rəqibə zərbə endirmək, bu anlarda yaşanan ağrıları təsəvvür etmək çox çətin deyil. İtalyan rəqibi ilə döyüş ərzində iki dəfə tibbi müdaxiləyə ehtiyacı olan karateçimiz böyük ağrılara rəğmən qələbə qazanmışdı. Həkimlərin israrı da bir nəticə verməmiş, qalib ruhunu ortaya qoymuşdu. Çünki özü də dediyi kimi "hər əziyyətin sonunda bir mükafat var". O mükafat da Avropa çempionluğu idi.
Çevik, sürətli, güclü
Niyazinin tatamidəki döyüşünü böyük zövqlə izləmək olar. Zərbələri təmiz, yəni yüksək dəqiqliklə yerinə yetirir, baxımlılıq dərəcəsi maksimuma yaxındır. Xüsusilə də yaxın məsafədə rəqiblərindən bir baş üstün olan karateçimiz, cüdo və güləşdəkilərinə oxşar badalaqdan yararlanmağı sevir. Ani hərəkətlə qarşısındakı yerə yıxaraq "öldürücü" zərbə ilə son nöqtəni qoyur. Taktiki cəhətdən konkret döyüş tərzi seçmir. Niyazi həm müdafiə, həm də hücumda effektiv olmağı, nəticəyə uyğun mübarizə aparmağa üstünlük verir. Fiziki hazırlığının çox yaxşı olması ona son saniyələrə qədər sabit döyüşmək şansı yaradır ki, bu da həlledici anlarda köklənməni itirməmək baxımından vacib məqamdır. Əliyev çevik, sürətli və fəal karateçidir. Onunla döyüşlərdə bir an belə sayıqlığı əldən vermək olmaz. Əlləri ilə bir göz qırpımında bədənə və başa ağır zərbələr endirə, çaş-baş sala bilər. Mütəmadi işlətdiyi, sevimli fəndi demək olar ki, yoxdur. Niyazi üçün qələbəyə hansı zərbə imkan verirsə, onu seçmək daha məqsədəuyğundur. Qalib ruhlu döyüşçü üçün bu, məntiqli addımdır.
Portreti
Niyazi işinin peşəkarı, əsl döyüşçüdür. Zirvələri fəth etmək üçün bir çox çətinliklərə sinə gərib və istəyinə nail ola bilib. Qarşıda isə Avropa Oyunları gəlir. Karyerasının sonlarına yaxın bir vaxtda belə vacib turnirdə qələbə qazanmaq onun üçün böyük nailiyyət ola bilərdi. Əzmkarlıq, çalışqanlıq, işinə düzgün münasibət Niyazini bu hədəfə çox rahat çatdıra bilər. O, tatamidə aslan kimi güclü, pələng kimi sürətlidir. Tatamidə heç bir rəqibə aman vermir, onu yalnız məğlub edəndən sonra rahat buraxır. Peşəsində ciddi, adi həyatda ünsiyyətcil, dostcul, güvənilən biridir. Bir sözlə, nümunəvi idmançıdır.
Maraqlıdır
Niyazinin idmançılığı ilə yanaşı, insani xüsusiyyətləri də qabardılmalıdır. Bir yaşlı oğlunu çox sevən Əliyev, hər səfərdə onun köynəyini özü ilə aparır, bu geyimin ona uğur gətirdiyini düşünür. Bir ata kimi oğlundan güc alması çox xoş, gözəl mənzərədir.
Üzr də istəyib
2013-cü il Avropa çempionatının finalında final döyüşündə məğlub olması ona pis təsir etmişdi. Hakimlərin qərəzi nəticəsində "yalnız" gümüş medal qazanan Niyazi Əliyev "İkinciliyimə görə Azərbaycan xalqından üzr istəyirəm" deyərək, aza qane olan biri olmadığını göstərmişdi.
Nümunəvi idmançı
Niyazi Əliyev dünya karate ictimaiyyətinin tanınmış simalarındadır. Rusiya, Macarıstan və başqa ölkələrdə onun karate seminarlarına böyük maraq göstərilir. Yüzlərlə, minlərlə gənc və yeniyetmə, həmçinin böyüklər bu dərslərdə iştirak edir, böyük çempionun döyüş sirlərinə yiyələnməyə çalışırlar.
Kaspi.az