İdman

Kerem Demirbay: “Qalatasaray”ın ardıcıl 4 dəfə necə çempion olmasından danışsam, aləm dağılar"

9 Oktyabr 2026 15:39
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qalatasaray"dan "Kasımpaşa"ya transfer olunan Kerem Demirbay keçmiş klubunun son dörd ildəki uğurları ilə bağlı fikirlərinə görə yaranan müzakirələrə münasibət bildirib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, təcrübəli yarımmüdafiəçi Yağız Sabuncuoğlunun suallarını cavablandırarkən İstanbul təmsilçisinin son illərdəki çempionluqlarının səbəbləri barədə danışıb.

"Düşündüklərimi desəm, hər yer çox böyük partlayar. Komanda yoldaşlarımı çox sevirəm, amma hər şey kənardan göründüyü kimi deyil", - deyə futbolçu bildirib.

Jurnalistin "Necə?" sualına isə Kerem Demirbay belə cavab verib:

"Onu deyə bilmərəm. Hamı susur, inan mənə".

Futbolçunun konkret hansı hadisələri nəzərdə tutduğunu açıqlamaması onun sözlərinin müxtəlif cür şərh edilməsinə səbəb olub.

"Qalatasaray"a hörmətim var"

Kerem Demirbay keçmiş komandası ilə qarşılaşma ehtimalından da danışıb. O, "Qalatasaray"a hörmətlə yanaşdığını və klubdan ayrıldıqdan sonra digər böyük komandalardan da təkliflər aldığını bildirib.

"İnşallah, 'Qalatasaray'la oyunda qalib gələrik. Çox çətin olacaq, lap çox çətin. Amma futboldur, hər şey mümkündür. 'Qalatasaray'dan ayrıldıqdan sonra təkliflərim var idi, böyük klublardan da. Mən bunu edə bilməzdim. Onlar mənə hörmət ediblər, məni sevirlər. Çox çətin oyun olacaq", - deyə o qeyd edib.

"Çempionluqlar böyük zəhmətin nəticəsidir"

Açıqlamaları müzakirələrə səbəb olduqdan sonra Kerem Demirbay yazılı bəyanat yayaraq fikirlərinin kontekstdən çıxarıldığını və yanlış anlaşıldığını bildirib.

Futbolçu "Qalatasaray"ın son dörd ildə qazandığı çempionluqların böyük zəhmət, fədakarlıq və mübarizə hesabına əldə edildiyini xüsusi vurğulayıb.

"Bu gün yayımlanan müsahibəmdə 'Qalatasaray'la bağlı sözlərimin kontekstdən çıxarılaraq təhrif edildiyini və bunun təbii olaraq reaksiyalara səbəb olduğunu gördüm.

Demək istədiklərimlə yaranan təsəvvür arasında ciddi fərq var. Buna görə məsələyə aydınlıq gətirmək istəyirəm. İlk növbədə, 'Qalatasaray'ın son dörd ildə qazandığı çempionluqların böyük zəhmətin, fədakarlığın və mübarizənin nəticəsi olduğunu açıq şəkildə bildirmək istəyirəm. Mən də həmin prosesin iki ilində komandanın üzvü olmuşam və bu uğurların arxasında nə qədər böyük mübarizə dayandığını şəxsən yaşamışam", - deyə Demirbay açıqlamasında qeyd edib.

Yarımmüdafiəçi "Qalatasaray"da çıxış etdiyi dövrdə komandanın həm maddi, həm də mənəvi çətinliklərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, yaşanan problemlər komandanın daxilində qalıb və ictimaiyyətə açıqlanmayıb.

"Bu müddətdə maddi və mənəvi baxımdan bir çox çətinliklə qarşılaşdıq. Lakin yaşananlar həmişə komandanın daxilində qaldı və kənara çıxarılmadı. Doğru olan da bu idi. Çünki qarşılaşdığımız problemləri heç vaxt bəhanəyə çevirmədən birlik və həmrəylik içində hədəflərimizə kökləndik. Futbolçular, məşqçilər korpusu və klub əməkdaşları bütün çətinliklərə baxmayaraq böyük mübarizə apardılar və çempionluqlara nail oldular", - deyə o bildirib.

Kerem Demirbay sözlərinin yanlış anlaşılmasından təəssüfləndiyini də qeyd edib. O, keçmiş komanda yoldaşlarının əməyini və qazanılan titulların dəyərini şübhə altına almaq niyyətində olmadığını vurğulayıb.

"Müsahibədə demək istədiyim də məhz bu idi: yaşanan çətinliklər qazanılan çempionluqların dəyərini azaltmır, əksinə, həmin uğurların arxasında nə qədər böyük zəhmət və fədakarlıq olduğunu göstərir. Sözlərimin təhrif edilməsi nəticəsində 'Qalatasaray' camiəsində yaranan narazılığın fərqindəyəm və buna görə üzgünəm. Birlikdə mübarizə apardığım insanların əməyini və qazanılan çempionluqların dəyərini heç vaxt şübhə altına almaq istəməmişəm. Əks halda, bu, öz əməyimi də sorğulamaq demək olardı".

Futbolçu açıqlamasının sonunda keçmiş klubunda birlikdə çalışdığı hər kəsə və göstərilən əməyə hörmətinin sonsuz olduğunu bildirib. O, hazırda isə yeni komandası üçün eyni ciddiyyət və əzmlə mübarizə apardığını vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.