Cəmiyyət

Səmavi dinlərdə Məhəmməd peyğəmbər

21 Noyabr 2021 23:20
1 Şərh     Baxış: 579

Müqəddəs İslam dininin elçisi Məhəmməd Peyğəmbər (s) 570-ci ildə Məkkə şəhərində Abdullah ibn Əbdülmütəllibin ailəsində anadan olmuşdur. O, İbrahim Peyğəmbərin (ə) oğlu İsmayıl Peyğəmbərin (ə) nəslindən, yəni Qüreyş qəbiləsinin Haşimilər soyundan idi. Qeyd etmək lazımdır ki, Musa (ə) və İsa (ə) kimi müqəddəslər də İbrahimin (ə) övladlarındandır, lakin onlar İsmayılın (ə) qardaşı İshaqın (ə) soyunun ardıcıllarıdır. İslam dininə etiqad edənlər (müsəlmanlar) peyğəmbərlərin qan qohumu olduqlarını, yəni eyni nəsildən gəldiklərini qeyd-şərtsiz qəbul edib, 124.000 peyğəmbərin (ə) hamısına iman gətiriblər. Hətta İslam fiqhinə görə bir peyğəmbərin peyğəmbərliyinə şübhə ilə yanaşan şəxs müsəlman yox, kafir hesab olunur. Bəs görəsən, Musanın (ə) və İsa Məsihin (ə) ardıcılları Məhəmməd Peyğəmbəri (s) qəbul edirmi?! Onların müqəddəs hesab etdikləri kitablarda (İncil və Tövratda) son peyğəmbər ilə əlaqədar nişanələr varmı?!

Bibliyadakı nişanələr

Xristianların müqəddəs kitabı Bibliya Əhdi-ətiq və Əhdi-cədid bölmələrindən ibarətdir. Əhdi-ətiq Tövrat, Zəbur və Suhufdan (vərəqlərdən), Əhdi-cədid isə İncildən ibarətdir. Düzdür, Bibliya müəyyən dövrlərdə təhrifata (dəyişikliyə) məruz qalmışdır. Hətta bu kitabın təhrif edilməsini xristianlar da etiraf edir. İncilin 4 yerə bölünməsi (Matfey, Mark, İohann və Luka) və Tövratın babları arasında ziddiyyətlərin olmasına baxmayaraq, Məhəmməd Peyğəmbərə (s.ə.s) nisbət veriləsi ayələr kifayət qədərdir.
Tövratın "Təsniyyə" kitabında (23:2) qeyd olunur ki, Nur Turi-Sina dağından gəldi, Sair dağında şəfəq saçdı və Faran dağından bizə aşkar oldu.
Bildiyimiz kimi, Musa peyğəmbərə (ə) ilk vəhy Tur dağında verilmişdir. Sair dağında da İsa peyğəmbər (ə) vəyh almışdır. Faran dağı isə Məkkə ilə təqribən bir günlük məsafədə olan dağdır ki, Məhəmməd Peyğəmbərə (ə) nəbilik orada verilmişdir. Qeyd edək ki, həmin məntəqənin indiki adı Cəbəl ən-Nur dağının Hira mağarasıdır.
(Haşiyə)
Tövratın "Təkvin" kitabında Faran dağının Məkkədə olması qənaətinə gəlmək olur. Belə ki, ayədə qeyd edilir: "Və İsmayıl Farran səhralarında yaşayarkən anası onu misirli qadınla evləndirdi". Bildiyimiz kimi tarixdə qeyd edilir ki, İsmayıl peyğəmbər (ə) Məkkə səhralarında yaşamışdır. Deməli, bu qənaətə gəlirik ki, Faran Məkkədə yerləşən bir yerin adıdır.
Yenə Tövratın "Təkvin" kitabında (17:20) qeyd edilir: "Mən səni İsmayıl ilə dinlədim və onu mübarək etdim. Onu artırıb əzəmətə çatdırdım. Ondan dünyaya 12 böyük şəxs gələcək və mən onu böyük bir ümmət üçün qərar verdim".
Burdakı 12 böyük şəxs məsələsi monoteistlərin (təktanrıçıların) dərhal diqqətini cəlb edir. Yəhudilərin fikrincə, 12 böyük şəxs Musanın (ə) 12 xəlifəsi, xristianlara görə 12 həvari, müsəlmanların nəzərində isə 12 imamdır. Ayədə İsmayılın (ə) soyundan söhbət gedir. İsa və Musa peyğəmbərlər (ə) isə İshaqın (ə) soyundan gəlmə elçilərdir. Qeyd etdiyimiz kimi, Məhəmməd Peyğəmbər (s), həmçinin, 12 imam da (Haşimilərdən olduqları üçün) İsmayıl peyğəmbərin (ə) nəslindəndir. Məsələyə tarixi və genetik aspektdən nəzər yetirdikdə 12 böyük şəxsiyyətin 12 imam olması daha məntiqə uyğundur.
Tövratın "Yeşeya kitabı"nda (21:6-9) qeyd edilir:
"Yeşeya dedi: İki süvari görürəm. Onlardan biri ulağın üstündə, digəri dəvənin üstündə oturub. Onlardan biri o birinə dedi ki, Babil yıxıldı".
Təfsirçilərin fikrincə, ulağın belindəki İsa (ə), dəvənin belindəki isə Məhəmməd (s) idi. Haşiyə çıxaraq qeyd edək ki, İmam Rza (ə) da yəhudi alimi ilə bəhsdə Tövratın həmin ayəsinin təfsirini məhz bu cür vermişdi.
Əlavə olaraq qeyd edək ki, yəhudilik inancına görə son ülul-əzm peyğəmbər Musadır. Onlar Həzrət Məhəmmədlə (s) yanaşı İsa Məsihin (ə) də peyğəmbərliyini qəbul etmirlər. Fəqət Tövratın heç bir yerində "Musa son elçidir" deyə bir kəlmə qeyd edilməyib. Yəhudiliyə görə Musa (ə) və onun sələfləri öz peyğəmbərliklərini sübut etmək üçün möcüzə göstərmişdilər. Halbuki, İsa Məsihin (ə) də möcüzələri vardır. Məsələn, ölünü diriltmək, korların gözünü açmaq, əlacsız xəstələrə şəfa vermək və s. Lakin yəhudilər nə İsanı (ə), nə də onun möcüzələrini qəbul edirlər.

İncildəki nişanələr

"Yuhənna İncili"ndə (14:30) İsanın (ə) adından deyilir:
"Daha sizlərlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir".
"Yuhənna İncili"nin başqa bir yerində (16:8) qeyd edilir:
"O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcəkdir".
Yenə "Yuhənna İncili"ndə (16:13) qeyd edilir:
"Ancaq "faraklit" gəldikdə sizi bütünlüklə həqiqətə yönəldəcəkdir. O, özündən heç nə deməyəcək, nə eşitsə onu deyəcək və gələcəkdən sizi xəbərdar edəcək".
Xristianlar iddia edirlər ki, ayələrdə qeyd edilən hökmdar və "faraklit" ya Müqəddəs Ruh ya da şeytandır. İncilin bir neçə il öncə nəşr edilən versiyasında hökmdar olan şəxs şeytan olaraq qəbul edilirdi. (Qeyd edək ki, İncilin yeni nəşrlərində şeytan məsələsi aradan qaldırılmış, onun yerinə "Müqəddəs Ruh" iddiası irəli sürülmüşdür). Halbuki, bu fikir absurddur. Əgər İsa (ə) şeytanın gələcəyindən xəbər verirsə, niyə insanlarla danışmaqdan çəkinir?! Halbuki, bir peyğəmbər insanları şeytanın təkidi ilə yanlış yoldan uzaqlaşdırmaq üçün Allah tərəfindən göndərilir. Bundan əlavə, İsa Məsih (ə) özündən sonra bir varlığın gələcəyindən xəbər verir. Halbuki, şeytan İsadan (ə) öncə xəlq olmuş, onun dövründə yaşamış, indi də fitnə törətməyə davam edən bir varlıqdır. Hətta "Lukanın İncili"ndə (4:1.13) İsa Məsihin Şeytan tərəfindən sınanması qeyd olunur. Tövratın "Salnamələr" (21:1) bölməsində şeytanın İsrailə qarşı üsyana qalxması da qeyd edilmişdir. Diqqətlə nəzər yetirək: Məsih (ə) özündən əvvəl yaranmış bir varlığın özündən sonra gələcəyinin xəbərinimi verir?!
"Yuhənna kitabı"nda (16:13) qeyd edilib ki, o, özündən heç nə deməyəcək, nə eşitsə onu deyəcək və gələcəkdən sizi xəbərdar edəcək.
Müqəddəs Ruh əgər Tanrı səviyyəsində bir varlıqdırsa, necə olur ki Allahdan söz alıb danışır?! Suallar yaranır ki, Müqəddəs Ruh nə zaman insanları doğru yola yönlətməyə gəlir?! Xristianlığa görə müsəlmanlar yanlış yoldadırlar, bəs niyə Müqəddəs Ruh ayədə qeyd olunduğu kimi müsəlmanları xəbərdar edib "düz yola" yönəltmir?! Bundan əlavə, ruh mücərrəd varlıqdır. Onun maddi duyğuları (eşitmə, görmə, danışma, dadbilmə) yoxdur. Bəs Müqəddəs Ruh insanlarla necə danışa bilər?!
Ayədə qeyd edilən xüsusiyyətlər insana aid olan xüsusiyyətlərdir, gələcəkdən xəbər vermək isə peyğəmbərə aid cəhətlərdir; Məhəmməd Peyğəmbərdə (s) hər iki xüsusiyyət var idi.
Qurani-Kərimin "Nəcm" surəsində (3-4) buyurulur:
"O, heç vaxt özündən söz demir. Dedikləri yalnız ona (Allahdan) olunan vəhydir".
Məhəmməd Peyğəmbərin (s) gələcəyi görməsi ilə əlaqədar hədis və ayələr kifayət qədərdir. Məsələn:
"Rum" surəsinin ayəsi (30:2):
"Rumlular məğlub oldular, lakin onlar tezliklə (3-9 il ərzində) qalib gələcəklər".
İstanbulun fəthi haqqında Həzrət Məhəmməd Peyğəmbərdən (s) hədis:
"İstanbul mütləq fəth olunacaqdır. Onu fəth edən sərkərdə nə gözəl sərkərdə, onu fəth edən ordu nə gözəl ordudur" (Əhməd ibn Hənbəl. Müsnəd, IV, 335).
Qeyd edəcəyimiz məsələ də şeytan iddiası ilə eyni qəbildəndir. İsa Məsih (ə) özündən sonra gələcək bir hökmdarın (faraklitin) olduğunu söyləyir. Halbuki, xristianlıq inancına görə Müqəddəs Ruh dünya yaranan gündən var idi. Dəlil olaraq Bibliyaya nəzər yetirək. Bibliyanın "Yaradılış" (Təkvin) kitabı (1.1-3): "Başlanğıcda Allah göyləri və yeri yaratdı. Dərin sular üzərində qaranlıq var idi. Allahın Müqəddəs Ruhu suların üstündə dolaşdı..."
Matfey İncili (7.15-20): "Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, lakin onlar yırtıcı qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm, yaxud qanqaldan əncir yığılarmı?! Beləliklə, peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız".
Ayədə İsa Məsih qövmünə özündən sonra gələn yalançı peyğəmbərləri haqq peyğəmbərdən ayırd etməyin yolunu göstərir. Xristianlıqda isə son peyğəmbər İsa olaraq qəbul edilir. Bəs İsa Məsih niyə İncildə ayırdetmə düsturunu öz qövmünə verir?! Ümumi nöqteyi-nəzərdən bu qənaətə gəlirik ki, nə Tövratda, nə də İncildə "son peyğəmbər" ifadəsi istifadə edilmədiyi üçün sonuncu elçilik möhürü vurulmamışdır. İbrahimi dinlərə və kitablarına nəzər yetirdikdə "son peyğəmbər" anlayışını yalnız Qurani-Kərimdə görə bilirik.
Quran-Kərim, "Əhzab" surəsi (33:40): "O, Allahın rəsuludur və son peyğəmbərdir (ondan sonra peyğəmbər gəlməyəcək)".
Əksər xristianların qəbul etmədiyi "Barnaba İncili" də mövcuddur ki, bu İncildə Məhəmməd Peyğəmbərin (s) müjdəsi açıq-aşkar qeyd edilmişdir:
"Tanrı dedi: Gözlə, Məhəmməd; çünki sənin xatirinə Cənnəti, dünyanı yaradacağam! Ey Məhəmməd, dünyanın qurtuluşu üçün tez gəl!" (Barnaba İncili, 97-ci hissə).
Tövratda ilahi nurun Faran dağında insanlara aşkar olması, İncildə hökmdarın gəlməsi xəbəri ilə peyğəmbərlik davam etdi və sonda Quranın "Əhzab" surəsinin 40-cı ayəsi peyğəmbərlik fəaliyyətinə xitam verdi.

İslamın məsələyə baxışı

İslam dini bütün səmavi peyğəmbərləri, habelə, İsa (ə) və Musanı (ə) da qəbul edir. Lakin İslam dininə görə Allah mücərrəd varlıq olduğu üçün təkdir. Fəlsəfədə mücərrəd varlıqlar haqqında qeyd edilir ki, onlar bəsitdir, bölünmür, çoxalmır, məkansızdır, ölmür və gözə görünmür. Eynilə bu xüsusiyyətlər Allaha, ruha, şeytana və sairəyə aiddir. Halbuki, İsa Məsih insan qiyafəsində Fələstində yaşamış, Məryəmin oğlu və xristianlığa görə öldürülmüş bir peyğəmbərdir.
Məsələyə İncil baxımından nəzər yetirək:
"İblis ona dedi: Əgər sən Tanrının oğlusansa, əmr et ki, daş çörək olsun. Lakin İsa dedi: İnsan yalnız çörəklə qidalanmaz" (Luka İncili, 4:1-5).
Ayədə İsanın sınağa çəkilməsi və acımasından bəhs edilir. Əgər İsa Allahdırsa, qul olan şeytan onu necə sınağa çəkə bilər?! Cümlənin sonuna nəzər yetirdikdə İsa özünü insan adlandırır.
"Mən özümdən heçnə edə bilmərəm, eşitdiyim kimi mühakimə edirəm. Çünki məqsədim öz iradəmi deyil, məni göndərənin iradəsini yerinə yetirməkdir (Yuhənna İncili, 5:30).
Sual yaranır: Əgər İsa tanrıdırsa, niyə özü istədiyini edə bilmir?! Halbuki, Allah hər şeyə qadirdir. Ayə Qurani-Kərimin "Nəcm" surəsinin 3-4-cü ayələrinin sanki ekvivalentidir. Çünki burada peyğəmbərliyə aid olan anlayışlar qeyd edilib. Bir peyğəmbər heç vaxt özündən söz danışmaz, o, Allahın sözlərini camaata çatdırar.
İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə Məhəmməd Peyğəmbərin (s) bütün bəşər və aləmlər üçün xilasedici olaraq göndərildiyi qeyd edilir:
"Biz səni aləmlərə rəhmət olaraq göndərdik" (Ənbiya, 107).
Ayədə Peyğəmbərin (s.ə.s) bütün (təxminən 18 min) aləmə, habelə, insanlara (xristianlara, yəhudilərə, dinsizlərə və s.) rəhmət olaraq göndərildiyi qeyd edilir. Həqiqətən də Peyğəmbərin (s.ə.s) sünnəsi, hədisləri, ona verilən Quran insanları zəlalətdən qurtarıb doğru yola yönəltmək üçün bir rəhmət çırağıdır.
Qurani-Kərimə görə İsa Məsih (ə) öz qövmünə Məhəmməd Peyğəmbərin (s.ə.s) müjdəsini vermişdir: "İsa dedi: Ey israil övladları, şübhəsiz, mən özümdən öncə gələni (Tövratı) təsdiq edən və məndən sonra gələcək "Əhməd" adlı elçinin müjdəsini verən Allahın peyğəmbəriyəm" (Saff, 6).
Tairxə nəzər yetirdikdə İslam meydana gələn ərəfələrdə bir çox xristian və yəhudinin İslama iman gətirdiyinin şahidi oluruq. Məsələn, tarixdə qeyd edilir ki, Həzrət Əli (ə) Siffeyn döyüşünə getməzdən öncə bir xristian əlində lövhə ilə ona yaxınlaşaraq deyir ki, bu lövhədə İsanın (ə) sadiq həvarisinin nişanəsi var; o qeyd edir ki, sonuncu peyğəmbər və ya onun canişini rastınıza çıxsa, onun dinini qəbul edin. Sonuncu peyğəmbərin adı Əhməd, canişini isə İlyadır. Qeyd edək ki, xristianlar Əli adına İlya deyə xitab edirlər. Tairxçi Təbəri qeyd edir ki, bir xristian alimi Bəhruz adlı bir əcəmə (farsa) dərs deyirdi. Bəhruz qatı dindar idi. Bir gün xristian alimi ona deyir ki, Ərəbistandan bir peyğəmbər çıxacaq, sən onun dinini qəbul et. Onun üç əlaməti var: sədəqə almaz, çiynində peyğəmbərlik möhrü vardır, hədiyyə qəbul edəndir". Təbərinin yazdığına görə, bu xristian alimi Məhəmməd Peyğəmbərin (s) peyğəmbərliyindən xəbərdar idi və öz şagirdi Bəhruzu bu xəbərlə müjdələmişdi. Sonralar Bəhruz Məhəmməd Peyğəmbərlə (s) tanış olub onun sadiq səhabəsinə çevirildi; həmin Bəhruz adlı şəxs Salmani-farsi idi.

Tanrıverdi Əliyev

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Qasas.az · 00:1500

    Bu yazını kopyalayıb öz intagram səhifəmdə paylaşsam olar?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.