Cəmiyyət

Qaz sayğaclarının ödənişsiz quraşdırılmasına dair AÇIQLAMA

19 İyul 2021 14:50
Baxış: 997

İstehlakçı məmnuniyyətinin qazanılması "Azəriqaz" İB qarşısında duran ən ümdə vəzifədir. Qaz təchizatı sahəsində kommunal xidmətlər göstərən müəssisə kimi fəaliyyətimizin əsas qiymətləndirici meyarlarından biri də abonentlərin razı qalmasıdır. Qarşıya qoyulan vəzifəyə nail olmaq üçün əlçatımlığı və operativliyi təmin etmək üçün istər təqdim olunan xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, istərsə də mümkün sui-istifadəyə şərait yaradan neqativ halların aradan qaldırılması üzrə tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılan növbəti addımdan biri də Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarında qaz sayğaclarının "Azəriqaz" İB tərəfindən heç bir ödəniş edilmədən quraşdırılmasıdır.

İB-dən Trend-ə bildirilib ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın (Qaydalar) 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. "Azəriqaz" İB qanunvericiliyin qeyd olunan tələbinin bu günədək də icrasını tam təmin edir. Ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün istifadə olunan məişət qaz qurğusu istifadəçilərinə münasibətdə "Azəriqaz" İB tərəfindən qaz sayğacları əvəzsiz olaraq təchiz edilir. Belə ki, heç bir ödəniş edilmədən istifadə olunan və istismar müddəti başa çatan qaz sayğacları yenisi ilə əvəzlənilir, qüsurla çalışan sayğaclar təmir edilir, yeni fərdi yaşayış evləri qaz sayğacları ilə təchiz olunur. Bunun üçün tikinti obyektinə (mənzil, fərdi yaşayış evi) mülkiyyət hüququ olan vətəndaşın və ya sonuncu ilə icarə müqaviləsi bağlayan şəxsin müraciəti yetərlidir. Həmin müraciət əsasında qaz sayğacının quraşdırılma yeri, markası, nömrəsi, quraşdırılma tarixi, üzərindəki plombun nömrəsi, dövlət yoxlamasından keçirilməsinin son tarixi barədə məlumatları göstərilməklə "Azəriqaz" İB vətəndaşla qazın alqı-satqı müqaviləsini (4.4 bənd) bağlayır. Başqa sözlə desək, mövcud qanunvericiliyə əsasən müvafiq xidmətlərin təqdim, o cümlədən əvəzsiz olaraq qaz sayğaclarının təchiz olunması üçün məişət qaz qurğularından istifadə edən şəxslərlə qazın alqı-satqısı müqaviləsi bağlanılmalıdır.

MTK-lara gəlincə isə onların inşa etdikləri tikinti obyektləri müvafiq dövlət komissiyası tərəfindən istismara qəbul edildikdən sonra yaşayış üçün istifadəyə verilə bilər. Qaydaların 2.2-ci bəndinə əsasən tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. O da məlumdur ki, əksər MTK-lar tərəfindən inşa edilən bir çox tikinti obyektləri məişət qaz qurğuları ilə birlikdə istismara verilmir. Bu qurğular daha sonra həmin mənzillərdə yaşayan fiziki şəxslər tərəfindən əldə edilir. Nəticə etibarı ilə MTK-lar istehlakçı deyil, sifarişçi qismində çıxış edərək öz biznes layihələri üçün inşa etdikləri tikinti obyektlərində quraşdırılmalı olan qaz sayğaclarının alınması barədə müraciət edirlər. Məlumdur ki, MTK-lar fiziki deyil, kommersiya marağı güdən və məişət qurğularının istifadəçisi olmayan hüquqi şəxslərdir. Hesab edirik ki, məhz bu səbəbdən də qanunvericilik tikinti obyektlərinin istismara qəbul edilməsi üçün digər tələblərlə yanaşı, öncə sayğaclar və detektorlarla təchiz edilməsi tələbini müəyyən edibdir.

Bir ədədi üçün komplekt dəyəri 70-90 manat təşkil edən qaz sayğaclarının əvəzini sonradan dəfələrlə baha qiymətə MTK-lar tərəfindən (bu hal da MTK-nın kommersiya marağı güdməsindən xəbər verir) vətəndaşlardan tələb edilməsi sonuncularda narazılığa səbəb olur. Yuxarıda da qeyd etdiyimiz kimi "Azəriqaz" İB bilavasitə və ya dolayısı ilə öz fəaliyyəti ilə əlaqədar olan və ictimai rezonans doğura biləcək bütün məsələləri diqqət mərkəzində saxlayır, onlara həssaslıqla yanaşır və müştəri məmnunluğunun təmin edilməsi üçün məsələnin həllinə çalışır. Bu məsələ münasibətlərimizdə müsbət əməkdaşlıq təcrübəsi formalaşmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə də müzakirə edilib. Konstruktiv yanaşma nəticəsində problemin həllinə nail olundu. Bundan sonra 01.07.2021-ci il tarixindən etibarən tikinti obyektlərinin qazlaşdırılması ilə əlaqədar müraciət edən MTK-lara veriləcək texniki şərtlərdə qaz sayğaclarının əvəzsiz olaraq quraşdırılması öhdəliyi qaz paylayıcısının üzərinə qoyulur.

Beləliklə, kommersiya marağını güdən qarşı tərəfin (MTK) məişət qaz qurğularını istifadə edən fiziki şəxs (istehlakçı) qismində çıxış etməməsinə baxmayaraq, qiymətlərlə əlaqədar mümkün sui-istifadə, vətəndaşlardan əsassız olaraq əlavə pulların tələb edilməsi hallarının qarşısının alınması, eləcə də qaz təchizatı sahəsində kommunal xidmətlər təqdim edən dövlət müəssisəsinin fəaliyyətinin daha şəffaf və səmərəli təşkil olunması, əhali tərəfindən qaz paylayıcısına olan etibarın artması məqsədilə tərəfimizdən müvafiq qərar qəbul edildi.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.