Cəmiyyət

Buğdanın bahalaşması dayandı - VİDEO

7 İyun 2021 12:34
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

May ayının sonlarında dünya bazarlarında buğdanın bir tonunun qiymətinin bir il öncəki səviyyə ilə müqayisədə 25 faiz bahalaşaraq, 280 dollara qalxması Azərbaycanda ciddi problemlər yaratmayacaq.

Milli.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə REAL TV-yə müsahibəsində bildirib ki, dünya bazarında yeni taxıl biçininin başlaması ilə qiymətlərin ucuzlaşması müşahidə olunur:

"Proqnozlara görə, dünya üzrə buğda istehsalının həcmi 789 milyon tona qədər artmış olacaq ki, bu keçən illə müqayisədə 1,5 faizdən çox artım proqnozu deməkdir. Dünyanın əsas istehsalçı ölkələrinin istehsalının həcmi ümumən 5,5 milyon ton artıb və bu, 406 milyon tona çatacaq. Bizim buğda idxal etdiyimiz - Rusiya Ukrayna və Qazaxıstanda da istehsal 147 milyon tona qədər artacaq ki, bu da ötən illə müqayisdə 7,7 faiz artıq deməkdir. Yəni bizim gözlədiyimiz növbəti mövsümdə dünyada buğda həcmləri artacaq və bu növün qiymətlərində sabitlik olacaq".

Aqrar Tədqiqatlar Mərkəzinin rəhbərinin sözlərinə görə, Azərbaycanda da buğda istehsalı bu il daha ümidvericidir:

"Ötən illə müqayisədə bu il vəziyyət daha məqbuldur. Bu il quraqlıqdan əziyyət çəkən dəmyə regionların xüsusi çəkisi nisbətən azalıb. Elə dəmyə regionlar olub ki, orada yağışlar oldu, suvarılan ərazilərdə də suvarma nisbətən məqbul olub. Amma bəzi dəmyə regionlarda quraqlığın mənfi təsirləri müşahidə edilir. Bununla belə, keçən illə müqayisədə həm bəzi dəmyə regionlarda, həm suvarma regionlarında taxıl üzrə məhsuldarlıq göstəricisinin daha məqbul səviyyədə olacağı gözlənilir".

Bununla belə, Dövlət Gömrük Komitəsinin göstəricilərindən aydın olur ki, ölkə bədbin ssenariyə də hazırlaşıb və və buna görə də 2021-ci ilin birinci rübündə idxal olunan buğdanın həcmini artırıb. Gömrük statistikasına görə, 2021-ci ilin ilk dörd ayında ölkəyə 365 min 348 ton buğda idxal edilib ki, bu, ötən ilin uyğun dövrü ilə müqayisdə 30 faiz çoxdur. Ötən ilin ilk dörd ayında ölkəyə 279 min 763 ton buğda gətirilib. Bu zaman buğdanın qiymətinin keçən ilin eyni dövrü ilə müqayisədə 217 dollardan 254 dollara qalxması da iş adamlarını çəkindirməyib. Çünki buğdanın daha da bahalaşacağı təxmin edilib və sonradan buğdanın tonunun 280 dollara qalxması proqnozun doğruluğunu göstərib.

Bununla belə, dünya bazarında baş verən bahalaşma Azərbaycan üçün uzunmüddətli perspektivdə ərzaq buğdası üzrə təminatda yerli istehsalın payının yüksəldilməsinni vacibliyini ortaya çıxarıb. 2020-ci ildə ölkə təxminən 1,4 milyon ton buğda idxal edib, yerli istehsal isə təxminən 1,9 milyon ton olub.

Firdovsi Fikrətzadə buğda istehlakında yerli istehsalının payının artırılması üzrə proqressiv addımların atıldığını bildirir. Bu addımlar həm məhsuldarlığın artırılmasını, həm də təsərrüfatların daha effektiv təşkilini əhatə edib. Ötən il Azərbaycanda bir hektardan təxminən 3,3 ton buğda yığılıb, Avropa ölkələrində isə hektardan məhsuldarlıq 5,5 ton ətrafında dəyişib. Yəni bu istiqamətdə göstəriciləri yaxşılaşdırmaq üçün xeyli imkan var:

"Azərbaycanda taxılçılığın inkişafının mexanizmlərindən biri kimi, iri taxılçılıq təsərrüfatlarının yaradılması düşünülür. Eyni zamanda bütövlükdə fermer qruplarının hər birinə, gübrədən tutmuş petsididə qədər istifadə səviyyəsi dövlət hesabına artırılır. Aqrotexniki qaydalara uyğun olarq keyfiyyətli toxum və gübrədən istifadə səviyyəsinin artırılması ümumən məhsuldarlığın artımını şərtləndirmiş olur".

Firdovsi Fikrətzadənin sözlərinə görə, hazırda Azərbaycanda yerli ərzaq buğdasından istifadə təxminən 60 faiz səviyyəsindədir və yaxın illərdə bu göstəricinin təxminən 65 faiz səviyyəsinə qədər yüksələcəyi gözlənilir. Bu məsələdə fermerlər arasında "vahid sahədə vahid əkin" konseptinin təşviqi də rol oynayacaq. Yəni fermerlərə taxılın daha geniş sahələrdə əkilməsinin daha gəlirli olması başa salınacaq. Bu həm məhsuldarlığı artıracaq, həm də sahələrə qulluq xərclərini aşağı salmaqla fermerlərin gəlirini artıracaq. Bu da buğda əkən fermerlərin sayını ildən ilə artıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.