Cəmiyyət

“Tovuz döyüşləri - Qələbəyə aparan yollar” adlı tədbir keçirildi - FOTO - VİDEO

22 Fevral 2021 17:38
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunun Balik kəndində Tovuz döyüşlərinin ilk şəhidlərindən olan əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun ad günündə "Tovuz döyüşləri - Qələbəyə aparan yollar" adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə şəhidin məzarı ziyarət olunub, Müdafiə Nazirliyinin adından önünə çələng və gül dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi yad edilib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Tovuz döyüşlərindən ətraflı söhbət açaraq deyib:

"2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirilmiş və o, itki verərək geri çəkilməyə məcbur edilmişdir.

Həmin döyüşdə ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Vüqar Sadıqov və baş əsgər Elşad Məmmədov qəhrəmancasına şəhid olmuş, beş nəfər hərbi qulluqçumuz isə yaralanmışdır. Yaralılara vaxtında ilk yardım göstərilərək döyüş meydanından təxliyyə edilsələr də, onlardan biri - gənc əsgər Xəyyam Daşdəmirov az sonra şəhid olmuşdur.

Döyüşlərin bilavasitə iştirakçısı olan polkovnik A.Qurbani nəzərə çatdırıb ki, iyulun 13-nə keçən gecə döyüşlər daha da intensivləşmiş, düşmən məkrli və hiyləgər niyyətini davam etdirmişdir. Cavab olaraq artilleriya, minaatan və tankların tətbiqi ilə gecə döyüşləri zamanı bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğusu, avtomobil texnikası və xeyli canlı qüvvəsi məhv edilmişdir.

Ertəsi gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə keçirilən Təhülkəsizlik Şurasının iclasında dövlətimizin başçısı şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyərək artıq şəhidlərimizin intiqamının alındığını və bundan sonra da alınacağını bildirmiş və demişdir: "Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun yerini göstərəciyik. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq".

Prezident İlham Əliyev bir daha qətiyyətlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

"Ermənistan hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyib, mövqelərimizi məhv etmək istəyib, mülki əhalini, kəndlərimizi atəşə tutub", - deyən Ali Baş Komandan "dəmir yumruğunu" göstərərək axırıncı dəfə Ermənistanın siyasi və hərbi rəhbərliyinə xəbərdarlıq etmişdir ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq".

Lakin yenə də düşmən öz çirkin niyyətlərindən əl çəkmədikdə görülən hərbi cəza tədbirləri nəticəsində onun atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, müxtəlif təyinatlı hərbi texnika və döyüş vasitələri, komanda məntəqəsi, tabor qərargahı, hərbi infrastukturu, müdafiənin dərinliyindəki ehtiyatlar və 20 nəfərdən çox canlı qüvvəsi məhv edilmişdir.
Diqqətə çatdırılıb ki, Tovuz döyüşlərində şəhidlər versək də, düşmən bir qarış da irəliləyə bilməmiş və arzusu gözündə qalmışdır.

Qədirbilən xalqımız Tovuz döyüşlərinin şəhidlərini: general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, baş çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov və digər igid oğullarımızı böyük izdihamın iştirakı ilə son mənzilə uğurlamışdır.

Tədbirdə bir daha vurğulanıb ki, həmin günlərdə bütün xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşmiş, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını bildirmiş, minlərlə insan Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrinə üz tutaraq könüllü döyüşlərə yollanmaq üçün qeydiyyata alınmışlar.

Həmin günlər bütün ölkə vətənpərvərlik hissi, qələbəyə inam hissi ilə yaşayırdı. Məhz Tovuz döyüşləri 27 sentyabrda "Dəmir yumruq" əməliyyatı ilə başlayacaq 44 günlük Vətən müharibəsində qələbəyə aparan yolların başlanğıcı kimi müasir hərb tariximizə düşmüşdür.

Ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov da Tovuz döyüşlərini xatırlayıb. Şəhid əsgər Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin intiqamını almaq üçün bütün xalqın ayağa qalxdığını, meydanlara axışdığını yada salıb və bundan böyük qürur duyduğunu dilə gətirib. "Mən ahıska türklərindənəm. 1989-cu ildə Özbəkistanda milli zəmində törədilən iğtişaşlardan sonra ailəmizlə birlikdə Azərbaycana pənah gətirmişik. Azərbaycan xalqı öz doğma qardaşları, əzizləri kimi bizə qucaq açıb. O gündən İsmayıllı rayonunda məskunlaşmışıq. 1992-ci ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm. Ağdam, Goranboy, Murovdağ, Gədəbəy, Beyləqan, Füzuli istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Xidmətlərim yüksək qiymətləndirilib. Ehtiyata buraxılmağıma baxmayaraq, bu gün də Azərbaycan uğrunda hər bir əmrə hazıram. Vətən müharibəsinin ilk günlərindən cəbhə bölgələrində döyüşən orduya mənəvi və maddi dəstəyimi heç vaxt əsirgəməmişəm. Bu gün də Vətənin müsəlləh əsgəri kimi hər bir əmrə hazıram.

Möhtərəm Prezidentimizin, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin şəhidlərə, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir. Bu gün Tovuz döyüşlərinin ən gənc şəhidi olan əsgər Xəyyam Daşdəmirovun ad günü münasibətilə bu tədbirin keçirilməsi şəhid ailəsinə sanki dünyanı bağışladı, onlara böyük təsəlli oldu. Həqiqətən də, qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur. Şəhid ailəsinin istəyi odur ki, övladları unudulmasın, xatirələri əziz tutulsun. Mən şəxsən Müdafiə Nazirliyinə bu tədbirə görə dərin minnətdarlığımı bildirirəm".

Kənd tam orta məktəbinin direktoru, Xəyyamın ilk müəllimlərindən olan Ağagül Səfərov sevimli şagirdini yada salaraq kövrəlib. O, deyib: "Xəyyam haqqında keçmiş zamanda danışmaq hər birimiz üçün çətindir. Ancaq onu da yaxşı bilirik ki, qələbə qurbansız olmaz. Mən özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Fəxr edirəm ki, şagirdlərim bizim görə bilmədiyimiz işləri görüblər, bizim qalxa bilmədiyimiz ən yüksək məqama ucalıblar. Xəyyamın şəhidliyindən sonra sanki kəndimizin cavanları bir az da mübarizləşiblər. Kəndimizə gedib-gələnlərin də sayı çoxalıb. Yollarımıza asfalt çəkilib, mərkəzi küçəmiz əsgər Xəyyam Daşdəmirovun adını daşıyır, xatirə lövhəsi vurulub. Bütün bunlar gənclərimizdə vətənpərvərlik hissini, hərbi peşələrə marağı daha da artırır. Vətən müharibəsinə gedən yollar Tovuz döyüşlərindən başlanıb və biz fəxr edirik ki, bu döyüşlərin ilk şəhidlərindən biri də bizim kəndin yetirməsidir.

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov şəhid əsgər X.Daşdəmirovun idman uğurlarından, dəfələrlə respublika yarışlarında medal və diplomlara layiq görüldüyündən, rayonun idman şərəfini qoruduğundan iftixarla danışıb və onu heç vaxt unutmayacaqlarını, yazda isə Xəyyamın xatirəsinə karate üzrə rayon birinciliyini təşkil edəcəklərini planlaşdırdıqlarını vurğulayıb.
Gənclər adından çıxış edən Elbəy Fətəliyev şəhidlərimizin intiqamını almaq üçün yüzlərlə ismayıllılı gəncin hərbi xidmətə, döyüşlərə böyük həvəslə yollandıqlarını, bütün cəbhələrdə düşmənə qarşı amansız mübarizə apardıqlarını və bu gün də Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını qeyd edib.

Şəhidin atası, Birinci Qarabağ müharibəsində 4 il mütəmadi olaraq Ağdam uğrunda döyüşlərdə fəal iştirak edən Məhəmməd Daşdəmirov göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını, həmçinin digər oğlu ilə birlikdə Vətən uğrunda döyüşlərə yenə də hazır olduğunu deyib.

Şəhid məzarı qarşısında keçirilən tədbirdən sonra onun boya-başa çatdığı ata ocağı ziyarət olunub, üzərində şəhidin portreti olan xalça anasına hədiyyə edilib.
Vüsalə ana şəhid oğlunun ad günündə belə bir tədbirin təşkilində zəhməti olan hər kəsə minnətdarlıq edərək "Təki Vətən sağ olsun! Oğul düşmən çəpəridir" deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.