Cəmiyyət

Yaralanmasına baxmayaraq, döyüş yoldaşlarını mühasirədən çıxarıb - VİDEO - FOTO

18 Noyabr 2020 21:45
Baxış: 2 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səkkiz saat düşmən mühasirəsində qalan cəsur zabitimiz Elçin Muradov minalanmış sahədən düzgün addımlayaraq 10-dan çox yaralı hərbçini döyüş meydanından çıxarmağı bacarıb. Mühasirədə ayağından yaralansa da, düşmən səngərini döyüşərək ələ keçirən zabitimiz işğalçı ordunun xeyli canlı qüvvəsini məhv edib. Füzulidən Xocavəndə kimi qəhrəmancasına döyüşən cəsur zabitimiz Elçin Muradov aldığı çoxsaylı qəlpə yarasından hospitala yerləşdirilib.

Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Vətən müharibəsində əldə etdiyimiz Qələbədə payı olan həmin zabitin ailəsində olub, qələbə sevincini bölüşüb.

Vətən müharibəsinin və süjetimizin qəhrəmanı olan kapitan Elçin Muradov 1987-ci ildə Lənkəran şəhərində anadan olub. Elçin 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuduqdan sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2008-ci ildə zabit kimi ordu sıralarında xidmətə başlayır. Kapitan Elçin Muradov Goranboy, Qazax, Murovda yerləşən N saylı hərbi hissələrdə nümunəvi xidmət göstərərək şəxsi heyətin böyük sevgisini qazanır. Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində təcrübəli zabit kimi yüksək döyüş qabiliyyəti ilə iştirak edir. Füzuli rayonunun Əbdülrəhmanlı kəndinin işğaldan azad olunmasında öz dəstəsi ilə xüsusi igidlik göstərir. Bu döyüşdə ayağından qəlpə yarası alan zabitimiz tibbi dəstəkdən imtina edərək yaralı əsgərlərini meydandan çıxarmağa qərar verir. Qəhrəman anası Ağabəyim Sadıqova deyir ki, bu döyüşdən sonra oğlum evə zəng edib bizimlə halallaşdı: "Oğlum mənə zəng vurdu, dedi ki, ana mən şəhid olacağam, bu geyimim şəhid paltarıdır. Bütün şəhidlər kimi, mən də bir ananın övladıyam. Ola bilsin əsir düşüm, ola bilsin şəhid olum. Darıxmazsan, başını dik tutarsan. Çox narahat olurdum. Demək olar ki, yatmırdım. Gecə-gündüz "Qurani-Kərim" əlimdə Allaha yalvarırdım ki, dövlətimiz qalib gəlsin. Demirdim oğlum qalib gəlsin, deyirdim dövlətim qalib gəlsin".

Elçin Muradov öz əsgərləri ilə döyüş meydanında qəhrəmancasına vuruşaraq bir neçə adsız yüksəkliyin azad olunmasında fəal iştirak edir. Füzuli istiqamətində döyüşçü yoldaşları ilə 8 saat düşmən mühasirəsində qalan təcrübəli zabit yaralıları minaya düşmədən ərazidən təxliyə edə bilir. Xeyli qəlpə yarası alan Elçin Muradov həmin döyüşdən sonra təcili hospitala yerləşdirilir. Qazimizin anası deyir ki, şanlı Ordumuzun gücü ilə bərabər, dövlətimizin başçısının polad iradəsi bizə Qələbə qazandırdı. "Müzəffər Ali Baş Komandanımızın çıxışları, onun siyasi mövzularda hər bir ölkənin jurnalistinə verdiyi qəti cavablar bizi ruhlandırırdı. Dövlətimizin başçısı elə gözəl cavablar verirdi ki, mən bilirdim, torpaqlarımızı işğaldan tam azad edəcəyik, bunu qətiyyətli çıxışlarından bilirdim. Şuşanın azad olunduğunu deyəndə qürur hissi keçirdim. Nəhayət Şuşam azad edildi. İki oğlum hərbçidir. Yenə övladım olsa, yenə də hərbiyə göndərərdim".

Elçinin uşaq vaxtlarından mərdliyi, hərbiyə sonsuz marağı onların qonşularının da diqqətindən yayınmayıb. Vətən müharibəsində əldə olunan Qələbədə Elçin kimi igidlərin payının olması onları çox qürurlandırır.

Qazi Elçin Muradovun qonşusu Məzahir Hacıyev: "Qələbə münasibətilə sizləri, bütün Azərbaycan xalqını, başda Müzəffər Ali Baş Komandanımızı ürəkdən təbrik edirik. İlk növbədə, şəhidlərimizin ruhları qarşısında baş əyirəm, valideynlərinin əllərindən öpürəm, onlara başsağlığı verirəm. Elçin kimi igid, vətənpərvər övlad yetişdirən analar da var olsun! Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçən oğlanlardır. Onlardan biri də hazırda yaralı olan Elçindir. Onun qəhrəmanlığından çox danışılacaq. Düşmən qüvvələrinə ağır zərbələr endirən eloğlumuza minnətdarıq. Allah bütün yaralılarımıza şəfa versin, başları uca olsun, Vətənin başını uca etdilər".

Ailənin digər övladı Elvin isə Naxçıvanda yerləşən N saylı hərbi hissələrin birində xidmət edir. İki qəhrəman hərbçi anası olan Ağabəyim Sadıqova sonda bildirdi ki, 44 gün davam edən Vətən müharibəsinin hər gün gətirdiyi sevincli xəbər, qazanılan zəfərlər Azərbaycan tarixinin unudulmaz, şərəfli günləri kimi yaddaşımıza əbədi həkk olundu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.