Cəmiyyət

Ermənistan 12 iyulda informasiya təxribatı üçün köhnə taktikadan yararlandı və uduzdu

13 İyul 2020 16:13
Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana qarşı aparılan işğal siyasəti və onun tərkib hissəsi olan informasiya savaşında ermənilərin hansı taktikalardan istifadə etmələri barədə təsəvvürlər artıq formalaşıb. Hədəf auditoriyaları çaşdırmaq baxımından onlar müxtəlif metodlardan istifadə edirlər. Yəni, dünya ictimaiyyətini, Ermənistanın daxili auditoriyasını və Azərbaycan əhalisini çaşdırmaq üçün hər birinin spesifikasına uyğun olaraq, fərqli istiqamətlərdə informasiyalar hazırlayırlar. Hətta belə hallara da rast gəlirik ki, bəzən məqalələrin başlıqları rus, ingilis, erməni və azərbaycan dillərində eyni məzmunda olsalar da, məqalələrin daxilində mətnlər dəyişdirilir, müxtəlif auditoriyalara uyğun müxtəlif tezislərdən istifadə olunur. Yaydıqları informasiyalarda yalanı elə peşəkarlıqla verirlər ki, onu həqiqətdən fərqləndirmək çətin olur. Ən ciddi məqamlardan bri isə erməni təxribatçıların azərbaycandilli seqmentlərdə yaydıqları informasiyalardır. İnternet texnologiyalarının imkanlarından istifadə edərək, onlar yalan informasiyalarını azərbaycanlı ad və soyadları ilə açılmış sosial şəbəkə hesablarından, internet informasiya resurslarından tirajlayırlar. Azərbaycanlı istifadəçilər də bunun fərqinə varmadan həmin informasiyaların üzünü köçürüb paylaşırlar. Beləliklə, təxribat baş tutur və yalan informasiyalar, erməni siyasətinə xidmət edən mətnlər tirajlanırlar.

Mətbuat Şurasınının monitorinqləri nəticəsində bu yöndə faktları təsdiqləyən kifayət qədər materiallar toplanıb. 2016-cı ildə, aprel döyüşləri zamanı  bu kimi hallar ictimailəşdirildi, konkret ünvanlar gösərildi. Həmin vaxt şikayət doğuran, uyğunsuz materialları internet resurslardan qaldırmaq istəyirdik. Azərbaycan dilində fəaliyyət göstərən, rekvizitlərində ünvan olaraq Azərbayandakı konkret məkanları göstərən saytlarla əlaqə saxlamağa çalışırdıq. Bəlli olurdu ki, həmin ünvanlar da, əlaqə vasitələri də, hətta internet resursun qurucusu barədə verilən məlumatlar da saxtadır. Onlar Azərbaycandan kənarda qurulub idarə olunurlar. Amma təxribatlar rekvizitlərdəki saxtalıqla yekunlaşmır. Əsas problem məzmunla bağlıdır. Diversantlar yaydıqları informasiyalarda Azərbaycan ordusunu yalnız məğlub libasda göstərmirlər. Onlar auditoriyanı aldatmaq üçün təzadlı, bəzən zahirən bizim xeyrimizə olan infiormasiyalar da  yayırlar. Məsələn, bir tərəfdən Ermənistanın hakim dairələrinə istinadla guya Azərbaycan hərbi bölmələrinin mövqeyinin ələ keçirilməsi, yeni yüksəkliklərin nəzarət altına alınması barədə iddialarla çıxış edirlər. Digər tərəfdən isə, bunun tam əksini- Azərbaycan Ordusunun  hansısa məntəqəni tutması, uğur qazanması barədə paylaşımlar edirlər. Hansı ki, azərbaycandilli seqmentdə yaydıqları bu informasiyalarla özlərinin hansısa diplomatik niyyətlərini tamamlamış olurlar.

Belə hallar barədə faktlar kifayət qədərdir. Sadə vətəndaşın bunlardan baş açması, fərqinə varması çətindir. Bunu nəzərə alaraq, Mətbuat Şurası media təmsilçilərinə və ölkə ictimaiyyətinə müraciət edib.  Jurnalistlərə tövsiyyə edib ki, soyuqqanlılıq nümayiş etdirsinlər, əldə etdikləri faktları rəsmi qurumlarla dəqiqləşdirdikdən sonar yaysınlar.

İnsanlar bu cür təxribatların toruna düşməmək üçün belə həssas məqamlarda rəsmi dövlət qurumlarının məlumatlarını izləməli, informasiya almaq üçün Azərbaycanda ənənəsi olan KİV-lərə istinad etməlidirlər.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atdılar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərini  ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirildi. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat oldu, Ermənistanın təxribatna qətiyyətli cavab verildi. Yayılmış videolardan da göründüyü kimi, Ermənistan hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirilib, düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Ermənistan rəsmi dairələri gizlətməyə çalışsalar da, Azərbaycan İKT mütəxəssisləri Ermənistanın daxili mənbələrindən bəzi məlumatları əldə ediblər. Bu məlumatlarda Ermənistanın təkcə canlı qüvvə baxımından 66 nəfər itki verdiyi bilinir.

Təbiidir, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini əks hücuma keçməyə sövq edir. Onlar Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsinin acısını yaşayır, öc almağa çalışırlar. Bu ruhda yaşadıqca, təxribatları da çox olacaq. Ehtiyatlı olmalı, təmkinlə davranmalı, peşəkar addımlar atmalıyıq ki, düşmən qalib gəlməsin. Bu baxımdan 12 iyul hadisələri fonunda diqqət çəkən məqamlardan biri də budur ki, Azərbaycan təkcə canlı döyüş meydanında deyil, həm də informasiya savaşında qalib gəldi. Müvafiq dövlət qurumlarının, diplomatik korpusların çevik fəaliyyəti beynəlxalq ictimai rəyin çaşdırılmasının qarşısını aldı. Həmçinin, daxili ictimai rəy sabit tutuldu, təxribatların qarşısı dərhal alındı. Bu, bir tərəfdən Azərbaycanın dövlət və hakimiyyət strukturlarının, media cameəsinin, vətəndaş cəmiyyəti institutlarının peşəkar davranışının göstəricisidirsə, digər tərəfdən də, ermənilərin zəifləməsinin, informasiya təxribatı üçün köhnə takitikalardan yararlanmağa cəhd göstərmələrinin nəticəsidir.

Müşfiq Ələsgərli
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.