Cəmiyyət

Damcılardan su üzərində təsvirlərə çevrilən sənət - ebru - VİDEO - FOTO

10 Fevral 2019 23:34
0 Şərh     Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su üzərində rəsm çəkmə sənəti olan ebru incəsənətin maraqlı növlərindəndir. Ebru sənətinin ilk dəfə nə vaxt və harada yarandığı məlum deyil. Bəzi tarixi mənbələrdə bu sənətin vətəni olaraq Hindistan, İran, digər mənbələrdə isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığı göstərilir. Tədqiqatçılar ebru sənətinin Azərbaycana XVI əsrdə gətirildiyini bildirirlər. Müasir dövrümüzdə ebru sənətinin vətəni kimi Türkiyə qəbul olunub. Ebru bu ölkədə daha geniş yayılıb və inkişaf edib.

Son illər Azərbaycanda da ebru sənətinə maraq göstərənlərin sayı xeyli artıb. Hazırda Bakı şəhərində, eləcə də respublikamızın müxtəlif bölgələrində yeniyetmə və gənclərə, həmçinin incəsənət həvəskarlarına ebru sənətinin incəliklərini öyrətmək üçün xüsusi kurslar, dərnəklər təşkil olunur. Belə kurslardan biri də Şəkidə fəaliyyət göstərən "Kreativ düşüncə" Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin nəzdindəki "Məram" Gənclik İnkişaf Mərkəzində yaradılıb. Mərkəzdə ebru sənəti ilə yanaşı, yeniyetmə və gənclərin maraq dairələrinə uyğun digər kurslar da fəaliyyət göstərir.

Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri "Məram" Gənclik İnkişaf Mərkəzində olub, ebru sənəti üzrə kursun fəaliyyəti ilə maraqlanıb.

Kursun müəllimi Nigar Saadovanın sözlərinə görə, mərkəzdə ebru dərsləri 2015-ci ildən tədris olunur. Nigar özü ebru sənətinin sirlərini ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucovdan öyrənib. O, daha sonra Türkiyənin Konya şəhərində Məram bələdiyyəsinin ebru sənəti üzrə təşkil etdiyi təlimlərdə iştirak edib, tanınmış sənətkarlardan ustad dərsləri alıb.

Nigar Saadova bildirib ki, ebru sənəti özünəməxsusluğu ilə təsviri sənətin digər növlərindən fərqlənir. Ebruda yalnız təbii materiallardan istifadə edilir. Boyalar, əsasən torpaqdan hazırlanır. Sonra bu boyalar mərmər üzərində əzilir, tərkibinə öküz ödü qatılır. Ebruda bütün əməliyyatlar qatılaşdırılmış su üzərində aparılır. Su gəvən ağacı adlanan təbii tikan otundan alınmış xüsusi məhlulun köməyi ilə qatılaşdırılır. Ebruda istifadə olunan fırçalar at tükündən hazırlanır və adi fırçalardan fərqlənir. Boyanın süzülüb axmaması üçün belə fırçalar həddindən artıq cod olur. Ebru təsviri əldə etmək üçün əvvəlcə fırça vasitəsilə qatılaşdırılmış suyun üzərinə kiçik damcılar tökülür. Sonra suyun üzərindəki damcılar xüsusi alətlərin köməyi ilə müxtəlif naxışlara, təsvirlərə çevrilir.

Müsahibimizin sözlərinə görə, ebru sənəti ilə məşğul olan insanda ruh yüksəkliyi olmalıdır. Boya damcılarını təknədəki suyun üzərinə tökərkən adama elə gəlir ki, sanki göydən yağış damlaları tökülür, insan ruhən dincəlir.

Nigar Saadova bildirib ki, fəaliyyətə başladığı gündən indiyədək "Məram" Gənclik İnkişaf Mərkəzinin ebru kurslarında beş yüzdən çox yeniyetmə və gənc bu sənətin ilkin vərdişlərinə yiyələnib. Onların arasında digər sənət sahiblərinə də rast gəlmək olar. Ebru sənətinin bütün növlərini öyrənmək istəyənlər üçün kurslar 6 ayadək davam edir. Şəki məktəblilərindən Nicat İsmayılov, Səadət Məmmədova, həmçinin Sevinc müəllimə artıq 3-4 ildir ki, böyük həvəslə ebru dərslərində iştirak edirlər. Onların əl işləri Şəkidə gənclərlə bağlı keçirilən tədbirlərdə, sərgilərdə, həmçinin Rəsm Qalereyasında nümayiş etdirilir.

Məktəblilərin yay tətili günlərində ebru kurslarında iştirak etmək arzusunda olanların sayı xeyli artır. Hətta qonşu rayonlardan da müraciətlər olur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Damcılardan su üzərindəki təsvirlərə çevrilən sənət - ebru

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.