Cəmiyyət

Biznes üçün maliyyədən öncə lazım olanlar - Araşdırma

21 Yanvar 2019 23:43
0 Şərh     Baxış: 2 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər deyir ki, iş qurmaq üçün investisiyadan əvvəl bir çox nüanslar nəzərə alınmalıdır 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Səbrli olun. Yaxın 2 il ərzində heç bir istirahət və tətil olmadan işləməyə hazırlaşın. 3 il ərzində bütün pullarınızı dəyərli əşyaların satın alınmasına deyil, işinizin inkişafına sərf edin. Əməkdaşlarınızı müstəqil şəkildə seçin. Bu seçimə özünüz qərar verin. Səhərdən axşama qədər çalışın. Unutmayın ki, məğlubiyyət sizi zamanla zəif birinə, uğur isə güclü şəxsiyyətə çevirə bilər. Heç vaxt məqsədinizə nail olmaq üçün əlinizdən gələni əsirgəməyin".

Mövzumuzla bağlı internetdə araşdırma edərkən biznesə başlamaq istəyən şəxslər üçün yazılmış bu məsləhətlər qarşımıza çıxdı. Bu gün əksəriyyət insan düşünür ki, biznesə başlamaq və onu uğurlu etmək üçün lazım olan əsas vasitə investisiyadır. Doğrudur, investisiya bu işdə önəmlidir, amma ondan da vacib olan amillər var. Bu yazıda həmin amilləri, biznesə başlayarkən önəm verilməli nüansları öyrənməyə çalışdıq.

Araşdırma, strategiya, taktika, hərəkət, dəyərləndirmə, qiymətləndirmə

"Comunical" şirkətinin rəhbəri, marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı bildirir ki, istənilən biznesin qurulmasında bir neçə mərhələ mövcuddur: "Burada ən vacib məqam nə etmək və ya nə qurmaq istədiyimizdir. Bu fikirlər beynimizdə dəqiq formalaşmalıdır. Hər şeydən öncə hər bir biznes quran şəxs müəyyən psixoloji, sosioloji, menecment, maliyyə biliklərini də mənimsəməlidir. Biz biznes qurub, iş sahibi olanlara sahibkar deyirik. Lakin xarici ədəbiyyata diqqət etsək, bu fikir fərqli formada tərcümə olunur. Məsələn, Türkiyədə bu ifadə "girişimci", ingilis dilində isə "entrepreneur" kimi qeyd olunur. Sözün mənası eyni olsa da, kökündə fərq mövcuddur. Xaricdə bu ifadə nəyəsə cəhd etmək, çalışmaq və qurmaq, əldə etmək kimi bir yol xəritəsi ifadə edirsə, bizdə bu, sahib olmaq kimi fikir formalaşdırır. Qeyd edilə bilər ki, hər ikisi sonda eyni mənanı verir. Amma ilk ifadədə komanda, əzm, iradə lazımdırsa, ikincidə bu olmaya da bilər. Məhz bu baxımdan da "boss" və "lider" ifadələri meydana gəlib. Biz, yaşımızdan asılı olmayaraq, öncə bu fikirləri özümüzdə dəqiq formalaşdırmalıyıq. Daha sonra biznesin qurulmasında zəruri olan addımlar atılmalıdır. Yəni, araşdırma, strategiya, taktika, hərəkət, dəyərləndirmə və ya qiymətləndirmə edilməlidir. Burada bu günün tələbatına uyğun deyil, gələcəyin nələr vəd etdiyinə və insanların istəklərinin nə cür formalaşacağına və ya "istəkləri nə cür formalaşdıra bilərik" kimi sualların cavabını tapmalıyıq. Bütün bunlardan sonra hər bir şirkət üçün vacib olan marketinq, marketinq kommunikasiyaları - PR, reklam, sosial media ilə iş strukturları və üslubları təyin edilməli və fəaliyyətə başlanmalıdır".

Sağlam araşdırma həmin biznesin sağlam gələcəyi deməkdir

Mütəxəssis qeyd edir ki, biznes özü canlı bir varlıqdır. Hər canlının mütəmadi olaraq müayinəyə ehtiyacı olduğu kimi, biznesin də müntəzəm olaraq marketinq, bazar araşdırmasına ehtiyacı var: "Hər bir sağlam araşdırma həmin biznesin sağlam gələcəyi deməkdir. Aparılmış marketinq araşdırmaları şirkətin imicinin formalaşdırılmasında marketinq, PR fəaliyyəti üçün əsas və lazım olan informativ bazanı təmin edir. Bundan sonra qurulması vacib olan fəaliyyət planı mütləq formada "5W" prinsiplərinə əsaslanmalı və icra edilməlidir. Bu informativ bazadan bütün idarəetmə sistemi yararlana bilər. PR da bu bazadan yararlanan bir fəaliyyət növüdür. PR-ın olması müasir şirkət üçün lazım olan ən vacib strukturdur. Çünki insanlar şirkətin istehlakçısına verdiyi dəyər əsasında qərar verməyə başlayıblar. Bu isə birbaşa PR-la mümkün olacaq bir amildir".

Sosial media vasitələrində şirkətin tanıdılması

T.Abbaslı biznes quranlara düzgün planlama və hərəkətlə sabahı deyil, gələcəyi düşünmələrini təklif edir: "Digər bir məsələ isə rəqəmsal platformadır. Bu platformanın ən məşhur aləti olan sosial media bölümü bu işdə əsas rol oynayır. SMM böyük kütləni özündə birləşdirən sosial media vasitələrində şirkətin tanıdılması, onun xidmətlərinin aidiyyatı auditoriyaya birbaşa çatdırılması üçün əvəzedilməz vasitələrdəndir. Lakin bu zaman idarəetmə planlı və bayaq qeyd etdiyimiz xüsusi informativ bazaların nəticələrinə əsaslanaraq aparıldıqda, daha gözəl və cəlbedici bir səhifə əldə etmiş olarıq. Qeyd edim ki, biz şirkət olaraq xidmət göstərdiyimiz bütün müştərilərimizə ən azı konsultativ marketinq araşdırması apardıqdan sonra digər xidmətlərimizi təqdim edirik. Çünki komanda olaraq düzgün biznes həlləri, yanaşmaları təqdim etmək bizim əsas missiyamızdan biridir. Hər zaman müştərilərimizə bildirdiyimiz bir cümlə var: "Sabahı deyil, gələcəyi düşün!" Mən də bütün biznes qurmaq istəyən şəxslərə, ilk olaraq "girişimci" olmağı tövsiyə edir, düzgün planlama və hərəkətlə sabahı deyil, gələcəyi düşünmələrini təklif edirəm".

Markalaşma xidmət və məhsulun keyfiyyəti ilə bağlıdır

"Markaman" brendinq şirkətinin rəhbəri Rəşad Baxışov qeyd edir ki, işə başlayarkən fokuslanma olmalıdır: "Birinci növbədə konsepti düzgün qurmaq lazımdır. Məsələn, hansısa məhsul və ya xidməti cəmiyyətə təqdim etməmişdən öncə onun məkanı, görünüşü, hansı təbəqəyə təqdim ediləcəyi hesablanmalıdır. Çox zaman kortəbii şəkildə işə başlayırlar, sonra da istədiklərinə nail ola bilmədikləri üçün deyinirlər. Səbəb isə məhsulun təqdim edildiyi hədəf kütlə ilə konseptin uyğun gəlməməyidir. Yəni, ya məhsul baha olduğu üçün insanların onu almağa gücü çatmır, ya da əksinə, yuxarı təbəqədən olan insanlara ucuz məhsul təqdim edilir".

"Markalaşma xidmət və məhsulun keyfiyyəti ilə bağlıdır" deyən Rəşad bəy işin effektiv olmasında tövsiyənin də böyük rol oynadığını qeyd edir: "Bir məhsulu çox yaxşı qablaşdıra, onu çox yüksək səviyyədə müştəriyə təqdim edə bilərsiniz. Amma həmin məhsul keyfiyyətli olmasa, çətin ki, alıcı 2-ci dəfə pul verib onu alsın. Bir müştərinin sizin işiniz haqqındakı rəyi başqasını qazanmağınıza və ya itirməyinizə səbəb ola bilər. Yəni, ilk alıcı sizdən razı qalsa, öz ətrafındakı insanlara sizi məsləhət görəcək, qalmasa, özü növbəti dəfə sizə müraciət etməyəcək, edənləri də bu yoldan döndərməyə çalışacaq. Ona görə bu mövzuda tövsiyə böyük rol oynayır. Ümumi olaraq deyə bilərik ki, markalaşma diqqət, keyfiyyət və xidmətdir. Bu baxımdan işi çox dolaşığa salmadan, ən başlıcası "mən kiməm, nə satacam, nəyə və kimə xidmət göstərəcəm" tipli suallara cavab tapmaq lazımdır".

Adın enerjisi olmalıdır

Müsahibim ad seçiminin də önəmliliyindən danışdı: "Ad seçimi bir neçə tərəfdən hesablanmalıdır. Adın unikal olmasına xüsusi önəm verməliyik. Seçim edərkən yalnız bu günü deyil, gələcəyi də düşünmək lazımdır. Yaxşı olar ki, ad görüləcək işlə əlaqədar olsun. Yəni, şirkətin adını deyərkən onun nə iş gördüyü haqda izaha ehtiyac duyulmasın. Digər tərəfdən, qoyulan adın enerjisi olmalıdır. Bu, qaçılmaz faktdır ki, adlar insana müsbət və mənfi enerji ötürə bilir. Ona görə də ad seçərkən "bu ad məni nə qədər qabağa aparacaq, məndən əlavə enerji alacaq, yoxsa enerji verəcək?" kimi sualların cavabını müəyyənləşdirmək lazımdır".

Sektor həm maddi, həm də strateji tərəfdən öyrənilməlidir

Bir az da qurulan biznesi uğurlu etməyin sirlərindən danışaq. "Ballı" bal brendinin yaradıcısı Rəşad Rəşidov qeyd edir ki, ilk növbədə təcrübə olmalıdır: "Daha sonra ətrafda sağlam, həqiqətən bu biznesi irəli çəkəcək insanlar və doğru strategiya seçilməlidir. Sektor həm maddi, həm də strateji tərəfdən öyrənilməli, rəqiblər kifayət qədər araşdırılmalıdır. Rəqəmlər dəqiq hesablanmalıdır. Ən əsası, başlanğıc investisiya olmalıdır. Başladıqdan sonra imkanlar açılır. Əgər iş uğurludursa, hər kəs - həm fərdlər, həm dövlət orqanları lazım olan dəstəyi göstərəcəklər. Bu gün startaplara dəstək olmaq üçün daha öncəki illərə nisbətdə kifayət qədər müsbət məqamlar var. Gənclər bunlardan maliyyə baxımından faydalana bilərlər".

İnvestisiya və təcrübə

Biznes qurarkən təcrübənin önəmindən danışan həmsöhbətim nəzəri biliklərə təcrübə, investisiya əlavə etdikdən sonra ortaya fərqli biznes çıxarmağın mümkün olduğunu deyir: "Hazırda gənclərin bir istəyi var. O da özlərinə kifayət qədər yaxşı gələcək qurmaq. Satışa yaxın sahələrdə çalışan gənclərin çoxundan soruşsan, gələcəkdə özlərini sahibkar kimi görürlər. Amma uğurlu nəticə almaq üçün öncə sağlam şirkətlərdə çalışmalı, təcrübə toplamalıdırlar. Universiteti bitirdikdən sonra doğru kollektivi seçib orda təcrübə toplamağa ehtiyac var. Bir müddətdən sonra təcrübə insanda yeni bir işə başlamaq üçün özünəinam yaradır. Yəni, həmin gənc yeni biznesə başlamaq üçün hazır olduğunu düşünür. Əlbəttə, zamanla müəyyən çətinliklər olacaq, amma təcrübə və özünəinamın olması onları dəf etməyə kömək edəcək. İnvestisiya isə biznesin qurulduğu sahədən, qurmaq istədiyiniz işin həcmindən, məkanından asılıdır. Kifayət qədər dostlarımız var ki, simvolik investisiya ilə bu işləri başlayıblar".

Təhsil və təhsildənkənar fərdi və təcrübi keyfiyyətlər

R.Rəşidov bütün bizneslərin başlanğıcında həm psixoloji, həm də maddi və texniki çətinliklərin qaçılmaz olduğunu bildirir: "Amma bunun gözəlliyi də ondadır ki, bütün çətinlikləri dəf edərək irəliləyirsiniz. Bütün xidmət sahələrində uğurlu olan insanlar bu çətinlikləri keçirlər. Əsas olan bu çətinlikləri dəf etmək üçün yaxşı hazırlığa, komandaya və məhsula sahib olmaqdır. Çətinliklərdən heç vaxt qorxmayın. Çətinliklər olmasa, şirkət böyüməz, inkişaf etməz".
 
Müsahibimiz biznesdə təhsilin rolu məsələsinə də toxundu: "Əlbəttə, burada təhsil də önəmlidir. Amma təhsillə bərabər bir çox fərdi keyfiyyətlər də olmalıdır. İşin 50 faizi təhsilin, qalan 50 faizi isə şəxsi keyfiyyətlərin üzərinə düşür. Təhsil ona görə önəmlidir ki, insan rəqəmlərlə işləyir və doğru analizlər etməlidir. Kompleks halda saysaq, təhsil və təhsildənkənar şəxsi fərdi və təcrübi keyfiyyətlər mütləq olmalıdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.