Homoseksuallıq barədə danışmaq burada adət deyil, homoseksual əlaqələr isə rüsvayçılıq sayılır - buna baxmayaraq, Azərbaycanda bəzi gey və lesbiyanlar biri-birilə evlənirlər. Onların valideynləri, adətən, buna şad olurlar: onların fikrincə, toy, qohumların artıq suallarından onları qurtara bilər, uşaqlarını "sağaldar" və nəvə gətirər. Lakin möcüzə baş vermir.
Milli.Az bildirir ki, BBC belə saxta nikahlara girən insanların hekayələrini danışır.
"Sən bu evdən ya gəlinlikdə, ya da ki, mən səni öldürəndən sonra, kəfəndə çıxacaqsan", - evdən qaçan Gülnura atası, qızı evə qaytarılandan sonra deyib.
Gülnür bundan əvvəl evdən bir neçə dəfə qaçıb, lakin hər dəfə anası onu tapıb.
O bilirdi ki, evə qayıdanda atası onu növbəti dəfə döyəcək, lakin anasının göz yaşlarına dözə bilməyib qayıdırdı.
"Mən oradan çıxıb getmək istəyirdim. Təkcə ona görə yox ki, homoseksual qadınam, həm də ona görə ki, 18 yaşı çoxdan ötmüşəm, çııxb getmək mənim hüququm idi", - Gülnur xatırlayır.
Lakin günlərin bir günü, növbəti dəfə atası onu kötəkləyəndən və öldürəcəyilə hədələdikdən sonra Gülnur anlayır ki, bu müsibətdən xilas olmağın yeganə yolu ərə getməkdədir.
"Onun yaşı artıq 30-u ötüb"
Bu il Azərbaycan Avropanın 49 ölkəsi arasında lesbiyanlar, geylər, biseksuallar və transgenderlərin hüquqlarının təmin edilməsi səviyyəsinə görə yenidən reytinq cədvəlinin sonuncu yerini tutub.
Siyahını tutan ILGA-Europe təşkilatı (Beynəlxalq lesbian, gey, biseksual, transgender və interseksuallar assosiasiyası) digər problemlər arasında sığınacaqların olmamasını, nifrət dilini, ailə dəstəyi çatışmazlığını və diskriminasiyanı qeyd edir.
2000-ci ildən bəri Azərbaycanda homoseksual əlaqələr cinayət sayılmır, lakin LGBT icmasının hüquqlarını qoruyan qanunlar ölkədə yoxdur.
Bəzi gey və lesbianlar çıxış yolunu saxta nikahlarda görürlər. Partnyorlar sosial medianın qapalı qrupları, LGBT-çilərlə həmrəy olan tanışlar vasitəsilə axtarılır.
Gülnarə Mehdiyeva adlı fəalın sözlərinə görə, kömək almaq üçün ona azı 10 adam müraciət edib.
"Bir qadın hətta pul da təklif edirdi. O deyirdi ki, özü özünə ər tapmasa, valideynləri onu zorla kiməsə ərə verəcəklər, yaşı isə artıq 30-u keçmişdi", - Gülnarə deyir.
Azərbaycanın ənənəvi ailələrində övlada həyat yoldaşı tapmaqda valideynlər böyük rol oynayır.
"Gender və inkişaf" təşkilatının başçısı Kamran Rzayev deyir ki, lesbianlarla geylər arasında "sövdələşmə nikahların" olmasının səbəbi gənclərin valideynlərindən asılı olması, valideynlərin isə qohum-qonşunun rəyindən asılı olmalarındadır.
Lakin bəzən valideynlər də yolagetməz ola bilər: "kişiyəbənzər" qızla oğlunu və ya "qızabənzər" oğlanla qızını evləndirməyə razılıq verməyə bilərlər.
"İstəyirsən - boşan, amma evə buraxmayacağıq"
Atasının hədələrindən bir neçə gün sonra Gülnur gey dostu ilə ona ərə gedəcəyi barədə razılığa gəlib.
"Mən ona əhvalatımı danışdım və dedim ki, istəyirsən, toydan yığılacaq bütün pulu sən götür, - o deyir. - Lakin o, bir dost kimi dedi ki, buna ehtiyac yoxdur".
"Biz bunu ailələrimizə sakitcə çatdırdıq və onlar sentyabrda öz aralarında görüşdülər", - Gülnur danışır.
Hər iki tərəfdən valideynlər elə sevinirdilər ki, bizi tez nişanladılar, yanvarda isə toyumuz oldu.
"Məcbur olub gəlinlik paltarını geyindim", - o xatırlayır.
Gülnur deyir ki, mənasız saydığı ənənəvi mərasimləri mümkün qədər ixtisar etməyə çalıışıb, əllərinə xına çəkməkdən imtina edib. Amma qalan işlər ənənəvi Azərbaycan toyuna uyğun görülüb.
"Toyda çox əsəb və gərginlik hissi keçirirdim, stressdən azad olmaq üçün ikimizdə durmadan içki içirdik, - o deyir, - Və toydan sonra ikimizdə ayaqüstə dura bilmirdik".
İlk toy gecəsi onlar, sadəcə, yıxılıb yatıblar.
Problemlər sonra başladı.
"O, özünü dost kimi aparmadı: toydan sonra həmişə mənim yanımda idi, bəzən rəfiqəmi [evə] buraxmırdı, dostlarımı söyürdü, - Gülnur deyir. - Bir dəfə biz kluba getmək istədik, o isə qapını açarla bağlayıb məni buraxmaq istəmirdi".
Toydan bir qədər əvvəl əri öz oğlan partnyorundan ayrıldığından onda, Gülnurun dediyinə görə, psixoloji problemlər yarandı. Gülnura və onun dostlarına əriylə dil tapmaq çətin idi.
Gülnur düşünür ki, əri gey olduğunu ola bilsin ki, qəbul edə bilmirdi; o, bir neçə dəfə onunla sekslə məşğul olmağa çalışıb və ağlayıb.
"O, məni ilk dəfə itələyəndə, mən sanki öz ailəmə qayıtdım, - Gülnur deyir, - Bu arada isə ailəm məndən hamilə olub-olmadığımı soruşurdu".
Birgə həyat 20 gün çəkdi.
"Mən ailəmə [döyüldüyümü] danışmaq qərarına gəldim. Onların cavabı bu oldu ki, "istəyirsən - boşan, amma geri evə buraxmayacağıq". Əslində bu, mənim üçün yüngüllük idi", - Gülnur deyir.
Yenidən orda-burda
Gülnur özünə iş tapıb, rəfiqəsinin evində kirayə qalıb və ərindən boşanmağa çaılışıb, lakin əri razılıq verməyib.
"Vəkil 600 manat istədi, mənim isə pulum yox idi, boşanma qaydalarından xəbərim yox idi və internetdə də ətraflı məlumat tapa bilmədim. Odur ki, indiyə qədər kağızda ərdəyəm".
Gülnur artıq yarım ildir ki, Türkiyədə yaşayır.
"Türkiyədə homoseksualların vəziyyəti daha yaxşıdır, İstanbulu nəzərdə tuturam - o deyir. - Onlar ailələrindən qorxmurlar. Bir lezbiyan tanıyıram, onun yaşı 40-dan yuxarıdır, mənim yaşımda qızı var. İndi o, açıq həyat tərzi yaşayır, sevgilisi onun evinə gəlir. Uşaqları da bunu qəbul edirlər".
Gülnurun sözlərinə görə, Bakıda o, 30 yaşından yuxarı homoseksual qadınlara rast gəlməyib: "Çox güman ki, onlar var, sadəcə, qorxurlar. Bəlkə də savadsızdırlar və özlərini xəstə sayırlar. Burada isə müxtəlif yaşında homoseksuallar var, onlar gizlənmir, özlərini olduqları kimi qəbul edirlər".
O vəkil üçün pul yığıb Azərbaycana dönmək, orada boşanmaq və bundan sonra Avropaya getmək istəyir.
"Mənimlə mənim sevgilim, rəfiqəm olacaq. O, məni dəstəkləyəcək, biz bir yerdə getmək istəyirik", - Gülnur deyir.
"Hər şey plana uyğun gedir"
Arifin işləri qaydasındadır. Bir ildir ki, cinsi əlaqədə olmadığı arvadı ilə xoşbəxt həyat sürürür. Onun təbirincə, hər ikisi bir yerdə özlərini yaxşı hiss edirlər. Və hətta uşağın doğulmasını da gözləyirlər.
Gələcək arvadı ilə Arif özünün keçmiş partnyoru vasitəsilə tanış olub. Onun valideynləri onu güclə ərə vermək və Bakıdan uzaqda yerləşən doğma kəndinə göndərmək istəyirdilər.
"O, bundan qorxurdu, kəndə getmək istəmirdi, Bakıda, komfort şəraitdə qalıb işini davam etdirmək istəyirdi", - Arif xatırlayır.
Onlar elə ilk dəfə tanış olanda, Arif ona evlənməyi təklif edib, o da razılaşıb.
Arifə ailəsi də təzyiq göstərirdi.
"İstəyirdim, ailəm və ətrafdakılar nəhayət görsünlər ki, mən də evliyəm, - o xatırlayır. - Lakin natural qadınla evlənmək istəmirdim ki, sonra onu aldadım, telefon nömrələrini gizlədim, ölənə qədər ikili həyat tərzü sürüm".
Arifin qohumları onun gey olduğunu bilmirlər.
"Toyda özümü əla hiss edirdim, anlayırdım ki, hər şey plana uyğun gedir, - o xatırlayır. - Toyda 350 qonaq var idi, hamıdan çox sevinən və şənlənən mən idim".
"İndi bizim normal ailə həyatımız var. Hər şeyimiz var, seksdən başqa. Biz bu mövzuda heç danışmırıq da, çünki istəmirik," - Arif deyir.
Onun arvadı ofis işçisidir, onun özü isə frilanserdir.
Onlar mənzil kirayələyirlər və onun təbirincə, aralarında heç vaxt ixtilaf olmayıb.
ECO üsülu ilə (süni mayalandırma) uşaqları olub. Hələlik Arifin pulu yoxdur, amma gələcəkdə 2-3 uşağın olmasını istəyir.
"Mən heç zaman buradan başqa ölkəyə getmək istəməmişəm, - o deyir, - Gey və ya natural olmağının fərqi yoxdur. Məncə, buradan çıxıb gedənlər bunu yalnız qorxudan edirlər. Lesbiyanlar üçün həqiqətən burada yaşamaq çətindir, amma düşünürəm ki, onlar da mənim kimi hərəkət edib sakit yaşaya bilərlər".
Onun daimi partnyoru yoxdur. Sevdiyi adamla yaşamaq istəyərdimi sualına isə Arif cavab verdi ki, belə adam rastına çıxsa, onda bu barədə düşünər.
"Hələlik intim həyatım da var, dostlarım da, əyləncələrim də - hər şey qaydasındadır", - o deyir.
Yazıdakı adlar dəyişdirilib.
Milli.Az