Cəmiyyət

Azərbaycanlı müğənni soyundu, baxıb 3-4 gün danışacaqsınız

26 Oktyabr 2018 14:08
5 Şərh     Baxış: 5 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşlı dostumla söhbətləşərkən qətiyyətlə belə bir cümlə işlətdi. Bizdə ən hörmətli peşə sahibləri mollalardır! Səbəbini təmkinlə izah etdi ki, fikir versən, mollaların sözünün kəsilmədiyini, onlar danışanda bütün nəzərlərin üzərlərinə cəmləndiyini görərsən. Həm də məsləhət bulağıdırlar. Əyri-üyrü fikirlərlə izdihamı, fərdləri yönəldirlər. Ən çox adam onların arxasınca düşür. Hörmət də məhz sənin arxanca apara bildiyin insanların sayıyla bağlıdır.

Mollaları unudub məsələnin başqa tərəfini düşündüm. Görəsən, biz yazarlara münasibət necədir? Heç olmasa söhbətimiz, davamız düşəndə bizi oxuyan 5-6 nəfər arxamızda dayanar? Bizi əzilməkdən, sındırılmaqdan qoruyar? Cəmiyyətdə ədalətdən tutmuş bir çox sosial-mədəni-mənəvi məsələləri müxtəlif obrazlarla bərqərar etməyə çalışan, qələmi ilə yaşama modelləri təklif edən yazıçılar nə dərəcədə bu millətə maraqlıdır?

Bunları düşünə-düşünə gözlərimi müğənni, oxuyan xofu qorxuzdu. Onlara olan tamarzı, istək, rəğbət yenicə cücərən ümidlərimi zədələdi. Hekayələrimi bir əlimdə mikrofon tutub yazmaq gəldi ağlıma. Sonra istənilən cəmiyyətdə sözün səsə məğlub olmasını qəbullanıb sakitləşdim. Amma bu, müvəqqəti rahatlıq idi. Tez keçəndi. İstənilən bir müğənnimizi az-çox tanınan yazıçımızla eyni tərəziyə qoydum. Müğənninin çəkisi o qədər ağır gəldi ki, az qala məşum yazıçı tərəziqarışıq yerə girəcəkdi. Bu çəki isə bilavasitə sosial sifariş, insanların hörmətiylə bağlıdır. Azərbaycan insanına düşünən, düşündürən yazıçı yox, soyunan, alovlandıran müğənni gərəkdir. 3 manat verib kitab almaqdansa, həmin pulun üstünü düzəldib hansısa eybəcər səsli, irisinəli, yoğunbudlu xanım müğənninin konsertinə yollanırlar. Bu, dəqiqdir.

Səni düşündürəni yox, əyləndirəni sev. Bədii həyatdan yox, hansısa müğənninin baldızı oğlundan ibrət götür, onun kimi yaşa. Ac qalmaq təhlükəsi qədər böyük problemdir. Səd-əfsus insanımız bunu qulaqardına vurur. Kifayət qədər sanballı, keyfiyyətli həyatsilkələyən mətnlərimiz var, onları oxuyub həmin mənəvi cahillikdən, yüngül musiqi ehtirasından, manıslara olan izahsız inamdan qurtulmaq olar. Daha ağılla, məntiqlə düşünə bilərsiniz. Korlanmış zövqünüzü xilas edə bilərsiniz. Anlayarsınız ki, mütaliə, ədəbiyyat ağlı çiçəkləndirən, düşünmə qabiliyyətini artıran ən yaxşı gübrədir.

Kitabsızlıq, oxumağa dırnaqarası yanaşmaq sizi süquta aparacaq. Bir də görəcəksiniz, öz aləminizdə bütün mədəni-bəşəri problemləri həll etdiyinizi düşündüyünüz anda adi bir problem məhv edəcək sizi. Şüurla mübarizə apara bilməyib görünməz boşluğa əl-qol atacaqsınız və axırda yorulub əldən düşəcəksiniz. Vaxtında oxuyana təfəkkürün xilası, çalana zehnin idmanı kimi baxdığınıza görə peşman olacaqsınız. Peşmançılığı da savadsızcasına, kortəbii yaşayacaqsınız.

Fikrinizdə hər hansı gözəgəlimli müğənnini xəyali olaraq qucaqlaya da bilərsiniz, ondan ötrü ölə də bilərsiniz. Lakin bu aşırı vurğunluq fikir, düşüncə, əxlaq müstəvisində olmamalıdır. Hər fürsətdə kitaba qayıtmalısınız. Oxumağın necə həzzverici, təlatümlü, dadlı təam olduğunu anlamalısınız. Müğənni soyundu, ərindən boşandı, arvadına xəyanət etdi tipli xəbərləri dörd gözlə oxumaqdansa kitaba can atmalısınız. Azərbaycanlı müğənninin görününən sinəsini dost-tanışla çay içə-içə 3-4 gün müzakirə etməməlisiniz. Hansısa meyxanaçının şair, yazıçı qüdrətində, keyfiyyətində olmadığını anlamalısınız.

Əgər "bizdə yaxşı yazar nə gəzir" düşüncəsindəsinizsə, oxumağa adam tapmırsınızsa, elə məndən başlayın. Bu, özünütərif yox, ədəbiyyata, kitaba bir növ çağırışdır. Məni oxuya-oxuya bir yazıçının manısdan üstünlüyünü anlaya bilərsiniz. Televiziyadakı gicgicə verilişlərə baxmaqdan bezdiyinizi anlayarsınız. Yazıçıya qoyulan qiymətdən bir balaca da siz peşmançılıq çəkərsiniz. 3-4 manatı bir kitaba çox görmərsiniz. Düşünün.

Orxan İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.