Cəmiyyət

Ərəb vəhşiliyi sərhəd tanımır və ya jurnalisti niyə 15 parçaya böldülər?

12 Oktyabr 2018 13:43
1 Şərh     Baxış: 4 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya mediası Səudiyyə Ərəbistanı əsilli, "Vaşinqton Post" qəzetinin müxbiri Camal Qaşıqçının itkin düşməsini müzakirə edir. Bu ilin 2 oktybrında Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna gedən Qaşıqçı elə orada da yoxa çıxıb. Onun Baş Konsulluğa daxil olduğunu əks etdirən videolar yayıldığı üçün bütün şübhələr Səudiyyə Ərəbistanın vəhabi rejiminin üzərindədir. Amma Türkiyə tərəfini də günahkar çıxarmağa çalışanlar var. İtkin düşən jurnalist hazırkı rejimə müxalif olduğu üçün, Ər-Riyadın belə bir cinayəti işləməsi məntiqli görünür. Türkiyə vətəndaşı olan nişanlısı ilə evlənməyə hazırlaşan Qaşıqçı Baş Konsulluğa evliliklə bağlı hansısa sənədləşmə ilə bağlı dəvət olunmuşdu.

ABŞ-ın ən nüfuzlu qəzetlərinin birində çalışmasına baxmayaraq Qaşıqçının Türkiyə hakimiyyəti ilə də isti münasibətləri, hakimiyyətdə olan şəxslərlə dostluq etməsi sirr deyildi. Vəhabi rejiminin müxalifi olan Qaşıqçının məhz Türkiyədə itkin düşməsi hazırda siyasi və iqtisadi çətinliklər məngənəsində boğulan Türkiyənin növbəti siyasi, diplomatik krizlə üzləşməsinə səbəb ola bilər. Tarixə nəzər salsaq, Qərbin və ABŞ-ın əlində oyuncaq olan Ər-Riyad rejiminin Türkiyəni arxadan vurması təəccüblü görünməyəcək. Bu hadisə, eyni zamanda, Səudiyyə Ərəbistanına ABŞ sanksiyalarının tətbiq olunmasına da yol aça bilər. Hələlik isə müəmma böyükdür və ehtimallar müxtəlifdir.

***

Müxtəlif versiyalar arasında ən çox müzakirə olunanı Qaşıqçının Baş Konsulluqda qətlə yetirilməsi ilə bağlıdır. Qaşıqçının konsulluqda əvvəlcə dindirildiyi, sonra işgəncə ilə öldürüldüyü, cəsədinin 15 hissəyə bölündüyü və konsulluq binasından bu şəkildə çıxarıldığına dair versiyalar mövcuddur.

Ər-Riyadın göndərdiyi qatillər konsulun otağından sürüyə-sürüyə çıxardığı Qaşıqçını, konsulluğun otaqlarının birində öldürüb, daha sonra üçüncü bir otaqda isə parçalayaraq binadan çıxarıb. Tipik sələfi-İŞİD təfəkkürü, tipik vəhabi vəhşiliyi!

Neft pulları ilə zənginləşmiş, cəhalət bataqlığında boğulan vəhabi təfəkkürü üçün bu cür soyuqqanlı cinayətlər ilk deyil.

***

Qaşıqçının itkin düşdüyü gün konsulluqda işləyən 28 nəfər Türkiyə vətəndaşı həmin saatlarda nahar fasiləsinə çıxıb və sonra xüsusi toplantı bəhanəsi ilə onlara həmin gün işdən icazə verilib. Türkiyənin oyuna çəkilməsi, Qaşıqçı məsələsində günahkar elan olunması təəccüblü deyil. ABŞ Türkiyə tərəfinin versiyalarını qəbul etmir. Qaşıqçı həm ABŞ, həm də Britaniyada ölkəsinin səfirliklərinə eyni məqsədlə getsə də, sonda sənədlərin Türkiyədəki Baş Konsulluqda veriləcəyini öyrənib və Türkiyəyə gəlib. Bu hadisələr zənciri Qaşıqçı məsələsinin daha qəliz və planlı olmasını göstərir.

AKP iqtidarı ilə isti münasibətləri olan Qaşıqçı Körfəz sərmayəsinin Türkiyəyə gəlməsində vasitəçilik edən şəxslərdən hesab olunur. Versiyaları analiz etdikdə onun öldürülməsində Türkiyə tərəfinin heç bir marağının olmadığı ortadadır.

**

Camal Qaşıqçı Səudiyyə Ərəbistan Kəşfiyyat Xidmətinin dördüncü rəhbəri və Səudiyyə Ərəbistanının ABŞ-da səfiri vəzifələrində çalışmış şahzadə Türki Faysalın müşaviri olub. Yəni itkin düşən jurnalist həm də təcrübəli bir kəşfiyyatçıdır. O, Səudiyyə Ərəbistanının "qara qutu"su hesab olunan şəxslərdən biridir. Yəni, Qaşıqçı rəsmi Ər-Riyadın ona tələ quracağını əvvəlcədən anlayacaq qədər hazırlıqlı olmalı idi. Amma Ər-Riyad rejiminin də həyasızlığı və vəhşiliyi sərhədsizdir.

***

Rəsmi Ər-Riyadın həyasız diplomatiyasına bir nümunəni xatırlayaq.

Keçən il Livan-İran münasibətlərindəki yaxınlaşma Səud rejimini narahat edirdi.

Bu siyasətdə önəmli rol oynayan Livanın baş naziri Saad Hariri Səud rejimi tərəfindən açıq aydın təhdid edilirdi.

Keçən il noyabrda Livanın baş nazırı Saad Hariri Səudiyyə Ərəbistanına dəvət olundu.

Vəhabilər baş naziri protokol qaydaları ilə qarşılamadılar.

Hava limanında Haririni mülki şəxslər qarşılayıb naməlum istiqamətə apardılar.

Sonra işgəncə verib vəzifəsindən istefa verməyə məcbur etdilər. "Əl Ərəbiyyə" kanalında hazır istefa mətnini oxutdular.

Hariri istefa versə də, Səud rejimi əlindəki əsiri buraxmadı.

Düz 17 gün sonra Fransa prezidenti hadisəyə müdaxilə etdi, baş nazir azadlığa çıxdı və Parisə uçdu.

Hazırda vəhabi qorxusuyla ölkəsində, vəzifəsinin başındadır.

XXI əsrdə, başqa planetlərdə yaşamağın mümkünlüyünün müzakirə olunduğu bir dönəmdə Səudiyyə Ərəbistanı kimi quldurluq edən ölkələr də var.

Üstəlik, bütün dünyada bu rejim islam dövləti olaraq tanınır.

Bu ölkə İslamın müqəddəs məkanlarına nəzarət edir, müxtəlif tədbirlərdə İslamı təmsil edir və müsəlmanların qibləsi bu ölkədə yerləşir.

Dünyanın İslamdan qorxması, sizcə də, təbii deyilmi?

***

Bəli, dünyada Səudiyyə Ərəbistanı adlı bir ölkə var və bu ölkənin neft pulundan zənginləşmiş şeyxləri XXI əsrdə beynəlxalq səviyyədə qətl və quldurluqla məşğuldur.

Əcəba, dünyanın kapitalist supergücləri bu murdar təfəkkürlü ərəblərə niyə dözür?

Yəni insan haqları, beynəlxalq və diplomatik hüquq, ölkələrarası münasibətlər heç kəsin umrunda deyilmi?

XXI əsrdə jurnalisti qətlə yetirib 15 parçaya bölmək bu qədər asandırmı?

Görünür, neft və neft pulları qan ləkəsini təmizləməkdə əvəzsiz ləkəçıxarıcıdır.

Cəlil Cavanşir
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.