Cəmiyyət

Zorən doğulmaq uşaqlarımızı necə dəyişir? - ARAŞDIRMA

9 Sentyabr 2011 09:00
2 Şərh     Baxış: 2 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün bir çox ölkələrdə uşaqların dünyaya gəlməsində qeysər əməliyyatlarından geniş istifadə olunur. Son illər isə bu prosesin getdikcə daha da sürətlənməsinin səbəbləri müxtəlifdir.

Mütəxəssislərin fikrincə, uşaqların qeysər əməliyyatı ilə doğulması heç də müsbət əlamət deyil, əksinə, onlar üçün problemlərə yol açır. Ölkəmizdə də son illər qeysər əməliyyatının tətbiqi genişlənməkdədir.

Qeysər əməliyyatının artma səbəbi nədir?

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi Mehriban Həsənova da deyir ki, qeysər kəsiyinin tezliyi bütün dünyada olduğu kimi Azərbaycanda da çox artıb: "Bu gün ölkədə hepatit B, C tezliyi artır və bəzi müəssisələr, o cümlədən şəhər müəssisələrinin çoxu bu məqsədlə hamilə qadınları əməliyyata götürürlər. Nəinki kəndlərdə, şəhər müəssisələrində olan həkimlər elə bilir ki, anada bu xəstəlik varsa, uşaq üçün əməliyyat daha yaxşıdır. Biz araşdırdıq ki, təbii doğuş daha yaxşıdır və təsdiq olunmuş təbabət də bunu göstərir. İnstitutda da bunun tətbiqinin daha yaxşı nəticəsi olduğunu gördük. Hazırda biz qeysər kəsiyi ilə bağlı protokol yazmağa hazırlaşırıq".

Qeysər əməliyyatının artma səbəblərinə gəldikdə isə mütəxəssis deyir ki, qadınlar çox vaxt əziyyət çəkmək istəmir, yaxud bədən quruluşunun dəyişməməsi üçün bu yolu seçirlər. Bəzən də elə bilirlər ki, uşaq üçün bu yol daha sərfəlidir. Onların özü tərəfindən tələbat, təkid artıb. Nəinki hamilə qadınların özü, qohumları tərəfindən də təkidin artdığını deyən M.Həsənova bildirdi ki, burada qadın məsləhətxanalarının rolu önəmlidir, onlar hamilə qadınlarla güclü iş aparmalı, onları başa salmalıdırlar: "Çünki artıq qadın stasionara gəldikdə, 9 ay ərzində psixoloji olaraq qeysər kəsiyinə hazırlanmış olur. Bizim tərəfimizdən onu artıq fikrindən yayındırmaq çox çətin olur".

Bu əməliyyata getmənin çoxu həkimin yanlış taktikası ilə bağlıdır

Qeysər əməliyyatının artmasının digər səbəblərinə gəldiksə isə M.Həsənova deyir ki, erkən ailə quran qadınların sayı artıb ki, onlar da təbii yolla uşaq dünyaya gətirməyə hazır olmurlar: "Yaxud, gec ailə quran, yaşı 35 olan qadınlar üçün doğuş gec olduğu üçün əməliyyatı məsləhət görürlər. Bu da düzgün deyil. Əgər qadının doğuşu normal gedirsə, yaşın heç bir fərqi yoxdur. Bundan başqa, bəzən şəkərli diabet xəstələrinə həkimlər səhv olaraq əməliyyatı məsləhət görürlər. Bu da düzgün taktika deyil. Bu göstəriciləri təhlil etdikdə aydın olur ki, bu əməliyyata getmənin çoxu həkimin səhv taktikası ilə bağlıdır".

Əməliyyatın fəsadı fizioloji doğumdan artıqdır

O da vurğulandı ki, mamalıqda son illər çox böyük dəyişiklik gedir. Belə ki, əgər qadınlara çanaq darlığı ilə əməliyyat təklif olunurdusa, artıq bu termin aradan qalxıb. Bu, uşağın ölçüsündən, baş-çanaq uyğunluğundan asılıdır. Ginekoloqun sözlərinə görə, bəzi həkimlər hamilə qadınları dar çanaq diaqnozu ilə əməliyyata götürürlər: "Biz bütün bunları araşdırıb, əməliyyatı azaltmağı institut səviyyəsində həyata keçiririk. Ümumiyyətlə, bizim institutda və Perinatal Mərkəzdə ola bilər ki, əməliyyatın sayı çox olsun, çünki burada normal, təbii doğuşlar qəbul edilmir. Bura əsasən patoloji doğuşlar, problemli hamilələr gəlir ki, bu da qeysər səviyyəsini artıra bilər. Normal fizioloji doğuş adətən I-II səviyyəli müəssisələrdə baş verir. Biz həmçinin qadın üçün əməliyyatın asan və fəsadsız sxemini hazırlamışıq. İstər-istəməz əməliyyatın fəsadı fizioloji doğumdan artıqdır. Biz rayonlardan və digər müəssisələrdən qeysər kəsiyinin fəsadları ilə xəstə qəbul edirik".

M.Həsənova deyir ki, əməliyyatın hec bir qadın, o cümlədən uşaq üçün fəsadı olmadığını demək olmaz. Bu təsdiq olunub ki, doğuş zamanı uşaq özü buna hazır olur, onun ciyərləri yavaş-yavaş açılmağa hazırlaşır. Ancaq əməliyyat zamanı uşaq stress alır. Fransız alimləri araşdırıblar ki, qeysər əməliyyatı olan uşaqların ciyərlərində problem  daha çox olur, nəinki təbii doğuşla olan uşaqların. Hətta bəzi ölkələrdə həmin uşaqların daha aqressisv olduğu aşkarlanıb. Psixoloji cəhətdən daha çox aqressiv, cinayət törədən uşaqlar cərrahiyyə yolu ilə doğulan uşaqlardır.

Bundan başqa, dünyada qeysər kəsiyindən sonra ikinci uşaq olarkən təbii yolla aparılır. Ginekoloq bunun bizdə də olduğunu deyir, amma faizi azdır: "Bizdə əsasən çapıqdan sonra digər əməliyyata üstünlük verilir. Ölkədə belə əməliyyatın artmasının digər səbəbi qadınların ikinci dəfə də bu əməliyyatı seçmələridir. Eyni zamanda əməliyyat edə bilən həkimlərin də sayı artıb. Əvvəl bu üsulu az həkim bilirdi, indi isə gənc həkimlər də bunu bacarır".

Bu yolla doğulan uşaqlar sinir sistemindən əziyyət çəkir

Həkim-pediatr Yasəmən Cəlilova da qeysər əməliyyatına münasibətinin birmənalı olaraq yaxşı olmadığını deyir. Pediatrın fikrincə, son zamanlar Avropaya meyllilik bu sahədə də öz təsirini göstərir: "Qadınlar ağrı çəkməmək məqsədilə qeysər üsulunu seçirlər. İlk doğuş zamanı qadın 24 saat ağrı çəkir və bu da təbii haldır. Qeysər əməliyyatı elədir ki, sanki dərin yuxuda olan bir insanı qəfil yuxudan qaldırırsan. Yatmış bir uşağa qarşı bunu etmək düzgün deyil. Hər bir seyin öz zamanı var, vaxtı gəldikdə, uşağı xaric etmək zamanı gəlir və bu da təbii, normal olur. Ancaq qeysər əməliyyatı zamanı iki həftə öncədən qəfil uşağı götürmək düzgün deyil. Ana üçün rahat olsa da bu üsul, uşağa çox pis təsir edir.

Təbii yolla doğulan uşaqlardan daha çox, qeysər əməliyyatı ilə doğulan uşaqlar sinir sistemindən əziyyət çəkirlər. Təbii doğulan uşaqlarda beyindaxili təzyiq daha az olur, nəinki qeysərlə doğulanlarda. Onlarda bu xəstəliklə yanaşı, oksigen çatışmazlığı daha çox olur. Yalnız müəyyən səbəblərlə bağlı qeysər əməliyyatına getmək olar. İndi sadəcə ağrı, əziyyət çəkməmək, xarici görünüşünün pozulmaması üçün bu yolu seçirlər. Pediatrın sözlərinə görə, əgər ananın təzyiqi, yaxud, ciddi böyrək problemi varsa, bu halda ananın həyatını xilas etmək məqsədilə buna getmək olar: "Bir vaxtlar qadınlar tarlada çalışdığı zaman dünyaya uşaq gətiriblər və çox saglam da uşaqlar olub. Ancaq indi gənc analar əziyyətdən qorxurlar və çalıışırlar ki, hər şeyi asan yolla əldə etsinlər. Bu, düzgün yol deyil".

Günel
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.