Cəmiyyət

Ramazan ayı, axirəti qazanmaq üçün bir fürsətdir

22 May 2018 21:20
1 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əziz müsəlmanlar! Bərəkət, rəhmət və bağışlanma ayı olan Ramazan ayındayıq. Hamımızın bu ayın bərəkətlərinə qovuşan, bu ayda bağışlanan bəndələrdən olmağımızı Allahdan diləyirəm. Allah din qardaşlarımıza xeyirli ömür, gözəl əxlaq, iti zehin, sağlamlıq və doğru yol qismət etsin.

Milli.Az islam.az-a istinadən bildirir ki, Ramazan ayı çox mübarək bir aydır. Bu ayda edilən hər bir əməl başqa aylarda edilən əməllərdən daha üstündür. Bu ayda yerinə yetirilən bir vacib əməl başqa aylarda yerinə yetirilən yetmiş vacib əməl kimidir. Bu ayda bir oruc tutana iftar verənin günahları bağışlanar, cəhənnəmdən xilas olar. Oruc tutanın savabı qədər ona da savab verilər. Bu ayda əmri altında olan işçilərin işlərini yüngülləşdirən, onların ibadət etməsinə şərait yaradan iş adamları da əfv olunar. Ramazan ayında Həzrəti Peyğəmbər əsirləri azad edər, istədikləri şeyi verərdi.

Sevimli müsəlmanlar! Unutmayaq ki, bu ayda ibadət edib xeyir əməl işləyənlərə bütün il boyu bu əməlləri işləmək nəsib olur. Bu aya hörmətsizlik edənin, bu ayda günah işləyənin isə bütün ili günah işləməklə keçər. Ona görə də bu ayı fürsət bilərək bacardığımız qədər çox ibadət etməliyik, bacardığımız qədər Allah-Təalanın bəyəndiyi işləri görməliyik. Hamımız bu ayı axirəti qazanmaq üçün fürsət bilməliyik. Bu ay müqəddəs bir aydır. Müqəddəs Qurani-Kərim Ramazanda nazil olmuşdur. Min aydan daha xeyirli olan Qədr gecəsi bu aydadır.

Əziz möminlər! Oruc tutan zaman bütün qaydalarına riayət etmək lazımdır. Oruc yalnız ac-susuz qalmaqdan ibarət deyildir. nəfsimizi təmizləməli, əxlaqımızı gözəlləşdirməli, bədənimizin bütün üzvlərini pis işlərdən uzaq tutmalıyıq. Əlimizə, dilimizə, gözümüzə, qulağımıza sahib olmalıyıq. Yoxsa bu aydan bizə sadəcə aclıq və susuzluq qalar, heç bir savab qazanmarıq.

Bu ayda hər gecə cəhənnəmə girməli olan minlərlə müsəlman bağışlanır, azad olunur. Bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır. Şeytanlar zəncirlənir və Allah-Təala rəhmət qapılarını açır. Allah bu mübarək ayda Ona layiq olduğu şəkildə ibadət etməyi və razı olduğu yol ilə getməyi hamımıza nəsib etsin! Bizi bu Ramazanı ən gözəl şəkildə yaşayanlardan etsin!

Əziz müsəlmanlar! Ramazan ayının dəyərini bilək. Bu ayı sanki son Ramazanımız kimi yaşayaq. Kim bilir, bəlkə gələn Ramazanı görə qismət olmadı. Axirəti qazanmaq üçün bizə verilmiş bu fürsəti əldən qaçırmayaq. Bəlkə bir daha əlimizə belə bir fürsət düşmədi. Amma bu ayda vərdiş halına gətirdiyimiz müstəhəb əməllərə Ramazan bitdikdən sonra da davam etməyə çalışaq. Axirətimiz üçün olan işləri dünyamız üçün olan işlərə qurban verməyək.

Allah tutduğumuz orucu və bütün ibadətlərinizi qəbul, oruc tutmayan bacı və qardaşlarımızı bu yola dəvət etməyə bizi müvəffəq etsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.