Cəmiyyət

Səbir nədir və onu necə əldə edək?

23 Yanvar 2018 21:45
5 Şərh     Baxış: 8 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Görkəmli alimlər səbrin tərifində buyururlar: "Səbir - yəni özünə hakim olmaq və nəfsi ağlın və dinin buyurduqlarında həbs etməkdir. Başqa sözlə desək səbir - yəni özünü ağlın və dinin göstərişləri altına salmaqdır".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəs səbri əldə etmək üçün nə etməli?

1. Dünya həyatını tanımaq. Səbri əldə etməyin ən mühüm yolu odur ki, insan dünya həyatını tanıya bilsin. Bilsin ki, bu dünya əbədi deyildir və bura - behişt deyildir. İnsan axirət üçün yaradılmışdır və bu dünyaya əməlləri ilə axırətini qazanmaq üçün gəlmişdir. Quran buyurur: "Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)". ("Bələd" 4).

2. Allaha olan inanc. Əgər insan bilsə ki, başlanğıcı da, sonu da Allaha aiddir, bütün var olduqları Allahdandır, övladları, ailəsi, mal-dövləti Allahdandır - Onun verdiyi imtahanlara səbir etmək məharəti əldə edər. "Və malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Həmçinin sizə bir zərər-ziyan yetişən zaman Ona yalvarır və Ondan kömək diləyirsiniz". ("Nəhl" 53).

3. Allahın mükafatına inanmaq. İnsan o zaman ki, dəyərli mükafat alacağını bilər, onu əldə etməyə görə lazım olan əməlləri yerinə yetirər. Baxmayaraq ki, həmin əməl ona çox çətin görünsə də, ancaq alacağı dəyərli mükafatı düşünərək, onu yerinə yetirər. "İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!

O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz İlahi vəzifələrini yerinə yetirməkdə) səbir etdilər və daim öz Rəbbinə təvəkkül etdilər". ("Ənkəbut" 58-59).

4. Çətinlikdən sonra rahatlığa çıxacağına ümid bəsləmək. İnsan inanmalıdır ki, hər bir çətinlik və giriftarlıqdan sonra rahatlıq və genişlik gələr. Bu zaman çətinliyə səbir etmək də asan olar. "Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar". ("Təlaq" 7).

5. Məhrumiyyətlərin aradan qalxacağına ümid bəsləmək. Allah Təala möminlərin mərhumiyyətlərinə görə etdikləri səbirləri əvəzsiz buraxmaz. Hətta bu səbir üçün həm dünyada və həm də axirətdə savablarını bir neçə qat çox edər. Allah Peyğəmbərlə (s) birlikdə hicrət edən müsəlmanlar barəsində buyurur: "Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür. Həmin o kəslər ki, səbir etdilər və həmişə öz Rəbbinə təvəkkül edirlər". ("Nəhl" 41-42).

6. Allahdan yardım istəmək. Quranın nəzərinə görə, səbir edənlərin ən böyük dayağı - Allahdan yardım istəməkdir. Onsuz heç bir bəşər səbrin son həddinə çata bilməz. "(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin". ("Bəqərə" 45).

"Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir". ("Bəqərə" 153).

7. Səbir edən qəhrəmanları yada salmaq. Səbir qüvvəsini gücləndirməyin ən faydalı yollarından biri də müxtəlif bəlalara səbir edən qəhrəmanları yada salmaqdır. Ona görə də Quranda bəla və müsibətlərə səbir edən bir çox İlahi peyğəmbərlərin (ə) dastanları nəql edilmişdir. "Elçilər(imiz)in xəbərlərinin hər cürünü - vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir". ("Hud" 120).

8. Qəza və qədərə iman bəsləmək. Çətinliklərə səbir etmək yolunda insana yardım edən amillərdən biri də İlahi qəza və qədərə inanmaqdır. Əgər insan qəbul etsə ki, ona nazil olan hər bir bəla Allahdan olan imtahandır - ruhu güclənər və mətanət əldə edər. "Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır". ("Hədid" 22).

9. Səbir edənlərlə həmrəy olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim özünü sabirlərin simasına salar, Allah səbir ruhunu ona bağışlayar. Onu müqavimətli və güclü edər".

10. Səbri təmrin etmək. İmam Əli (ə) buyurur: "O kəsə ki, dalbadal xoşagəlməz hadisələr baş verər, səbrin fəziləti onun üçün hazır olar".

11. Bəlalara müsbət baxmaq. Əgər bəndə bilsə ki, bəla və müsibətlər onun kamal vasitəsidir, bu zaman səbir etmək də asanlaşar.

12. Səbri artırmağın başqa yolları: oruc tutmaq, çətin idman növləri ilə məşğul olmaq, nəfsi istəklərin əksinə əməllər yerinə yetirmək, çətin peşələrlə məşğul olmaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.