Cəmiyyət

Hər bir ömür bir tale dastanıdır - yaza bilənə...

28 Sentyabr 2017 20:18
Baxış: 4 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözəl insan, unudulmaz ziyalı və tarix yazmış prokuror Xanoğlan Şıxəliyevə ithaf olunur

Belə bir deyim var: Hər bir ömür bir tale dastanıdır - yaza bilənə. Əlbəttə, hər bir ömür, hər bir tale dastan kimi yazıla bilməz. Çünki bunun üçün insan elə bir şərəfli, əqidəli, mənəviyyatlı və ləyaqətli həyat yolu keçməlidir ki, bu yol gələcək nəsillər üçün bir örnək, bir həyat məktəbi olsun. Müqəddəs Azərbaycanımızın torpağı elə bir ilahi xəmirlə yoğurulub ki, tarixlər boyu qeyd olunan kateqoriyalara məxsus ziyalılar, elm adamları, neçə-neçə şəxsiyyətlər yetişdirib. Məhz haqqında söhbət açacağımız və bəhs edəcəyimiz Azərbaycanın tanınmış övladı da belə şəxsiyyətlərdəndir - hazırda haqq dünyasına qovuşmuş dəyərli insan Xanoğlan Rza oğlu Şıxəliyev...

Xanoğlan Şıxəliyev 1957-ci ildə Ermənistan SSR-nin Vedibasar rayonunda dünyaya göz açıb və Qərbi Azərbaycan elinin qəhrəmanlar diyarı sayılan bu eldə, bu obada həyatının ilkin addımlarını atıb. Sonralar mənfur ermənilərin Azərbaycan xalqına qarşı qurduqları çirkin və məkrli planlarına əsasən, Kreml rəhbərliyinin qərarı ilə Azərbaycana -deportasiya edilən ailələr içində Şıxəliyevlər ailəsi də olub. Bu ailə Sabirabad rayonunda yerləşib. Ümumiyyətlə, keşməkeşli, ağır həyatına baxmayaraq, uşaq illərindən qarşılaşdığı çətinliklərə rəğmən, qətiyyət, dözüm və mətanət məktəbini keçən Xanoğlan müəllimə həmin məktəb sonrakı illərdə böyük dəstək oldu...

Xanoğlan Rza oğlu Şıxəliyev aldığı ali təhsilinin ardınca, enişli-yoxuşlu həyatın təlatümlü, bəzən xoş, bəzən də əks olan ağuşuna atıldı. Onun seçdiyi yol isə heç də asan bir yol deyildi. 1977-ci ildən ta həyatdan köçərək, haqq dünyasına qovuşana - 30 iyun 2015-ci ilə qədər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Xanoğlan müəllim, həm də ailəsinə, övladlarına bağlılığı ilə seçilən gözəl ata olub. Bu gün onun haqqında mətbuatda gedən onlarla məqalə və yazılara baxdıqca, xüsusilə, ailə üzvlərinin xatirələrinə nəzər saldıqca, təsəvvürümüzdə qocaman, başı ərşə dəyən bir dağ canlanır - Xanoğlan dağı..! Çünki yaşadığı şərəfli ömrü boyunca Xanoğlan müəllim ailəsi üçün hər şey etdi. Ancaq buna qədər o daim dövlətinə, millətinə, xalqına sadiq olan bir AZƏRBAYCANLI olaraq özünü tanıtmış oldu. Ümumiyyətlə, o hər zaman yaxınları, dostları ilə danışarkən bildirirdi ki, prokuror adını daşımaq, bu adı təmiz saxlamaq hər kişiyə qismət olmur. Görün, bu ifadənin arxasında nə qədər böyük və nəhəng məna dayanıb! Bəli, təmizlik və paklıq, eləcə də alicənablıq etalonu sanki Xanoğlan müəllimin taleyinə, qismətinə və həyatına ölçülmüşdü!

Təkcə peşə fəaliyyətinə baxarkən, biz dəfələrlə qeyd edilən meyarların şahidlərinə çevrilirik. Məhz müstəqilliyimiz əldə olunandan sonra - Azərbaycan Respublikasının həmin illərdə çox və çətin anlar yaşadığı bir zamanlarda Xanoğlan müəllim çətin və böyük zəhmət tələb edən vəzifə borcunu yerinə yetirib. Hələ o dövrlərdə istər ictimai-siyasi, istərsə də kriminogen baxımından elə də sabit olmayan Şəki rayonunda çalışmış Xanoğlan Şıxəliyev qanunun aliliyinin təminatçısı kimi dəfələrlə sinə gərib. Hətta elə olub ki, azğınlaşmış şəxslər onun yaşadığı evə hücümlar çəkib, üzərinə avomat silahı qaldırıblar. Lakin dövlət və xalq maraqlarını daim üstün tutan Xanoğlan müəllim, həm də prokuror olaraq heç nədən qorxmamış, azğın kriminogen qüvvələrə qarşı mübarizəsini daha barışmaz şəkildə aparmışdı. Bu, onun qanında axan qorxmazlıq və cəsarət geninin məntiqi nəticəsi idi!

Bu kimi hallarla dəfələrlə qarşılaşan Xanoğlan Şıxəliyev sonda cavan yaşlarından keçirdiyi çoxsaylı gərginlik və stresslərdən diabet xəstəliyinə tutulur. Amma fəaliyyətini mətinliklə davam etdirir.

Prokurorluq fəaliyyətini Bərdə rayonunda da davam etdirən Xanoğlan müəllim həmin ərəfələrdə çox çətin sınaqlardan keçir. Çünki o zamanlar birinci Qarabağ müharibəsinin qızğın vaxtları idi. Ancaq onun təcrübəsi və peşəkar iş fəaliyyəti prokurorluq vəzifəsinə əlavə vəzifə də qoymuşdu. Belə ki, o həm də müdafiə şurasının üzvü olaraq dəfələrlə döyüş bölgələrində düşmənlə üz-üzə gəlmiş, təhlükəli şəraitlərdə Vətən borcunu yerinə yetirmişdi. Ön cəbhədə yerləşən mülki sahələr, evlər mənfur düşmənin atdığı "Qrad" və s. ağır artilleriya zərbələri nəticəsində dağılır, insanlar öz doğma yurd-yuvalarından məhrum olurdular. Belə bir vaxtda Xanoğlan müəllimin qeyrəti yol vermirdi ki, qadınlar, qocalar, uşaqlar evsiz-eşiksiz yaşasınlar. Ona görə də o öz evinin qapılarını onların üzərinə açır, yedirdib-içirir, qayğılarına qalırdı. Ümumiyyətlə, 95 min məcburi köçkünün məskunlaşdığı bir şəraitdə, Bərdə rayonunun hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər nəticəsində, xüsusilə, prokuror Xanoğlan Şıxəliyevin səylərinə görə həmin bölgədə ciddi narahatçılıqlara yol verilmirdi.

Fəaliyyətini Cəlilabad rayonunda da davam etdirən Xanoğlan müəllim orada yaşayan əhali arasında xüsusi hörmətə və izzətə sahib olub. Çünki o çalışdığı hər bir bölgəni öz doğma bölgəsi kimi görür, insanları isə ən yaxınları kimi qiymətləndirirdi. Və maraqlısı da budur ki, o çalışdığı hər yerdə çətin sınaqlarla qarşı-qarşıya qalıb. Misal üçün, elə Cəlilabadda baş verən hadisə də bu kontekstdəndir. Belə ki, rayon prokuroru işlədi vaxt məlumat daxil olur ki, bir nəfər şəxs əlində qumbara özünü və ailəsini məhv etməyə cəhd göstərir. Təxirə salmadan hadisə yerinə yollanan Xanoğlan müəllim qəhrəmanlıq göstərərək, bu hadisənin qarşısını alır. Ümumiyyətlə, bəlkə də onlarla bənzər hadisələri yaşayan bu böyük insan sonralar vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə dövlətimiz tərəfindən mükafatlara layiq görülüb. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün internat resurslarında haqqında bəhs etdiyimiz qəhrəmanın fəaliyyəti və həyatı barədə kifayət qədər məlumatlar toplusu mövcuddur. Onlardan bir neçəsini dəyərli oxucularımıza təqdim edirik: Xanoğlan Şıxəliyev bir illik fəaliyyətində 45 cinayət işinin istintaqını tamamlayaraq məhkəməyə göndərib, 16 qəsdən adam öldürmə hadisəsindən isə 15-nin üstünü açımışdı. Bu bir illik fəaliyyətində maksimum nəticə göstərən prokuror Xanoğlan Şıxəliyevə baş ədliyyə müşaviri rütbəsi verilmişdir. Bərdə də çalışdığı dönəmdə, Murovda göstərdiyi xidmətə görə "İgidlik ordeni "ilə təltif edilmişdi.

Onu da deyə bilərik ki, Xanoğlan Şıxəliyev Azərbaycan xalqının Ümummilli Lideri, Dahi Şəxsiyyət Heydər Əliyev ideologiyasını ən yüksək şəkildə dəyərləndirən ziyalılarımızdandır. Onun, Ulu Öndərimiz Heydər Əliyevlə bağlı 2 kitabı - "Heydər Əliyev çörəyi" və "Heydər Əliyev okulu" adlı kitabları işıq üzü görüb. Həm də tükənməz yaradıcılıq potensialına malik olan Xanoğlan müəllim kitab və məqalələrinə görə "Qızıl Qələm" mükafatına layiq görülüb.

Bəli, Xanoğlan Şıxəliyev çox qısa ömür sürsə də onun həyatını böyük bir məktəb kimi qiymətləndirmək olar. Baxmayaraq ki, o oğul kimi ailəsinin tək övladı idi, buna rəğmən, elə uşaq vaxtalarından ömrünün sonunadək ailənin yükünü öz çiyinlərində daşımağı bacarmış bir AZƏRBAYCAN ƏRƏNİ İDİ! Bu gün də onu xatırlayanlar, ruhunu əziz tutanlar atasının həmişə onunla fəxr etdiyini deyirlər.

Bu gün onun övladları da haqqında danışarkən vurğulayırlar ki, ata olmaqla yanaşı, Xanoğlan müəllim həm də yaxın dost, sirdaş, yoldaş olub. Onunla həmsöhbət olmaq insana sadəcə, xoş duyğular bəxş edirdi. Çünki o yüksək fəlsəfi mədəniyyətə, bənzərsiz dünya görünüşünə malik idi. Onun fikir və düşüncələri, əvəzsiz nəsihətləri bu gün də xatırlanır - "yaxşılığı unutmaq olmaz", "hər yamanlığa yaxşılıq et ki, sonda Allah tərəfindən mükafatını alasan"...

Ona görə də bu gün onun yetişdirdiyi övladları Vətənə, dövlətə, xalqa layiqli övladlar adını qazanıblar. Ümumiyyətlə, 56 illik ömrü ilə ideal insan ola bilmək düsturunu yazmış Xanoğlan müəllim canlı məktəb idi və bu gün həmin məktəb yaşayır, yaşadılır.

Yeri gəlmişkən, sentyabrın 29-da isə Xanoğlan Şıxəliyevin 60 illik xatirə yubileyi keçiriləcək və onun tarixdə buraxdığı silinməz izləri, həyat yolu, pak ruhu sevənləri və xatirəsini əziz tutan insanlar tərəfindən anılacaq. Çünki o, yalnız buna layiqdir!

Sonda isə Xanoğlan Şıxəliyevi yaxından tanımış bir insanın ona ithaf etdiyi bir gözəl şeiri də dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdim. Jurnaslistlik fəaliyyətində kifayət qədər imzası olan Hüsaməddin Əhmədov onun Ulu Öndər Heydər Əliyev barədə yazdığı kitabdan dəyərli sitat gətirərək yazır:  "Azərbaycan xalqı Heydər Əliyevin çörəyini yeyir. Bu çörək bərəkətlidir, halaldır, zəhmət hesabına başa gəlib. Bu çörək müstəqil Azərbaycanın, daim inkişaf edən vətənimizin müqəddəs nemətidir..."

"Əqlim və hissiyatım məni aldatmadı. 1996-cı ilin dekabr ayında Cəlilabad rayonuna prokuror təyin edilmiş Xanoğlan Rza oğlu Şıxəliyev  "Tanrı Nuru"nun xırda bir parçası kimi ömür-günümə daxil oldu və gələcək həyatımı büsbütün işıqlandırdı. Mən onun sayəsində öz dünyamı yaratdım; dövləti və vətəni sevməyi, namusla və vicdanla yaşamağı öyrəndim"-deyə yazan Hüsaməddin Əhmədov Xanoğlan müəllimin həyatdan köçməsi ilə barışmayaraq, aşağıdakı şeir ilə xitab edib:

Qara xəbərlərin sayı nə çoxmuş,
Məni məhvərimdən qoparıb atdı.
Cənab Əzrailin insafı yoxmuş,
Səni tələsdirdi, məni yubatdı.
...
Bir zərr qanadlıydın söz aləmində,
Sözünü mələklər yoza bilməzdi.
Tarixə yazıldın gözəl adınla,
Heç kim sən deyəni deyə bilməzdi.
...
Mən sənə dost idim, sən mənə həmdəm,
Dərdləri ikiyə bölə bilmədik.
Sən xoşbəxt insandın, mənsə bəxti kəm,
Hayıf ki, bir yerdə ölə bilmədik.
...
Təəssüf, təəssüf, yenə təəssüf,
"Bizi ayrı saldı bimürvət əcəl."
Səni itirdiyim günə təəssüf-
Barı röyalarda görüşümə gəl...
Allah, İNSANLIQ və LƏYAQƏT məktəbi qurub onu özündən sonrakı nəsillərinə bəxş edən Xanoğlan müəllimə rəhmət eləsin!

Rövşən Nurəddinoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.