Cəmiyyət

Nisbilik nəzəriyyəsi ədəbiyyata necə çevrildi? - NÜMUNƏ

11 İyul 2017 20:50
4 Şərh     Baxış: 2 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən şair-esseist Əli Şirin Şükürlünün "İntellektual poeziya barədə mülahizələr: Ədəbiyyat və Nisbilik nəzəriyyəsi" yazısını təqdim edir.

İntellektual təmayüllü bədii mətnlərin yaranması prosesində istifadə etdiyimiz modeli şərtləndirən ardıcıllığa bir daha nəzər salaq: elmi informasiya, fəlsəfi düşüncə, bədii təfəkkür. Bundan sonra bu modeli qısa şəkildə aşağıdakı formada ifadə edəcəyik: Eİ - FD - BT. Mətnqurma mərhələsində bu modelin səciyyələndirdiyi ardıcıllıq dəyişməz qalır. Hadisə ilə adekvat olan elmi informasiya fəlsəfi düşüncə vasitəsilə bədii mətnə gətirilir. Fəlsəfi düşüncə, bir növ, elmi informasiya ilə bədii mətn arasında körpü - keçid aparatı funksiyasını icra edir.
 
Bu mövzuda isə hədəf seçdiyimiz elmi informasiya Nisbilik nəzəriyyəsidir və məqsədimiz bu nəzəriyyənin fəlsəfəsindən daxil etdiyimiz model əsasında bədii mətndə istifadə texnikasının şərhini verməkdən ibarətdir.
 
Klassik təsəvvürlərə görə zaman və fəza mütləqdir, onlar arasında heç bir daxili əlaqə yoxdur. Yəni hərəkət zamanın gedişinə təsir göstərmir və cismin xətti ölçüləri onun sükunət və ya hərəkət halında olmasından asılı deyil. Həmçinin işığın vakuumda (boşluqda) sürəti sonsuz böyükdür. Lakin Enşteynin "Xüsusi nisbilik nəzəriyyəsi" bu təsəvvürləri dağıtdı. Yeni təsəvvürlərin nədən ibarət olduğunu xatırlamaq və ədəbi-bədii müstəviyə adlamaq üçün əvvəlcə bu nəzəriyyənin bəzi nəticələri ilə tanış olaq.
 
İşıq sürəti.  Bu nəzəriyyə əsasında isbat olunur ki, heç bir cismin sürəti işıq sürətini aşa bilməz. Yəni işıq surəti təbiətdə mövcud olan ən böyük sürətdir. Qeyd edək ki, işıq surəti adətən "c" ilə işarə edilir və vakuumdakı sürəti saniyədə 300000 km.-ə bərabərdir ( c = 300000 km/san).
 
Fəlsəfi və bədii yanaşma. İnsan təfəkkürü hər hansı bir hadisə haqqında müxtəlif və rəngarəng fikir variasiyaları yaratmaq imkanına malikdir. Bu fikir variasiyalarının dərinliyi isə insan idrakının elmi, fəlsəfi, poetik və s. imkanlarının sərhədləri ilə ölçülür. İşıq sürəti anlayışı ətrafında da bir çox bədii-fəlsəfi düşüncə şəbəkəsi yaratmaq mümkündür. Bu fikir şəbəkəsindən bir neçə nümunəni nəzərdən keçirək ki, elmi informasiyadan bədii mətnə keçid üçün xammal hazırlaya bilək.
 
İşıq sürəti - zamanla müqayisədə sürət o qədər böyükdü, sanki zaman sürətin içində əriyib. Yalnız görünən sürətdir, zaman yox. Amma bəzi hadisələri müşahidə edərkən isə adamın ağlına tərs fikir gəlir. Asta-asta enən yarpaq, kəpənək uçuşu, qarışqanın hərəkəti və s. bu kimi hadisələri seyr edərkən sanki görünən zamandır, sürət o qədər kiçik təsir bağışlayır, sanki zamanın içində əriyib yox olur.
 
Beləliklə, elmi informasiyanın doğurduğu fəlsəfi mənzərələr bədii-fəlsəfi düşüncənin predmetinə çevrilir, mövzunun bədii həlli zamanı yaradıcı təfəkkür öz funksiyasını yuxarıda qeyd etdiyimiz modelin (Eİ - FD - BT) formalaşdırdığı bədii laboratoriya əsasında həyata keçirir:
 
İşıq sürəti
 
Sürətə bax: saniyədə 300 000 km. -
sürətin içində əriyir zaman.
 
Və heç bir cisim aşa bilməz bu sürəti,
isbat olunub riyazi.
 
Zaman nisbidi -
inandırır bizi cənab Enşteyn.
 
Sürət - vahid zamanda yerdəyişmədi -
cismin hərəkət əyrisi yəni.
 
Bax, bax: yarpaqdı enən, üstündə balaca bir həşərat.
Dayanıb sürət, yeriyir zaman.
 
Ağaca vida nəğməsi - yarpaq uçuşu,
sürəti azalır hər an.
 
Uçan yarpaqla birgə endi həşarat -
bitdi uçuş əyrisi - torpağın üstü ilə sürünür indi.
Zamanın içində boğulur sürət.
 
Doğuldu kəpənək - öldü kəpənək,
hardadı zaman, görünmür  sürət.
O nöqtəsində başlayıb elə O-da
bitdi hərəkət.
Uçuşun doğulan uçuşa həsrət.
 
Qəfəsdə asta-asta gəzişir aslan -
darıxır insan. Usanır bir qəfəslik sıxlıq,
məhv olur zaman, hardasa uyuyur
aslan sıçrayışına həsrətli bir "an".
 
Zaman, Sürət, Hərəkət.
Fizika qanunlarına sığmayan
hadisələr var.
 
Bax, bax: yarpaqdı saralır,
sürünür həşərat, doğulur kəpənək - ölür kəpənək,
qəfəsdə asta-asta gəzişir aslan,
həyatı yavaş-yavaş darıxır insan -
sürət ölçüsüz.
Hardasan, hardasan... hardasan, zaman?
 
Zaman və məkanın nisbiliyi. Xüsusi nisbilik nəzəriyyəsi və ya relyativistik mexanika fəza, zaman və hərəkət haqqında yeni elmi nəzəriyyədir. Relyativistik mexanika çox böyük sürətlə hərəkət edən cisimlərin mexanikasıdır. Bu nəzəriyyəyə görə zaman və fəzaya ayrılıqda deyil, bir-biri ilə bağlı şəkildə baxmaq lazımdır. Bu nəzəriyyənin əsasında iki postulat dayanır və postulardan zaman və məkan barədə alınan nəticələrin qısa məzmununu verməyə çalışaq. Klassik fizikadan fərqli olaraq Nisbilik nəzəriyyəsinə görə zaman və fəza mütləq deyil, nisbidir. Tərpənməz bir sistemə görə sürətlə hərəkət edən digər sistemdə hər hansı bir prosesin başlanması və bitməsi arasındakı zaman intervalı tərpənməz sistemdəki həmən zaman intervalından kiçik olur, cismin hərəkət istiqamətindəki ölçüləri isə qısalır. Bu nəzəriyyə əsasında sübut olunur ki, çox böyük sürətlə hərəkət nəticəsində zamanın yubanması, məkan ölçülərinin qısalması müşahidə olunur. Yəni isbat olunur ki, zaman və məkan ölçüləri mütləq deyil, hərəkətdən asılı olaraq dəyişən xüsusiyyətlərə malik olub, nisbidir.
 
Beləliklə, bu nəzəriyyə əsasında əldə etdiyimiz faktlar hadisələrə təkcə elmi deyil, həm də yeni fəlsəfi təfəkkürlə yanaşma üçün yeni sahə - düşüncə meydanı yaradır. Bu vaxta qədər təsəvvürlərdə zaman və məkan dəyişməz idisə, artıq bu fakt öz elmi gücünü itirməklə, bədii-fəlsəfi mahiyyətini də itirir. Zaman və məkana yeni baxış formalaşmağa başlayır. Yaradıcı təfəkkürdə hadisələrə və predmetlərə fərqli baxış sərgiləmək imkanı yaradır. İşıq sürəti, fəza və zamanın nisbiliyi haqqında yeni faktlar həm də yeni formatda və məzmunda bədii mətnlərin yaradılması imkanı yaradır. Artıq bu nəzəriyyənin verdiyi elmi faktların fəlsəfi düşüncə vasitəsilə yaradıcı təfəkkürə inikası fərqli bədii əsərlərin yaranması üçün həm də Nisbilik nəzəriyyəsində olduğu kimi yeni məkan-zaman sahəsi yaradır:
 
Nisbilik nəzəriyyəsi
 
Qəribə, bəzən də qəribə olduğu qədər də
qorxulu fikirlər gəlir ağlıma -
bir az da maraqlı fikirlər doğrusu.
 
Gözümü yumuram; məsələn,
ağlıma gəlir ki, uçuram işıq sürətilə.
Uçuram hara - bilmirəm - uçuram
və uzaqlaşıram bir göz qırpımında yaşadığım şəhərdən,
yaşadığım şəhərin yerləşdiyi ölkədən, yaşadığım ölkənin
sığındığı kürədən. Uzaqlaşıram bir anın içində...
sonra heç nə xatırlamıram.
 
Açıram gözümü; qayıtmışam.
Az qala heç kəsi və heç nəyi tanımıram.
Məkan tanınmaz dərəcədə dəyişilib.
Tanışlar həyatda yoxdu artıq,
məndən sonra doğulanlar qocalıb hətta.
Dəyişməyən, deyəsən, mənəm təkcə. Ya da
dəyişsəm belə, bu, nəzərə çarpmayacaq dərəcədə.
Lakin...
 
Sanki
ömürdən hansısa bir parçanı
salıb itirmişəm. Dəhşətə gəlirəm
və yaşanmış ömrümü gəzirəm
bütün bu dəyişmələr içində.

Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.