Cəmiyyət

Əməllərinin heç olmasından qorx

22 Sentyabr 2016 22:10
2 Şərh     Baxış: 1 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Peyğəmbərin sünnəsi göstərir ki, İslamın beş rüknündən hər biri günahları yuyur, xətaları silir: a) "lə illəhə illəl-lah" əqidəsi günahlara son qoyur; b) beşvaxt namaz gündəlik, cümə namazı həftəlik, Ramazan orucu da illik günahların bağışlanmasına səbəb olur; v) su odu söndürdüyü kimi, sədəqə də günahları silir; q) Allahın dərgahında qəbul buyurulmuş həcc insanı körpə uşaq kimi məsum edir; ğ) dua Allahı razı salır. Dua edən şəxs az əməllə Cənnəti qazana bilir.

Milli.Az azerimuslims.com-a istinadən bildirir ki, bütün bunların sirri ixlasdadır (səmimiyyətdədir) ki, bu da bir işi yalnız Allahın razılığı üçün görməkdir. Edilən əməllər ixlasdan uzaqdırsa, qəbul olunmaz, heç bir günahı yumaz, heç bir savab qazandırmaz. İxlas barəsində çox danışırlar, çox yazırlar, amma nədənsə ona az adam əməl edir.

İxlas incə məsələdir. Uca Allah buyurur:

"(Ya rəsulum!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi (ixlaslı) idi. O (Bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir peyğəmbər idi" (Məryəm, 51).

Ayədə ixlasın üstünlüyü və ehtişamından danışılır. Aydın olur ki, ixlas Həzrəti Musaya peyğəmbərlik bəxş edibmiş.

İxlas nədir?

İxlas bir işi şəxsi arzu və niyyətlərdən uzaq durmaqla yalnız və yalnız Allah üçün etməkdir. İxlas sayəsində insan günahlardan, dünyanın eybəcərliklərindən xilas ola bilər. Uca Allah buyurur:

"Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim ixlaslı bəndələrimizdəndir!" (Yusif,  24).

Ayədən görünür ki, ixlas pislik və biabırçılığı Yusif peyğəmbərdən sovuşdurur. Həmçinin, ixlas insanlara uca peyğəmbərlik məqamı bəxş edə bilir. Allah sevgisi ixlasın dərəcəsindən asılıdır.

İxlas bütün ibadətlərin qəbul edilməsinin ümumi şərtidir. Ondan xali əməl insanı Cəhənnəmə yaxınlaşdırar. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) deyib:

"Allah yalnız Onun rizasını qazanmaq üçün ixlasla görülən işi qəbul buyurar" (Nəsai, 5912).

İxlası yaxşı başa düşən Həzrəti Ömər Əbu Musa əl-Əş`əriyə (Allah onlardan razı qalsın!) yazmışdı:

"Kim niyyətində ixlaslı olarsa, Allah onun ehtiyaclarını və qayğılarını dəf edər".

Salim ibn Abdullah ibn Ömər də Ömər ibn Əbdüləzizə yazmışdı:

"Bil ki, ey Ömər, Allah insana niyyətinə görə kömək edir. Kim niyyətində ixlaslı olarsa, Allahın köməyi ona yetişər. Kim də niyyətində naqis çıxarsa, Allahın köməyinə həsrət qalar".

Deməli, əməllərin, duaların sayını artırmaq şərt deyil. Əgər əməllərdə ixlas varsa, az olmaları qəbahət sayılmır, yetər ki, ibadətdə səmimiyyət olsun.

İxlasın üç dərəcəsi vardır:

Birincisi peyğəmbərlərin, nəbilərin və onların layiqli davamçılarının ixlasıdır. Belə ixlasa sahib olanlar dünya və axirətdə heç bir məqsəd güdmədən yalnız Allahın sevgisini qazanmaq üçün Onun yolunda çalışarlar.

İkincisi axirət xoşbəxtliyinə - günahlarını əfvinə və Cənnətə nail olmaq üçün Allah yolunda çalışmaqdır.

Üçüncüsü də dünya səadəti (ruzini çoxaltmaq, əzab-əziyyətdən qurtulmaq...) naminə yalnız Allah üçün çalışmaqdır.

Əgər əməllərdə ixlasın heç bir dərəcəsi yoxdursa, bu, əməlləri heç edən riya deməkdir.

Riya dünyəvi qazanc üçün çalışmaqdır. Riya uğur və nailiyyətlərin qəlbi əsir etməsidir.

Riyanın bir neçə dərəcəsi vardır:

Birincisi insanlar görsünlər, tərifləsinlər deyə zahirdə yaxşı əməllər işləyib, əməlisaleh və təqva sahibi adını qazanmaqdır.

İkincisi insanların yanında özünü yaxşı göstərmək, səylə çalışmaq, tək qalanda isə tənbəllik etməkdir.

Üçüncüsü daha pisdir ki, bu da haramı əldə etmək üçün itaətkarlıq göstərməkdir.

Dördüncüsü nisbətən az təhlükəlidir. Bu zaman insan dünyəvi məqsədlər üçün deyil, başqalarının onu həqarət etməsindən, onu xeyirxah insan hesab etməyəcəklərindən çəkinərək özünü yaxşı göstərir.

Bütün bunlar riyadır. Riyanın azı belə günahdır. Aşağıdakı hədislərdən də görəcəyik ki, riyakarlıqla edilmiş əmələ heç bir savab yazılmaz.

Əbu Hüreyrə (Allah ondan razı qalsın!) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) Allah təalanın belə buyurduğunu deyib:

"Məxluqatdan kimisə özümə şərik götürməyə ehtiyacım yoxdur. Kim Mənə ortaq qoşaraq Mənim adıma iş görərsə, bunu Mənim üçün deyil, Mənə şərik qoşduğu kəs üçün etmişdir" (İbn Macə, 4202).

Əbu Səid ibn əbu Fədalə əl-Ənsari (Allah ondan razı qalsın!) Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) belə dediyini rəvayət edir:

"Şəkk-şübhəyə yer qoymayan Qiyamət günündə Allah insanları bir yer cəm etdiyində bir səs eşidilər: "Kim Allah adına etdiyi əməlində Ona şərik qoşmuşsa, əməlinin savabını Allaha şərik qoşduğu kəsdən tələb etsin. Allahın ortaq edilməyə ehtiyacı yoxdur" (İbn Macə 4203; Tirmizi 3152).

90) Əbu Hüreyrə (Allah ondan razı qalsın!) rəvayət edir ki, Allahın rəsulu (Ona Allahın xeyir-duası və salamı olsun!) deyib:

"Allah sizin bədənlərinizə, simalarınıza deyil, qəlblərinizə və əməllərinizə baxar" (Müslim, 2564/34).

Əgər insan Allah naminə (ixlasla) bir iş görməyi niyyət edib, sonradan bu işi gördüyü zaman riyakarlıq edərsə, iki hal özünü göstərər:

a) Sonu əvvəli ilə əlaqəli əməllərdə (namaz, oruc...) başlanğıcda səmimi-qəlbdən niyyət etmişiksə və sonradan riya təhlükəsi yaranıbsa, riyanı dəf etməyə və bacardığımız qədər ondan xilas olmağa çalışmalıyıq. Belə olan halda riyanın təhlükəsi qalmaz.
b) "Hissələr"i bir-biri ilə bağlı olmayan əməllərdə (zikr etmək, Quran oxumaq...) başlanğıcda ixlaslı olub sonradan riyakarlıq göstərsək, savab yalnız ixlasla etdiyimiz "hissə" üçün yazılar.
İnsanların ixlaslı birisini işini görüb qurtardıqdan sonra tərifləmələrində bir qəbahət yoxdur.

Uca Allahdan əməllərimizdə ixlaslı çıxıb, alçalmaqdan hifz olunmağı diləyirik. O, hər şeyə qadirdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.