Nə qədər bunu çox istəsən də, o səni seçmədi. Başqa qadın sənin yerindədir, sənin ola bilən həyatını yaşayır, umduğun sevgini, sığalları hiss edir. Sənsə qırılan xəyallarınla çarpışırsan. Kişilər necə seçim edir ki, başa düşmürsən?
Elə də qadınlar var ki, diqqət mərkəzində. Həmişə elələrini seçirlər, onlar üçün hər şeyi edirlər, ən əsası - sevirlər. Ola bilər, bir az onlarla danışsaydın, səndə də alınardı.
Görəsən, kişilər qadınları necə seçirlər? Yetərincə gözəl, ağıllı, işgüzar, evdar, ciddi və ya əyləncəli? Qaraşın, yoxsa sarışın, model görünüşlü, yoxsa balıq ətli?
Yaxşı və pis qadın
"Bizim üçün ola bilər ki, hansısa avropalı qadın öz evində "ev işlərinin 50 faizini mən görürəmsə, 50 faizini, ərim, sən görməlisən, əks halda mən səninlə yaşamaycağam" deyirsə, pis qadındır. Bu bizim üçün yaxşı qadın sayılmır. Bizim mentalitetə uyğun deyil.
Bizə uyğun və yaxud bizə uyğun olmayan qadın var. Pis və ya yaxşı qadın kişinin tələblərinə nə dərəcədə cavab verməyilə ölçülür. Məsələn, hansısa kənddə, bölgədə ev işlərini görən, inəyi sağan, toyuq-cücəyə baxan qadın yaxşı qadın sayılır.
Yaxud şəhərlilər gözəl qadın haqda danışanda deyirlər ki, bir az arıq olsun, müasir dövrün tələbiylə modelə oxşasın. Bu bizim üçün gözəl qadındır.
Əgər 19-cu əsrlərdə desəydiniz ki, hansı qadın gözəl qadındır? Sizə cavab verərdilər ki, totuq-motuq, kök, iri sinəli olsun. Bu cür yanaşma var.
Yaxud səhv etmirəmsə, Mavritaniyada qadınların çəkisi gərək 100-dən aşağı olmasın. 100-dən aşağı olsa, bu çox pis sayılır. Həmin ailə qınaq obyektinə çevrilir. Köklük, 100-dən çox kilo ailənin samballı olmağı deməkdir. Ona görə Mavritaniyada qız uşaqlarını döyə-döyə yedizdirirlər", - deyə Peşəkar Psixoterapiya Liqasının Bakı ofisinin rəhbəri, psixoloq Dəyanət Rzayev Milli.Az-a bildirib.
D.Rzayev deyib ki, bizim kişilər üçün pis qadın sədaqətli olmayan qadındır: "O, pisdir, o, ölümə məhkumdur. Şərqdə də belədir. Amma Avropada belə bir şey olubsa, deyirlər ki, deməli, səbəb ərində olub. Nəsə ailəsində problem olub. Bu, ümumiyyətlə, pis sayılmır.
Yaxşı və pis mədəniyyət olmur. Müəyyən ölkənin, xalqın milli dəyərlərinə uyğun olan və uyğun olmayan qadın var. Əgər ərəblər bir-birlərinə yaxın məsafədə dayanıb söhbət edirlərsə, bu onlar üçün normal sayılır. Amma amerikalılarda insanlar arasında ən azı əl uzunluğunda məsafə olmalıdır".
Kişi öz anasına oxşar qadını seçir
Psixoloqun fikrincə, şüuraltı olaraq birinci emosional impulsu kişi qadının xarici görünüşündən alır: "Xarici görünüşün də müəyyən standartları var. Kişinin özünə qiymətindən də çox şey asılıdır. Ən əsası odur ki, kişi qadını seçəndə şüuraltı olaraq öz anasına oxşayan birini seçir. Müəyyən üz cizgiləri var, şüuraltı insan bunları qəbul etməyə başlayır. Bir də ayılır ki, seçdiyi xanım onun anasına bənzəyir. Xasiyyətcə, xarici görünüşcə və s. Kişilər seçimi belə edirlər.
Belə bir misal var, deyirlər ki, kişilər gözləri ilə, qadınlar qulaqları ilə sevirlər. Kişilər qadın seçəndə gözəlliyin müəyyən standartlarının təsiri altına düşürlər. Siz əgər 10 qadın şəkli qoysanız və müxtəlif kişilərə desəniz ki, ən gözəlindən tutmuş az gözəlinə qədər şəkilləri seçin, inandırım sizi, bununla bağlı dünya alimləri tədqiqat aparıblar və kişilərin zövqünün üst-üstə düşdüyünü aşkara çıxarıblar. Yəni kişilərin əksəriyyəti 10 gözəl qadın şəklindən eyni qadınları ən gözəl seçəcək.
Yaxınlarınız arasında gəlinə və qaynanaya fikir verin, görəcəksiz ki, üz cizgilərində, xasiyyətlərində oxşarlıq var. Elə də olur ki, insan özü seçmir. Onu tanış edirlər. Deyirlər ki, filan qız var. Get ona bax. O, da qız anasına oxşamasa da evlənir. Ona seçim versələr ki, anasına oxşayan, yoxsa başqasını seç, o, təbii ki, şüuraltı olaraq anasına bənzəyəni seçəcək. Bu elə bir şeydir ki, müəyyən konkret olaraq elmi standartlar və s. yoxdur. Bəzi hallarda kişi anasına bənzəməyən xanımı da seçə və sevə bilər".
Rzayev qeyd edib ki, heyvanların cinsi münasibət üçün bir-birini seçməsi çox maraqlıdır: "Heyvanlar irsi xəstəliyi olan əks cinsləri seçmirlər. Bu səbəbdən də heyvanlarda irsi xəstəliklər yoxdur. Amma insanlarda var. Məsələn, deyirlər ki, pişik öz balasını yedi, ya da hansısa heyvan öz balasını atdı getdi. Bu nəyə görə baş verir? Əgər heyvan hiss edirsə, onun övladında gələcək nəsil üçün təhlükə, irsi xəstəlik və s. var, onda həmin balanı tələf edir. İnsanda bu hissiyyat yoxdur. İnsanda bu itib.
Heyvanlar aləmində erkəklər dişilərdən daha gözəldirlər. Məsələn, tovuzquşu erkəklərin necə uzun gözəl quyruğu olur, ya da erkək itlərin sinələri necə qəşəng olur. İnsan aləmində isə əksinə olur. Kişi meymuna oxşayır, qadınlar gözəl olurlar. Belə bir fərq var (gülür)".
Kişilər qadında nəyi qiymətləndirirlər?
ATV-nin aparıcısı Afaq Gəncəlinin sözlərinə görə, qadın görünüşcə mütləq incə olmalıdır: "Davranışı, oturuşu, duruşu estetik baxımdan zövq verməlidir.
İnsanın tərbiyəsi oturuşu, duruşu və danışığından bəlli olur. Qadın mənim üçün kobud olmamalıdır, incə olmalıdır. İstər rəftarı, danışığı və s. baxımdan".
A.Gəncəli bildirib ki, qadının ruhu qadın olmalıdır: "Ruhu qadın oldusa, deməli, onun oturuşu, danışığı, tərbiyəsi, hər bir şeyi ona uyğun olacaq. O ruhdakı qadınlıq olmadı, haradasa kobudluq oldu, heç vaxt kişilərin diqqətini cəlb etməz".
Onun dediyinə görə, qadınlarda gözəlliyə o qədər də fikir vermirlər: "Elə gözəl xanım var, baxırsan ki, qupqurudur. Nə olsun ki, gözəldir. Bizdə gözəl xanımlar çoxdur. Amma yapışmır. Kontakt, xarizma, şirinlik yoxdur. Elə qadınlar kişiləri cəlb edə bilmirlər. Gözəllikləri ilə cəlb etsələr də, quruluğu ilə adamı özündən itələyirlər.
Tanıdığım insanlar arasında da çox var. Baxırsan, deyirsən: "Yüzdə yüz qadındır da!" Gözəlliyi, hər şeyi var. Allah onu yaradıb da o gözəlliklə. Gəl ki, xasiyyətlə insana yapışmır".
Gəncəli deyib: "Mənə qarşı olan xoş münasibət, komplimentlər çoxluq təşkil edir. Davranışımı, oturuşumu, duruşumu bilən bir xanımam. Yəni mənə hər zaman belə deyirlər. Yəqin, bəyənirlər də. Mənə elə gəlir ki, oturuşuna, duruşuna, dediyi kəlmələrə fikir verən, yerini bilən xanımı daha çox bəyənirlər. Kişilərin fikrincə, belə olar.
Kim istəməz ki, yanında özünə hörmət edən qadın olsun. Qadın mütləq özünə hörmət etməlidir. Özünə hörmət edən qadın qarşı tərəfə də hörmət edir. Kişilər də ən əsas bunu qiymətləndirirlər".
Belə qadınlarla ciddi münasibət qurmaq olar
Azvision.az saytının redaktoru Vüsal Məmmədov deyib ki, ən yaxşısı evlənməməkdir: "Amma bir halda ki, evlənməyi qərara almısan, elə insan seçməlisən ki, o, gələcəkdə sənin azadlığını mümkün qədər az məhdudlaşdırsın; şəxsi həyatın heç olmasa qismən toxunulmaz qalmasına hörmətlə və anlayışla yanaşsın. Çünki insanın fərdi azadlığı və şəxsən özünə məxsus məkanı qalmayanda, həyatda hər şey ləzzətini və marağını itirir, yaşayış qəfəsə çevrilir. Hər bir insan həmişə yeniliklərə - yeni münasibətlərə, yeni əyləncələrə, yeni maraqlara, məşğuliyyətlərə can atacaq. Mütləq belə olacaq. Əgər dediyiniz "ciddi münasibət", yaxud ailə bunun qarşısını alacaqsa, onda gec-tez insanı bezdirəcək və yükə çevriləcək. Ona görə də məncə, ilk növbədə kişinin azadlığına dəyər verməyi bacaran qadınla ciddi münasibət qurmaq lazımdır".
Redaktor bildirib ki, hər bir kişinin altşüurunda uşaqlıqdan formalaşıb qalan qadın obrazı var: "İlk seçim buna əsasən, alt şüurun diqtəsilə olur. Bu, bir müddətdən sonra keçir, kişi şəxsiyyət kimi formalaşdıqca, yetkinləşdikcə estetik baxışları, qadın seçimi üçün kriteriyaları dəyişir. Müəyyən dövrdən sonra elə qadın istəyir ki, onun yanında olanda özünü rahat, məmnun hiss eləsin, nəyə görəsə kompleks keçirməsin... Elə qadın ki, onunla ünsiyyət sənə maraqlı, bir az da əyləncəli gəlsin, onun yanında özünü təsdiq etməyə ehtiyac duymayasan. Və əlbəttə ki, səni özünə məxsus əşya kimi görməsin, azad şəxsiyyət kimi tanısın".
Aynurə Məmmədova
Milli.Az