Cəmiyyət

Bu, yalnız “Allah!” deməklə mümkündür...

26 Aprel 2016 21:20
4 Şərh     Baxış: 2 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Allahı vəsf edən nəğmələrdən birini dinləyirdim. Birdən diqqətim ona yönəldi ki, ifaçı bu nəğmədə durmadan Allahı çağırır. O, bunu o qədər qəlbdən edirdi ki, Allah kəlməsi insanı büsbütün əhatə edirdi və onu başqa bir şey haqda düşünməyə qoymurdu.

Düşündüm, o, niyə belə edirdi? Niyə bu qədər dərindən, insanı əl-qolunu yanına salmağa vadar edəcək şəkildə Allahı çağırırdı. Elə bil hayqırırdı. Allaha yalvarırdı. "Məni eşit, Səni çağırıram" deyirdi.
Bəlkə bir dərdi vardı...
Əlbəttə, düşünmək ki, insan yalnız dərdi olanda Allahı çağırar - qəribədi... Bəlkə xəstədi, bəlkə bir təmənnası var, heç kimə söyləyə bilmir, bəlkə övlad həsrətindədi, bəlkə əzizinin başı dərddədi...
Bir neçə saniyə ərzində nə düşünmək olarsa bu barədə, düşündüm.
Ola bilər ifaçının dərdi vardı, amma bu zaman diqqətimi bir başqa məsələ çəkdi - diqqətimin Allaha yönəlməsi və yönəldilməsi.
İfaçı "Allah!" dedikcə, düşüncələrim Allahla dolurdu və beləliklə, düşüncələrimin doğulduğu yer olan qəlbim də ona lazımlı olan doğru bir hala çatırdı.
Elə bil ki, qəlbim işıqlanırdı.
Bu işığın izindən, yəni keçirdiyim gözəl hisslərdən anlayırdım ki, ifaçının Allah deməsi kifayət qədər səmimidir. Yəni, o, bu ifanı edərkən Allahdan başqasını nəzərə almayıb. Allah üçün ifa edib.
İşığın təsirindən qəlbimdə doğan duadan da bildim bunu. Əvvəlcədən hazırlanmamış, məhz həmin anda olan bir arzudan. İfaçının səmimi niyyətinin cavabı idi bu dua.
Dilimlə də etdim bu duanı.
Başa düşdüm ki, bu duanın onun həyatına təsiri olacaq.
Bu nəğməni dinləyən və eyni hissləri keçirən neçə insanın olduğunu da düşündüm.
Bir təsəvvür edin, neçə qəlb dua edir bu səmimiyyət üçün və neçə belə qəlbi sevindirmək üçün Allah nəzər edir.
Bizim kimi dili omayan məxluqun - yarpağın, otun, ağacın Allah deməsini eşitmək çətindi, çünki onların dili və səsi duymağa və ya eşitməyə vərdiş etdiyimiz şəkildə deyil. Bir insanın belə Allah deməsini eşitmək asan olmaya bilər. Qəlblərin bunu eşitməsi və ya görməsi üçün bir hazırlığlı olmalıdır.
Bəzən eşitdiyimiz təsirsizdir, bizdə iz qoymur. Bu, ya deyənin, ya da eşidənin ucbatından ola bilır. Ya deyənin qəlbi kifayət qədər mərifət kəsb etməmişdir ki, bu sözlə nəyisə eşitdirsin, ya da eşidənin qəlbi kifayət qədər hazır deyil ki, deyiləni eşitsin.
Əslində varlıq aləmində hər nə var, "Allah!" deyir.
Hər nə var.
İstər canlı hesab edək onu, istər etməyək.
Cansız hesab etdiklərimizin Allahı çağırması, onların buna iradə etməsi, xüsusi səy göstərməsi ilə baş verməsə də, insanın Allah çağırışı onun xüsüsi əzmi və iradəsi ilə həyata keçir.
İnsanın fitrətində var bu çağırış. Axtarış.
İnsan bu fitri qabiliyyətini oyaq saxlasa, itirməsə onu özü üçün son dərəcə əhəmiyyətli olan bir gücə çevirə bilir. Qalıcı bir gücə.
Allah dinimiz vasitəsi ilə bizə çatdırır bu fitri qabiliyyətləri necə qoruyub saxlamağın yollarını - biz iman gətirməliyik və imanla dolmalıyıq.
İngiliscə iman "faith"dir (feys), imanlı şəxsə isə "faithfull" deyirlər. Yəni imanla dolu olan şəxs.
Bəlkə bu ifadə fikrimi daha yaxşı izah etməyə kömək edər deyə, istifadə etdim burada.
"Allah!" demək nədir?
"Allah!" demək odur ki, nə olursa-olsun, nə baş verir-versin bir şeyi mütləq yadda saxlamaq lazımdır.
Özü də qoruyub saxlamaq. "Save" (seyv) etmək. Kayd etmək.
"Save" - yəni qoruyub saxlamaq. O şey ki var, amma itə bilər. Gərək diqqət edəsən ki, o, həmişə olsun, qalsın.
Kayd etmək - yəni yaddaşa yazmaq. Birdəfəlik.
Beləliklə, yaddaşa bunu yazmaq lazımdır:
- İnsanın bir başlanğıcı, bir sonu, bir də bu günü var.
Həm başlanğıc Allahdır, həm son, həm də bu gün. Allahdan kənar heç nə yoxdur. Hər şey Allahda baş verir.
Hər şey Allahındır.
Yəni hər şey.
Bir düşünək. Şeylər nədir?
Kiçik bir düşünməyə nələri sığışdıra bilərik?
Bəs geniş düşüncəyə?
Bəli. Hər şey.
Hər şeyi Allah əhatə etmişdir. Allahı əhatə edə biləcək bir şey yoxdur.
Hər şey onun olduğu üçün - hətta biz də, həyatımız da - özümüzü və həyatımızı bu tək və şəriksiz olanın iradəsi ilə nəzərdən keçirməliyik. Hər bir şey haqda ən düzgün məlumat Onda olduğu üçün, diqqətlərimizi Ona yönəltməliyik.
Bizim həyatımızla bağlı verdiyimiz hər bir qərar İlahi süzgəcdən keçməyincə, əleyhimizədir və zərərimizədir. Bunu dərk etməliyik.
Bunları başa düşmək çətin ola bilər, ən azından bu barədə düşünməli və Allaha doğru yollar axtarmalıyıq. Bu yollarda bizi düşünməkdən saxlayan, əqldən bir qüvvə kimi istifadəyə mane olan hər bir vasitə və vasitəçilərdən ehtiyatlı olmalıyıq.
İndi İslam dini adına danışan və iş görən çoxdur, amma həqiqi İslam - dərin tanıma, dərk etmə ilədir.
İnsan Allah dedidkcə, yəni bu deyilənlərlə razılaşıb qəbul etdikcə, əvvəllər başa düşmədiyi, ona çətin gələn İlahi mətləbləri dərk etməyə başlayır.
"Allah!" demək - Allahla razılaşmaq deməkdir. Onun buyurduqlarına boyun əyməkdir. İtaət etməkdir. Əməl etməkdir.
Bir əməli icra edərkən, bu əməli Allah bəyənərmi? Bəyənərsə - edib, bəyənməzsə - etməyim deməkdir və deyib, əməl etməkdir.
Etdikcə, Allahı daha çox tanımaq və sevməkdir. Daha çox Ona bağlanmaqdır.
Ona görə ki, məhz bu İlahi planlama və ya tərbiyə sistemi ilə insan öz gücünü aşkar edə bilir. Peyğəmbərlər (ə), məsum İmamlar (ə) və İlahi övliyalar bu yolla getmişlər və onların gücünü və qüvvəsini seyr etməkdəyik.
İnsan azadlığı bir başqa yerdə axtarmamalıdır. İnsanın azadlığı onun gücündədir. Bu güc - onun fitrətindədir. Allah tərəfindən ona bəxş edilmişdir.
Başqa yaradılmışlardan fərqli olaraq, insana iradəsini tətbiq etmək imkanı verilmişdir və ondan gözlənilir ki, o, bu verilmiş iradəni sərf edərək, özü Allahı çağıracaq, axtaracaq, tapacaq. Yenə çağıracaq və yenə Allahı tapacaqdır. Yəni Allahı tanıdıqca, daha çox onun barəsində öyrənəcək, onun barəsində öyrəndikcə öz daxilində olan qüvvələrinin üzərinə işıq düşəcək. İnsan sanki onu bürümüş zülmət sədlərini, pərdələrini aradan götürəcək və həqiqi insanlığın nə olduğunu görə biləcəkdir.
İndi qayıdıram insanın niyə Allahı vəsf etməsinə, belə cani-könüldən onu çağırmasına və hayqıraraq, "Allah!" deməsinə.
İnsanın "Allah!" deyərək çağırması əslində həmin o daxili daha düzgün və güclü insanı axtarmasıdır.
O, bilir ki, bu, yalnlz "Allah!" deməklə mümkündür, ona görə də belə edir. Allah üçün edilmiş bir iş hər şeydən əvvəl onu edənin özünə lazımdır, çünki bu, onun daxili qüvvələrini üzə çıxarır, onun həqiqi insanlığını formalaşdırır.
Gözəl bir bağ yaranır burada insan və Allah arasında.
İnsan Allah üçün nəyisə edir, əvəzində özü üçün qazanır.
Yəni etdiyini Allaha görə edir, amma nəhayətdə özünə, mükəmməl insan olmasına xidmət edir.
Allahım, bizi bu əzəmətli münasibəti dərk edənlərdən qərar ver.

deyerler.org

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.