Cəmiyyət

"Ürək zərgəri"

8 Dekabr 2015 07:04
Baxış: 4 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il 8 dekabr tarixində respublikamızın tibb sahəsi milli kardiocərrahiyyənin banilərindən biri olan, Azərbaycanda ilk ürək cərrahiyyəsinin məktəbinin yaradıcısı, tibb elmləri doktoru, professor Fikrət İsmayıl oğlu Zərgərlinin xatirəsini yad edir.

F.Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub, 1947-ci ildə 6 №-li məktəbi gümüş medalla bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ.M.Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. Bilik və savadına görə F.Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 №-li Moskva şəhər xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı. Daha sonra isə 1967-ci ildə F.Zərgərli öz fəaliyyətini A.L.Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi. 1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktor dissertasiyasını müdafiə etdi. Həmin dissertasiya ən ağır və geniş yayılmış anadangəlmə ürək qüsurlarından birinə həsr olunub. Qeyd edək ki, F.Zərgərli məşhur akademik B.V.Petrovski tərəfindən aparılan dünyada ilk əməliyyatlardan sayılan ürək anevrizması əməliyyatında yaxından iştirak etmişdir.

1966-cı ildə F.Zərgərli bir qrup cərrahlarla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü.

Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin dəvəti ilə 1976-ilin oktyabr ayında F.Zərgərli Bakıya qayıtmışdır. 1978-ci ildən etibarən o, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı oldu. Qısa bir müddətdə istedadlı alim Azərbaycanda nümunəvi cərrahi şöbə yaratmış, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlamışdır. Bu şöbə sonradan böyüyüb Respublika Kardiologiya Mərkəzinə çevrilmişdir.

Tanınmış həkimin bacarığına, istedadına, biliyinə inanan xəstələr məhz Zərgərli tərəfindən müalicə almaq üçün Sovet Birliyinin digər respublikalarından Azərbaycana gəlib burada şəfalarını tapırdılar. Müxtəlif illərdə Moskva və Bakı şəhərlərində F.Zərgərlinin rəhbər etdiyi  şöbələrdə açıq ürək üzərində 1500 əməliyyat aparılmışdır.

Görkəmli alim daim tibb elminin inkişafı üçün çalışırdı. Həmçinin, o, 150-dən çox elmi əsərlərin, məruzə və məqalələrin müəllifidir. Fikrət həkim dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və s. ölkələrdə "Ürəyin blokadasına" aid mövzularla simpoziumlarda çıxış edib.
F.Zərgərli qısamüddətli xəstəlikdın sonra 1984-cü ildə vəfat etdi. Hal-hazırda Salyan regionlararası kardioloji dispanseri professor F.Zərgərlinin adını daşıyır.

Məlumdur ki, hələ sovetlər dönəmində Azərbaycanın ürək əməliyyatları sahəsindəki uğurları çox olub. Əməliyyatlara kütləvi şəkildə 1978-ci ildə cərrah Fikrət Zərgərli tərəfindən başlanılıb və həmin dövrdə yaranmış Zərgərli məktəbi həm də ümumilikdə Sovetlər Birliyinin bütün dünyada fəxrlə adını çəkdiyi işlər görüb. Hazırda Fikrət Zərgərli məktəbinin davamçıları, bacarıqlı və işgüzar alimlərimiz ölkədə kardiologiya elminı uğurla inkişaf etdirirlər.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycan kardiologiya cəmiyyətinin III Milli konqresi çərçivəsində F.Zərgərlinin 85 illiyinə həsr olunmuş simpozium keçirilmişdir.

Maraqlıdır ki, istedadlı cərrah sənət aləmində də iz qoyub. Belə ki, az adama məlumdur ki, sözləri böyük şairimiz Mirmehdi Seyidzadəyə, musiqisi gərkəmli bəstəkar Ələkbər Tağıyevə məxsus korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasında səslənən "Mehriban həkim" mahnısı şair tərəfindən 1975-ci ildə məhz Fəkrət Zərgərliyə həsr edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.