Cəmiyyət

"Zəngəzur" restoranını kim "vurur", zəhərlənmə təsadüfidir, yoxsa?.. - FOTO

12 Avqust 2015 20:04
4 Şərh     Baxış: 4 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə kütləvi zəhərlənmə ilə əlaqədar "Zəngəzur" restoranının bağlanması xəbəri yayılmışdı. Mediaya bu məlumatı Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev vermişdi. 

Şöbə müdiri bildirib ki, ilkin müayinələr zamanı hazır qidalarla bişməmiş qidaların  bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb: "Məlum olub ki, şadlıq evində qidaların, hazırlanan yeməklərin saxlanılmasında gigiyenik və saxlanma qaydalarında kobud pozuntuya yol verilib".  

Məlumat üçün bildiririk ki, avqustun 8-də Binəqədi rayonundakı "Zəngəzur" şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən şəxs, o cümlədən, 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilib. 

Bundan sonra Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi "Zəngəzur" şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Amma əldə etdiyimiz məlumata görə, müəssisə fəaliyyətini hələ də davam etdirir. Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən restorana baş çəkdik.

Restoran hər zaman olduğu kimi, yenə də müştəri qəbul etməyə hazır idi. Jurnalist olduğumuzu bildirmədən restorana daxil olduq. Özümüzü müştəri kimi təqdim edərək, qiymətlər və şəraitlə maraqlandıq. İlk baxışdan hər şey qaydasında görünürdü. Sadəcə, içəridə xlor qoxusu güclü formada hiss edilirdi. Bunun da səbəbi restoranda dezinfeksiya işlərinin aparılması idi.

Restoranın direktoru Şükür Məmmədovla söhbətləşdik. Müştəri kimi suallar verərək, bilgi toplama çalışdıq. Söhbət yeməklərin keyfiyyətinə çatdıqda Ş.Məmmədov özü zəhərlənmə ilə bağlı danışmağa başladı: "Biz 12 ildir ki, fəaliyyət göstəririk və bu günə kimi bizdə belə bir hadisə olmamışdı. Bu hadisədə də bizim günahımız yoxdur. Toy normal keçib, bitib. Hər zaman olduğu kimi, toy sahibləri istifadə edilməyən yeməkləri aparıblar. Amma normal şəkildə yox... Çünki biz istək olarsa, özümüz səliqəli formada, qidanın saxlanılma şəraitini gözə alaraq, onları qablaşdırıb, toy sahibinə təqdim edirik. Bunlar isə özləri selofan torbalara yeməkləri doldurublar. Hava da istidir. Yeməklər xarab olub. Sonra onu yeyiblər və zəhərləniblər. Biz fəaliyyətimizə davam edirik. Restoran bağlanmayıb. Sadəcə, laborator müayinələr götürülüb, nəticələrini gözləyirik. Ekspertizadan da gəlmişdilər. Dezinfeksiya da edilib. Bizim heç bir problemimiz yoxdur".

Şadlıq evində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar aparılan laborator müayinələrin nəticələri artıq məlum olub. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev "report"a bildirib ki, şadlıq evindən ümumi gigiyena vəziyyətini aydınlaşdırmaq üçün 22 yaxma nümunəsi götürülərək, analiz olunub: "22 yaxma nümunəsindən 9-da bağırsaq çöpləri aşkar edilib. Mikrobioloji çirklənmələr boşqablarda, salat qablarında, xüsusilə də işçilərin, eləcə də aşpazın, çörək doğrayanın, qabyuyanın əllərində (hansı ki, onların əlləri tərtəmiz olmalıdır) müəyyən olunub. Eyni zamanda, müəssisədəki suyu da yoxlamışıq. Suda heç bir problem çıxmadı".

O, həmçinin qeyd edib ki, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qəbul etdiyi qərarı həm sahibkara, həm də aidiyyəti dövlət qurumlarına təqdim edib: "Həmçinin 80 nəfərədək insanın zəhərlənməsi səbəbi ilə rayon prokurorluğuna müraciət edilib. Sahibkar müəssisənin fəaliyyətini icazəsiz olaraq, özbaşına bərpa etmiş olsa, o zaman məsuliyyət daşımış olacaq. Bir məsələ də var ki, şadlıq evinin fəaliyyəti davamlı olaraq, qadağan edilməyib. Sadəcə, baş verən hadisəyə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Bunun üçün həmin müəssisəyə artıq gigiyenik tələblərin yerinə yetirilməsi barədə təkliflər verilib".

Musavat.com-un əldə etdiyi məlumata görə, "Zəngəzur"un yaxınlığında onunla eyni tipli - yəni şadlıq sarayı, restoran və saunası olan "White Palace" adlı kompleks tikilib. 

Məlumatda iddia olunur ki, həmin obyekt Azərbaycanın çox nüfuzlu generallarından birinindir. Həmin adam "Zəngəzur"un sahibindən kompleksi bağlamağı tələb edib. "Zəngəzur"un sahibinə hətta kompleksi satmaq da təklif olunub. 

Obyektə 7 milyon dollar qiymət qoyulsa da, generalın adamları yalnız 3 milyon verə biləcəklərini deyiblər. Anlaşma bu səbəbdən alınmayıb.

Obyektin bağlanması ilə generalın adamları ilə konfliktin nə dərəcədə əlaqəsi olub-olmadığını demək olmaz. Çünki ortada zəhərlənmə faktı var. Amma o da faktdır ki, "Zəngəzur" kimlərinsə biznesinə əngəl olub və zəhərlənmə olayı rəqiblərin işinə yarayıb. 

Çünki restoranla bağlı yazılan xəbərlərdən sonra bu şadlıq sarayının nüfuzuna ciddi ziyan dəyib. Bu da, restoranın maddi dəyərinin aşağı düşməsi deməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.