Cəmiyyət

Növbəli iş rejimi Əmək Məcəlləsinə uyğundurmu?

4 May 2015 09:53
0 Şərh     Baxış: 3 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sahib Məmmədov: "Vaxtından əlavə işə görə vəzifə maaşı artıq ödənilməlidir"

Azərbaycan Nazirlər Kabinetinin iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı artıq qüvvəyə minib. Sərəncam "Bakı-2015" l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar imzalanıb. Sərəncam Bakı şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərə şamil edilir.

Sərəncamda qeyd olunub ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir.

İşçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək; işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək; işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək; işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək; Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir. Belə ki, işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, digər 50 faizi üçün isə saat 8:30-dan saat 17:30-dək.

Maraqlıdır, növbəli iş rejimi Əmək Məcəlləsinə uyğundurmu? Artıq iş saatlarına görə işçilərə əlavə pul veriləcəkmi?

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bunun dünya praktikasında da baş verən bir hal olduğunu və heç bir əmək məcəlləsinə tərs olmadığını bildirdi: "8 saatlıq iş rejimi yenə də qalır. Sadəcə olaraq qrafik dəyişilir. Əmək məcəlləsi iş rejimi məsələlərini tənzimləmir. Bu işə götürənin öz hüququdur ki, iş rejimini özü tənzimləsin. Amma bu iş rejimi 8 saatdan artıq olmamalıdır. Bu iş rejimi də 1, 2, 3, 4 və daha artıq növbəli ola bilər. İş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı isə müvəqqəti bir tədbirdir. Yəni bu pik sıxlığın qarşısını almaq üçün olan bir tədbirdir. Nə qədər effektli olacağını deyə bilmərəm.

Çünki Azərbaycanda yarım milyon hüquqi və fiziki şəxs və iş yeri var. Onun da əksəriyyəti Bakıda cəmləşib. 263 nəfər də dövlət əmək müfəttişidir. Onları bir-bir yoxlamaq mümkün deyil. Həmçinin 3-5 nəfərlik xırda iş yerlərində bunları tənzimləmək mümkün olmayacaq. Yalnız iri müəssisələrə nəzarət etmək olar. Qeyri-formal əmək bazarına nəzarət etmək heç mümkün deyil. Buna görə də effektin nə dərəcədə olacağını bilmirəm. Amma Nazirlər Kabinetinin qərarında Əmək Məcəlləsinə zidd olan heç nə yoxdur. Əslində iş rejimini müvəqqəti tənzimləməyi meriya da edə bilərdi. Dünya praktikasında bu cür hallar var. Yəni bu hal qəbul olunan və mövcud olan bir praktikadır".

S.Məmmədov bildirdi ki, müəyyən bir saata qədər işləyən iş yerlərində iş saatının artırılması ilə əlaqədar olaraq həmin saata uyğun əlavə maaş verilməlidir: "İş vaxtından artıq işə görə Əmək Məcəlləsinə uyğun olaraq ən azı vəzifə maaşı artıq ödənilməlidir.

Əgər ödənilməyəcəksə, bu artıq qanun pozuntusu hesab ediləcək. Çünki bu Əmək Məcəlləsində birmənalı yazılıb ki, iş vaxtından artıq həftə ərzində işçini 4 saata qədər iş vaxtından artıq işə cəlb etmək olar. Bu zamanda ona əlavə hasilat işə muzd sistemi ilə ödənilirsə, hasil etdiyi məhsulun müəyyən olunan tarifinin ikiqat mislində, yaxud vaxta muzd işləyirsə, işlədiyi saatın pulunu almalıdır. Məsələn, işçi 8 saata 40 manat alırdısa, 2 saat artıq işləyəcəksə, 20 manat əlavə almalıdır".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.