Cəmiyyət

Müqavilə öhdəliklərinə əməl etməyən QHT-lərə qarşı ciddi tədbirlər görüləcək

21 Yanvar 2011 19:51
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirildi. Milli.Az xəbər portalına daxil olan məlumata görə, toplantıda aşağıdakı məsələlər müzakirə olunub:

1. Şuranın 2011-ci il üçün maliyyə yardımı müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin seleksiyasının nəticələri haqqında.
2. Şuranın 2010-cu ildəki fəaliyyətinin hesabatı haqqında.
3.  Şuranın 2010-cu ildə maliyyələşdirdiyi layihələr üzrə verilmiş hesabatların vəziyyəti haqqında.
4. Şuranın 2010-cu ildə maliyyələşdirdiyi layihələrin nəticələri haqda hazırlanmış kitabın təqdimatı və 2010-cu ilin yekunlarına həsr olunmuş tədbirin keçirilməsi haqqında.
5. Cari məsələlər.

İclası açan Şura sədri Azay Quliyev gündəlikdəki məsələlərlə bağlı ümumi məlumat verərək, maliyyələşdirilmiş layihələr üzrə Şuraya təqdim olunan hesabatların geçikdirilməsilə bağlı Katiblikdə həyəcanlı vəziyyətin yarandığını qeyd etdi. A.Quliyev bildirdi ki, ilin sona yetməsinə və Katibliyin bu barədə çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, bir sıra QHT-lər yerinə yetirdikləri layihələrin hesabatını vermək istəmirlər. Şura sədri dövlət vəsaitinin xərclənməsinə belə səhlənkar münasibət göstərən təşkilatlara qarşı ciddi tədbirlər görülməsinin  zəruriliyini diqqətə çatdırdı.
2011-ci il üçün elan edilmiş maliyyə yardımı müsabiqəsinə daxil olan layihələrin ilkin seleksiyasının nəticələrilə bağlı məlumat verən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, müsabiqə çərçivəsində Katibliyə 428 layihə paketi daxil olub. Onlardan 4-ü poçt vasitəsilə,  müəyyən edilmiş vaxtdan gec göndərildiyi üçün ekspertizaya buraxılmamış, 72 təşkilatın sənədlərində çatışmazlıqlar olduğu üçün onlar da ilkin seleksiya zamanı müsabiqədən kənarlaşdırılmışlar.
F.Qurbanov bildirdi ki, ekspert qiymətləndirilməsinə 352 layihənin çıxarılması məsələsi Şura üzvlərinin müzakirəsinə verilir. Bununla belə, qeyd edilmişdir ki, müsabiqə şərtlərinə görə 01 aprel 2010-cu ilədək Maliyyə Nazirliyinə illik maliyyə hesabatı təqdim etməmiş QHT-lərin də müsabiqədən kənarlaşdırılması məsələsinə müvafiq dəqiqləşdirilmələr aparıldıqdan sonra baxılacaqdır.
Şura üzvləri gündəliyin məsələləri sırasında Şuranın 2010-cu ildəki fəaliyyətinin yekunları ilə bağlı təqdim olunan hesabatı müzakirə etdilər. Şura üzvlərinin bir sıra qeyd və təkliflərinin nəzərə alınması şərtilə hesabat bəyənildi və ictimaiyyətə təqdim olunması tövsiyə edildi.
Gündəliyin üçüncü bəndinə müvafiq olaraq, hesabatların verilməsində intizamsızlıq göstərən 27 təşkilat, habelə hesabatlarını üzrsüz səbəblərə görə ləngitmiş 70-dən çox təşkilat haqqında müzakirə aparıldı. Dövlət vəsaitinin layihə çərçivəsində xərclənməsi qaydalarına məsuliyyətsiz yanaşaraq, vaxtında hesabat verməyən QHT-lərə qarşı daha təsirli tədbirlərin görülməsi təklifləri irəli sürüldü və Şura üzvləri tərəfindən bəyənildi. Beləliklə, hesabatlarını vaxtlı-vaxtında verməyən QHT-ləri Katibliyin təqdimatı ilə aşağıdakı cəzalar gözləyir:
a)    Bu ilin maliyyə müsabiqəsindən kənarlaşdırılmaq;
b)    Bir il və ya iki il müddətində Şuranın maliyyə yardımı müsabiqələrində iştirak hüququndan məhrum edilmək;
c)    Alınmış maliyyə vəsaitinin geri qaytarılması üçün Şura tərəfindən təşkilatla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək;

Gündəliyin 4-cü bəndilə bağlı bildirildi ki, 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında xülasə məlumatlardan ibarət olan kitab çap prosesindədir və Azərbaycan Mətbuat Evində keçirilməsi 26 yanvar 2011-ci ilə planlaşdırılan hesabat yığıncağında ictimaiyyətə təqdim olunacaqdır. 2010-cu ildə həyata keçirilmiş layihələrin uğurlu yekunlarına görə bir sıra QHT-lərin Şura tərəfindən mükafatlandırılması təklifi də Şura üzvləri tərəfindən bəyənildi.
Cari məsələlər sırasında Şura üzvləri mütəxəssislər tərəfindən beynəlxalq nümunələr nəzərə alınmaqla hazırlanmış QHT standartları haqda öz fikir və təkliflərini bildirdilər. Qeyd edildi ki, sənədin geniş  müzakirəyə çıxarılması və daha da mükəmməlləşdirilməsi üçün Şura üzvlərinin də iştirakı ilə işçi qrup yaradılsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.