Quba sakini qeyri-adi səməni hazırlayıb. Fərqli formalı səməninin cücərib boy atması üçün 1 ay vaxt lazım olub. Peyk formasında hazırlanan səməni 3 hissədən ibarətdir. Hündürlüyü 3 m, diametri isə 90 sm olan səməni 50 yaşlı Quba rayonunun Amsar kənd sakini Şamil Mustafayev hazırlayıb. O, artıq 7 ildir ki, müxtəlif formalı səmənilər cücərtməklə məşğuldur. Tikinti ustası kimi çalışan qəhrəmanımız bu vaxta kimi müxtəlif formalı səmənilər hazırlayıb.
RTV (Region TV) xəbər verir ki, səməni, əsasən, toxumluq buğdadan qoyulur və ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir. Bunun üçün ilk olaraq buğdanı şişməsi üçün 1 gün suda saxlamaq lazımdır. Sonra buğdalar sudan çıxardılıb rişə atması üçün işıqlı yerdə qoyulmalıdır. Kök salmış buğdanı istənilən formaya sərmək mümkündür. Buğdanın üstü qurumasın deyə ya üstünə nəm tənzif sərmək, ya da sutkada 10-15 dəfə sulamaq lazımdır. Şamil Mustafayev deyir ki, baharın ilk müjdəçisi hesab olunan səməninin cücərdilməsi baha başa gəlməsədə də, olduqca diqqət və qayğı tələb edir.
"Səməni, saxla məni, ildə göyərdərəm səni" deyən ulularımız yazın başlamasını təbiətin yenidən canlanması kimi qiymətləndiriblər. Bu səbəbdən formasından asılı olmayaraq, həyat və bolluq rəmzi sayılan səməninin bayram süfrəsində olması vacibdir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


