Cəmiyyət

Bir hissəsi isti, bir hissəsi soyuq qəsəbə

27 Fevral 2015 15:59
0 Şərh     Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Göygöl rayonun Üçtəpə qəsəbəsi adlanan ərazidə əhali mavi yanacaqdan istifadə edə bilmir. Daha doğrusu, bu qəsəbənin bir hissəsində qaz var, bir hissəsi isə uzun müddətdir ki, qazsız qalıb. Kəpəz TV (Region TV) xəbər verir ki, qazdan istifadə edə bilməyənlərin əksəriyyəti qaçqın və məcburi köçkünlərdir.

Sakin: "Ortadan bölüblər, nə o biri tərəfdə qaz yoxdu, nə də ki, digər tərəfdə. Gedirik qaz idarəsinə deyirlər ki, bu, sizlik deyil".

Məsələ burasındadır ki, mavi yanacaqdan istifadə edə bilməyən 90 ailənin əksəriyyəti Kəlbəcərdən olan məcburi köçkünlərdir. Göygölün Üçtəpə qəsəbəsinə gələndən qaz üzü görməyən sakinlər qaz borusunun yaxınlıqdan keçməsinə baxmayaraq mavi yanacaqdan yararlana bilmirlər və aidiyyəti üzrə etdikləri müraciətlər də bir fayda verməyib.

Zamin İsmayılov, qəsəbə sakini: "Hara məlumat veririk, bizə yalandan deyirlər gəlib çəkəcəyik çəkmirlər. Qışdı, bu il havalar bir balaca yaxşı olub. Ötən qış 300 manat oduna xərcimiz çıxdı".
Cəmşid Tağıyev, qəsəbə sakini: "Bizə maraqlı gələn odur ki, biz qaz borusundan 20 metr aralıda yaşayırıq. Göygöl rayon Qaz İdarəsinin bizə nə səbəbə qaz vermədiyini biz bilmirik".

Məsələyə münasibət bildirən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Qəhraman Məmmədov deyir ki, "Azəriqaz" ərazini mavi yanacaqla təmin edəcəyi təqdirdə onun pulunu ödəməyə hazırdılar.

Qəhraman Məmmədov: "Məcburi köçkünlərin qaz təchizatı "Azəriqaz" İB-i tərəfindən həyata keçirilir. Orada müəyyən proqramlar əvvəlcədən hazırlanır və o proqrama uyğun qaz təsərrüfatı bərpa edilir, yeni qaz xətləri çəkilir. Biz isə məcburi köçkünlərə çəkilən qazın ancaq dəyərini ödəyirik".

"Azəriqaz"dan isə məsələyə fərqli yanaşılıb. Dövlət proqramında nəzərdə tutulmayan ərazilərin qazlaşdırılması sakinlərin sifarişi ilə xüsusi lisenziyaya malik şirkətlər tərəfindən həyata keçirilir.

İbrahim Kərbəlayev
, "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri: "Üçtəpə adlanan qəsəbə qazlaşdırılıb. Onların yerləşdiyi massiv dövlət proqramında nəzərdə tutulmadığından qaz çəkilişi sakinlərin sifarişi ilə yalnız xüsusi lisenziyaya malik tikinti şirkətləri tərəfindən həyata keçirilir. Texniki şərtdir, layihə smeta sənədləridir, hazırlanır və "Azəriqaz"la razılaşdırılır və bundan sonra həyata keçirilir. Bu proseslər bitdikdən sonra çəkilən qaz xətləri yoxlanılır və istismara qəbul olunur və bağlanan müqavilə əsasında abonentlərə qaz verilir".

İndiki halda görünən odur ki, Üçtəpənin qazsız qalan bəzi sakinləri qazdan istifadə etmək istəyirlərsə, mavi yanacağı şəxsi vəsaitləri hesabına çəkdirməli və ya ərazinin dövlət proqramına salınmasını gözləməlidirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.