Cəmiyyət

Bakıda ev təmizliyində inanılmaz qiymətlər

18 Fevral 2015 14:06
3 Şərh     Baxış: 15 615
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıdakı təmizlik şirkətlərinin qiymətləri "ceyran belində" gəzir

- Evin sahəsi neçə kvadratdır?

- 70.

- Otaqların sayı?

- 3.

- Necə təmizlik istəyirsiniz?

- "Generalnı"... Dib-bucaq, pəncərələr, çilçıraq...

- Onda siz bizə nömrənizi qoyun. Biz işçilərimizi sizin evə yollayaq, qiymətləndirmə aparaq, sonra danışarıq.

- Qardaş, mən evimi satmıram e, həftədə bir dəfə təmizlətdirəcəyəm sadəcə. Evə baxış nəyə lazımdır?

Bu dialoq Bakı şəhərindəki əksər təmizlik şirkətlərinə zəng edib, ümumi vəziyyəti öyrənmək istəyəndə yaşanır. Ailem.az bir qisim qadınlarımızın zaman-zaman müraciət etdiyi təmizlik şirkətlərinin durumu ilə maraqlanıb. Evləri neçəyə, hansı şərtlər daxilində... təmizləyirlər? Bunun üçün təbii ki, "partizan üsulu" ilə bir neçə şirkətlə əlaqə saxladıq.

Ondan öncə isə deyək ki, apardığımız araşdırmalar zamanı Azərbaycanda qadınların o qədər də böyük olmayan faizinin təmizlik xidmətlərindən istifadə etdiyi üzə çıxdı. Bunlar daha çox böyük villa sahibələri, iş qadınları, evində xəstə olanlar, eləcə də səhhətində problem olanlardır. Onlar böyük təmizlik işinin öhdəsindən gələ bilmədikləri üçün bu xidmətə müraciət edirlər. Amma bu halda da iki variant var. Əksər qadınlar tanıdıqları, bildikləri xadimələrin xidmətindən istifadə edirlər. Bu halda onlar təmizlik işinə birbaşa nəzarət edirlər, necə deyərlər, işin üstündə dayanırlar.

Mahbəyim Sultanova evini tanış xadiməyə etibar edənlərdəndir. Dediyinə görə, xadimə onun evinə hər gün gəlir və bütün işlərini görür: "Mənim evim qonaq-qaralıdır. Hər gün yığışdırılmalıdır. Qadın yaxın qohumumun qonşusudur, etibarlıdır. Hər adamı evimə buraxa bilmərəm. Nə bilim, bəlkə, əliəyridir, bəlkə, namussuzdur, narkomandır... Qorxuram. Amma bu qadına 2 ildir, etibar edirəm. Gəlir, evləri yığışdırır, qabları yuyur, bütün ev işlərini görür. Hər dəfəsində də 20 manat verirəm. Amma bu puldan başqa, evdən bişirilən yeməkdən də aparmağa icazə verirəm. Nəsə evdə şirniyyat-filan olanda ondan da verirəm. Yəni çörəyi bu evdən çıxır".

Kifayət Əsədovanın isə evinə təmizlik üçün həftədə bir dəfə tanıdığı bir qadın gəlir. Dediyinə görə, evdar qadın olsa da, təmizlik üçün gücü çatmır: "Uşaqlarımı məktəbə, rəqsə, idmana aparıram. Özümün də belimdə ağrılarım var. Bir dəfə divanın yerini dəyişmək istədim, 10 gün xəstə yatdım. Amma təmizlikçi qadını çağırıram, həftədə bir dəfə böyük təmizlik edir, həftəlik ütüləri də özü edir. 50 manat verirəm. Amma bilirəm ki, hər tərəf təmizdir onun sayəsində".

Bu durumdan narazı olan kişilər də az deyil. Xüsusən də xanımı evdar olduğu halda qulluqçu xidmətindən yararlanan güclü cinsin nümayəndələri. Şərti adı V.T. olan şirkət meneceri hesab edir ki, əgər qadın evdardırsa, evin bütün qayğılarını özü boynuna götürməlidir: "Bizim qadınlar bir-birinin bəhsinə qulluqçu çağırtdırır evə. Belə baxanda ev təmizliyi nədir ki? Bir-iki saat vaxt lazımdır. Həm evinə başqa qadının əli dəyməz, həm də bu ağır zəmanədə evin büdcəsinə kömək edərsən. Mənim yoldaşım keçən yaydan başlayıb evə qulluqçu çağırmağa. Ayda bu işə görə məndən 120 manat alır. Həftədə bir dəfə çağırır dediyinə görə. Amma məncə, özü təmizləyəndə daha yaxşı olurdu. Mən evimdə yad qadının iş görməsini xoşlamıram. Üstəlik, sonradan "mən evdə darıxıram" deyirlər. Evin qayğılarını görmək əvəzinə qulluqçu çağıranda darıxarsan da. Halbuki kişi evin maddi qayğılarını həll etmək üçün gündə 8-9 saat çalışır. Biz analarımızdan belə görmüşük. Bizim analarımız bir əlləri ilə ev yığışdırıb, o biri əlləriylə bizi yedirdiblər. İndiki qadınlar nəsə..."

Və dediyimiz ikinci kateqoriyaya gələk. Xadimə əvəzinə təmizlik şirkətinə müraciət edənlər də az deyil. Bu halda qadınlar daha çox etibarlılıq prinsipini əsas tuturlar. Belə ki, evində dəyərli əşyası, çoxlu miqdarda pulu... olan ailələr hər hansı itki zamanı müraciət edəcəkləri etibarlı bir "qapı" axtarırlar. Yəni ayrı-ayrı fərdlərdənsə, birbaşa şirkətə müraciət edib, endirimli qiymətlərdən (!) faydalanmaq istəyirlər.

Biz də elə bu qiymətləri öyrənmək üçün bir neçə şirkətlə yazının əvvəlində yazdığımız formada dəqiqləşdirmək istədik.

BG Cleaninq Şirkətindən bildirdilər ki, bütün ölçü və tələblərə baxmayaraq, şirkətdən evə baxmaq üçün heyət gəlməlidir: "Sizin sözünüzdən daha çox biz öz gördüklərimiz əsasında qiymət təyin edəcəyik. Evin nə dərəcədə təmirli olması, əşyaların sayının azlığı-çoxluğu bu məsələdə çox önəmlidir. Təmizliyin dərəcəsindən də çox şey asılıdır. Bəlkə, nəyisə artıq, nəyisə əskik deməlisiniz. Amma təqribi hesablama istəyirsinizsə, biz evinizə təmizlik vasitələri ilə bərabər iki nəfərlik heyət göndərə bilərik. Qiymət də 140 manat. Amma bu, daimi təmizliyə keçsə, qiymətdə endirim ediləcək".

Flower Cleaning şirkətindən isə bildirildi ki, onlar evləri alman texnologiyası və təmizlik vasitələri ilə təmizləyirlər. Təqdim etdiyimiz şərtlər daxilində isə evin təmizliyi 150 manata başa gələcək: "Sizə iki nəfər göndərəcəyik. İşçilər evə özləri gələcək, daşınma bizlikdir. Sizə evi tam təmiz şəkildə təhvil verəcəyik".

Amma qiymətləri nisbətən uyğun olan şirkətlər də tapıldı. Primeria Cleaninq şirkətindən dedilər ki, onlar əsasən ofislərə və villalara işçi heyəti yollayırlar. Amma bizimki kimi kiçik evlər üçün bir xadimə kifayətdir: "Biz ofislərə, böyük evlərə adətən briqada yollayırıq. O halda ümumi aldıqları əməkhaqqından faizi biz alırıq. Amma belə kiçik işlər olanda işçini təkbaşına yollayırıq və ondan faiz də tutmuruq. Sizin dediyiniz həcmdə təmizlik işi üçün 30 manat bəs edir".

Clean Fix adlı şirkətdən də bildirdilər ki, onlar iş görmədən öncə evə baxış keçirməlidilər. Amma əməkdaşımızın israrlarından sonra bildirildi ki, 70 kvadrat metr sahəsi olan evin təmizlənməsi üçün 2 xadimə bəs edər və bunun üçün 50 manat ödəmək yetərlidir: "Biz evləri alman texnologiyası, Almaniya istehsalı olan kimyəvi təmizlik maddələri ilə təmizləyirik. Allergiya yaratmayan, tam gigiyenik maddələrlə baş tutacaq təmizlik".

Evlərə gündəlik təmizliyə gedən Gülbəniz isə hesab edir ki, heç də bütün ev sahibələri insaflı deyil: "Pulunu kəsən də olur, gördüyün işi bəyənmədiyini deyib, burunlayan da. Mənim daimi müştərilərim çoxdur. Amma adda-budda eləsi çıxır ki, baxırsan, çörək verən deyil. Gündə cəmi 2 evi yığışdırmağa gücüm çatır. Bir də görürsən, ev sahibi yır-yığış adı altında ütü işini də sənə gördürür, paltarları yumağı, uşağını yedizdirməyi də. O halda ya buna etiraz eləməlisən, ya da həmişəlik boynunda qalır. Mən birdəfəlik təmizliyi 50 manata edirəm, ondan aşağı qiymət deyəndə başlayırlar lap qiymət öldürməyə. Az ailə ilə işləyirəm, amma bilirəm ki, yaxşı ailələrdir".

Ailem.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.