Cəmiyyət

Telefonunuza gələn SMS-lər sizi də bezdirir?

13 Fevral 2015 00:20
3 Şərh     Baxış: 6 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
SMS mobil telefon vasitəsilə yazılan mesajın bir telefondan digər telefona göndərilməsidir ki, dünyada ilk mesaj 1992-ci ildə göndərilib. Bu gün isə dünyada bir ildə 1 trilyon SMS göndərilir ki, ölkələr arasında bu fərq dəyişir. Məsələn, qonşu Türkiyədə saniyədə 4 min SMS göndərilir. Mühüm bir məlumatın həmin an göndərilməsi kimi imkanlar yaradan SMS-in xəstələri belə sağaltdığı bildirilir. Araşdırmalar göstərib ki, xəstələrə SMS göndərmək onların davamlı dərman qəbul etməsinə imkan verir. Belə ki, xəstələr bəzən gündəlik içəcəyi dərmanları unudurlar. Məlum olub ki, SMS göndərilən 150 nəfərlik qrupda 90 nəfər qaydaya uyğun olaraq dərman içdiyi halda, SMS göndərilməyən digər qrupda isə 80 nəfər dərmanlarını qaydasız olaraq içir, 20 nəfər isə heç içmir. Beləliklə, araşdırma aparanlar dərman müalicəsinə SMS-in müsbət təsiri olduğunu və gələcəkdə bu üsuldan istifadə edəcəklərini bildiriblər.

Bir vaxtlar insanlar telefonlarına SMS gəldikdə onu həyəcanla, maraqla açmağa çalışsalar da, artıq bir neçə müddətdir ki, bu SMS marağı bir qədər azalıb. Belə ki, kiminsə telefonuna mesaj gəldikdə o, laqeyd yanaşaraq, "yəqin reklamdır" deyərək əhəmiyyət vermir. Bunun isə əsas səbəbi odur ki, insanlar onların mobil telefonlarına gələn reklam mesajlarından beziblər. Bu gün həyatımızın ayrılmaz bir hissəsi olan mobil telefonlar SMS vasitəsilə bazarlıq edənlər üçün mühüm vasitəyə çevrilib. Telefon nömrələrimizi haradan və necə əldə etdiklərini bilmədiyimiz bir çox firmalar bizi hər gün SMS yağışına tuturlar. Beləcə, mobil telefonlarımıza hər gün tanıdığımız, tanımadığımız firmalardan reklam mesajları gəlir ki, onların arasında marketlər, banklar, dil kursları, kosmetoloji, məişət texnikası və digər məzmunlu mesajlar görmək olar.

Mobil telefon nömrələrini necə ələ keçirirlər?

İnsanlarda maraq doğuran isə odur ki, reklam tərkibli bu SMS-ləri göndərən şəxslər, firmalar onların mobil telefon nömrəsini necə əldə edirlər. Bununla bağlı Türkiyədə bir araşdırma aparılıb və böyük təəccüblə qarşılanıb. Belə ki, alverlə məşğul olan bir neçə nəfər asan yoldan pul qazanmaq istəyirlər. İlk olaraq mobil operatorlar və ya mağazalarla pul qarşılığında anlaşıb müştəri məlumatlarını ələ keçirirlər. Sonra bu məlumatlardan ibarət baza yaradırlar. Bu vasitə ilə minlərlə insanın məlumatlarını ələ keçirirlər. Hətta bəzən nömrələri qəsəbə-şəhər əsasında ayırırlar. Bu məlumatları öz aralarında da paylaşır, hətta istəyənlərə bu bazanı müəyyən bir məbləğdə satırlar. Sonra firmalarla, kampaniya xəbərləri və reklamlar təşkil etmək üçün SMS lə bağlı qiymətlərlə anlaşırlar. Daha sonra internetdən yığcam SMS göndərmə proqramı satın alırlar. Nəhayət, onlarla GSM xətti alırlar və bu xətlərə 11 min mesaj paketi düzəldirlər. Bu kartları GSM modem və ya simserver cihazı vasitəsilə kompüterə bağlayıb bazada qeydiyyatda olan nömrələrə yığcam olaraq SMS göndərirlər.

Beləliklə, reklam tərkibli SMS-lər insanların rahatlığını pozmaqla yanaşı, eyni zamanda bu reklamlara inananların maliyyə vəsaiti itkisinə gətirib çıxarır. Bu problemə çarə tapmaq məqsədilə Türkiyədə atılan addımlar nəticəsində 1 may 2015-ci ildə yeni qanun qüvvəyə minəcək. Bu qanuna görə, icazəsiz SMS, mail, zəng edilməsi zamanı istehlakçı bunların təxirə salınmasını tələb edə biləcək. Reklam göndərilməsi davam etdiyi halda onu göndərənə 2 min lirə ilə 10 min lirə arasında cəza kəsiləcək.

Nömrə alarkən müqaviləni oxuyursunuzmu?

Ölkəmizdə də bir neçə müddətdir ki, əhali mobil telefonlara gələn reklam mesajları ilə bağlı bu cür problemlər yaşayır. Yəni, həm telefona gələn SMS-lərdən təngə gəliblər, həm də ona inanaraq vəsait xərcləyənlər heç nə əldə edə bilmirlər. Bu problemin həlli ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərə gəldikdə isə qeyd edək ki, "Telekommunikasiya haqqında" qanuna yeni dəyişikliklər edilib və qanunun Milli Məclisdə qəbul edilməsi gözlənilir. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da açıqlamasında bildirmişdi ki, bu qanunda, eyni zamanda mobil operatorlar tərəfindən əhaliyə lazım olmayan SMS və reklamların göndərilməsi də öz əksini tapıb.

Məsələ ilə bağlı mütəxəssislərin fikrinə gəldikdə isə Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Milli.Az-a bildirdi ki, burada qanunvericiliyin tələblərinin pozulması ilə bağlı müddəalar, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar məqamlar var: "Biz bununla bağlı fikirlərimizi bildirmişik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu müzakirə olunub və təkliflər hazırlanıb. Qanunvericiliyin dəyişilməsi ilə bağlı təkliflər öz əksini tapıb və Milli Məclisə təqdim olunub. Hesab edirəm ki, operatorlar, bu xidməti təklif edənlər gərək istifadəçilərin hüquqlarını pozmasınlar. Bununla bağlı beynəlxalq normalar var, istifadəçinin razılığı olmalıdır. Razılıq olmadıqda bu necə aradan qaldırıla bilər? Burada maarifçilik işləri, xəbərdarlıq olmalıdır və s. Hələlik bu istiqamətdə bir addım atılmayıb. Düşünürəm ki, bunun sürətləndirilməsi düzgün olardı".

Telefon nömrələrinin şirkətlərə verilməsinə gəldikdə isə O.Gündüz bildirdi ki, burada söhbət xidmət göstərən şirkətin sizlə bağladığı müqavilədən gedə bilər: "Adətən hansısa operatorun xidmətindən istifadə etmək istəyərkən, nömrə alarkən müqavilə bağlayırsınız. Bizdə adətən müqaviləni heç birimiz oxumuruq. Ola bilər ki, müqavilədə şirkətin bu nömrələri üçüncü tərəfə verə biləcəyi, hansısa reklam göndərəcəyi ilə bağlı məqamlar var. Əgər siz o müqaviləyə qol çəkmisinizsə, vəssalam. Araşdırmaq lazımdır ki, o müqavilələr nə dərəcədə qanunauyğun bağlanır. Bu müqavilələr özü Azərbaycan qanunvericiliyinə uyğundurmu, bu məsələlər araşdırılmalıdır".

Bu cür uduş kampaniyalarının heç bir şəffaflığı yoxdur

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu reklam mesajlarının əhali üçün problemə çevrildiyini bildirdi: "Məsələn, 8028 SMS-i vasitəsilə əhalinin küllü miqdarda pulu soyulur. Məsələn, Sabirabad rayon sakini Şəlalə Həsənova bizə bildirdi ki, buraya 500 manat vəsait xərcləyib, elə düşünüb ki, avtomobil qazanacaq. Lakin nəticədə heç nə əldə etməyib. Nəhayət, sonda bildiriblər ki, Bakıya gəlib endirimlə məişət əşyaları ala bilərsən. Gəlib görüb ki, ödədiyi pulun müqabilində cəmi 10 manat güzəşt edirlər. Yəni əhaliyə günün müxtəlif saatlarında məlumatlar göndərilməklə narahat edilməsi ilə yanaşı, külli miqdarda pulu soyulur. Çox təəssüflər olsun ki, müvafiq qurumlar buna bir çarə etmir. Üstəlik, bu cür uduş kampaniyalarının heç bir şəffaflığı yoxdur. Hətta bəzən abunəçilər düşünür ki, imkan olsa, mobil operatorlardan imtina edərdik. Bu istiqamətdə Azərbaycanda xüsusi qanuna ehtiyac yoxdur. Sadəcə olaraq, müvafiq qurumlar insanların istəklərini doğrultmalıdır. Mobil operatorlar cavab verməlidir ki, bizim telefon nömrələrini paylamağa kim icazə verib. Bu, hansı müqavilə şərtində var? Heç bir müqavilə şərti yoxdur. Sadəcə olaraq, bəzi mobil operatorları ayrı-ayrı biznes qurumları ilə pul qazanmaq üçün əhalinin başına oyun açırlar, bu dözülməzdir".

Nigar Abdullayeva
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.