Cəmiyyət

Yeni İlin keşməkeşli tarixi - FOTO

27 Dekabr 2014 21:37
0 Şərh     Baxış: 1 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tarix dəyişdiyi kimi, Yeni ilin qeyd olunma qaydaları da dəyişib 

Son 100 il ərzində Azərbaycan və Bakı bir sıra siyasi, hətta mədəni kataklizmlərə məruz qalıb. Bu, ölkədə bir sıra sahələrə öz təsirini göstərib. Hətta adi, bizim üçün ənənəvi olan Yeni il bayramı da şəklini dəfələrlə dəyişib, hətta, bəzən, tamamilə yoxa çıxıb.

İmperiya dövründə Yeni il
 

Açığı, bu gün bizə məlum olan, yanvarda qeyd edilən Yeni il azərbaycanlılar tərəfindən qeyd olunmurdu. Bizim üçün əsl yeni il Novruz bayramı olub. Bu bayram xüsusilə hazırda Füzulinin heykəlinin yerləşdiyi ərazidə qeyd olunurdu. XIX əsrin sonunda orada geniş meydan var idi. Həmin meydanda tonqal yandırılar, musiqi səsləndirilər, yarışlar, rəqslər təşkil olunardı. Rusiya İmperiyasının gəlişi bu məsələyə də tədricən öz təsirini göstərməyə başladı. XIX əsrin 70-ci illərindən "Parapet"də (bugünkü Fəvvarələr meydanı) hər il yolka qurulmağa başladı. Amma bu, Yeni il yox, Milad yolkası idi. 1912-ci ildə Bakıda gəzinti üçün daha bir məkan peyda oldu - Qubernator bağı.

Elə həmin il orada Filarmoniyanın binası tikildi (o vaxt burada İctimai Şura yerləşirdi). O, inşa olunduğu məkanla əla uzlaşırdı. Yeni il ərəfəsində orada hərbi orkestr mahnılar ifa edirdi. Maraqlıdır ki, o dövrün bir sıra ənənələri bu gün də dəyişməyib, yaxud sovet dövrünün bitməsi ilə, yenidən geri qayıdıb. XIX əsrin sonu, XX əsrin əvvəllərində mağazalarda tez-tez endirimlər elan olunardı. Hətta mehmanxanalar belə, başqa şəhərlərdən gələnlər üçün həmin dövrdə qiymətləri aşağı salardı. O dövrdə yoxsul ailələrin uşaqları və yetimlər üçün xeyriyyə tədbirləri keçirilərdi. Gənclərin bunu təsəvvür etmələri çətindir, lakin Facebook sosial şəbəkəsinin olmadığı həmin dövrdə orta və yüksək rifah halına malik insanlar yetimxanalarda, dövlət himayəsində olan digər məkanlarda xeyriyyə axşamları təşkil edirdilər. Onlar bu işi qəzetlərdə elanlar verməklə təşkil edirdilər.

Sovet qadağaları
 

Sovet İttifaqının ilk illəri bütünlükdə keçmiş imperiya, indi isə gənc totalitar ölkələr üçün əyləncə sahəsində tam ümidsizlik dövrü olub. Dünya burjuaziyası və sinfi düşmənlərlə müharibə qapını kəsdiyi bir vaxtda nə əyləncə? O dövrdə bir çox bayramlar ləğv edilir, Bakıda isə ilk ləğv edilən Yeni il və Novruz bayramları olur. Axı o dövrdə bütün bayram tədbirləri Yeni ilin ilk günündə deyil, Miladda qeyd olunurdu. Novruzda isə aşkar bütpərəstlik kökləri var idi. Ateizmin hökm sürdüyü ölkədə onların heç birinə yer yox idi. 1,7 yanvar və 24 dekabr ötən əsrin 20-ci illərində iş günləri elan edilmişdi. Əgər inqilabdan əvvəl bayram ərəfəsində çıxan qəzetlərdə konsertlər, görüşlər, rəqs gecələri ilə bağlı elanlar yer alırdısa, sovet dövründə əksinə, qəzetlərin hamısı bir-birinə oxşar quruculuqla, maraqsız çıxırdı. Onlar iqtisadiyyatdakı uğurlardan bəhs edir, Qərbi inqilablarla, bütün dünyanı kommunizmin bürüyəcəyi ilə hədələyirdilər. Daha bir problem pul idi. Böyük bir ölkədə müxtəlif hökumətlər tərəfindən buraxılmış əsginasların dolaşdığı, məşhur "kerenka"ların (Kerenskinin rəhbərlik etdiyi hökumət tərəfindən buraxılmış rubl) üzərində isə saysız-hesabsız sıfırların olduğu bir şəraitdə nəyi isə bayram etmək çətin idi. 1921-ci ildə "karenka"nın Bakı bazarında dolaşdığı vaxtda 1 ədəd yumurta 3000, bulka ölçüsündə 1 çörək isə 5000 rubl idi.
 

Gənc SSRİ-də Yeni ilin ev şəraitində qeyd olunması belə, qadağan idi. Əlbəttə ki, bu qadağadan çoxları yayınırdılar. Lakin onlar bunu gizli şəkildə etməyə çalışırdılar. "Həmin illərdə əsas problem qadağa yox, masaya düzməyə heç nəyin tapılmaması idi", - deyə qocaman bakılı, 30-cu illərin sonlarında uşaqlıq dövrünü yaşamış İsmayıl İsrafilbəyov bildirir: "Atam bəy olduğu üçün repressiyaya məruz qalmışdı. Biz masanın üzərinə qoymağa nəsə tapırdıqsa, bunu elə edirdik ki, qonşular bilməsin. Onlar qapını döyə bilərdilər. Həyatımızı itirməkdən çox qorxurduq".

30-cü illərin sonlarında "indi yaşamaq daha asandır, həyat daha şəndir" şüarına rəğmən, əslində, heç bir dəyişiklik baş verməmişdi. 1935-ci ildə dövlət ailə çərçivəsində istənilən bayramın qeyd olunmasına icazə verdi. Dəbdəbəli dövlət tədbirləri üçün isə vəsait yox idi - ölkə müharibəyə hazırlaşırdı. O dövrün Yeni ildə nəşr olunan qəzetləri hələ də planların artıqlaması ilə yerinə yetirildiyindən bəhs edir, rəhbərlərin ibarəli, lakin boş bəyanatlarına yer verir, kommunizmin tezliklə qələbə çalacağını yazırdı. Mağazalarda ərzaqların qiyməti isə od tutub-yanırdı.

30-cu illərin sonlarında, həqiqətən, işsizlik və aclıq hər tərəfi bürümüşdü. Amma bunu nə o dövrün statistikasında, nə kinolarında, nə də qəzetlərində görmək mümkündür. Qocaman bakılı İsmayıl danışır ki, o, 40-cı ildə cəmi 9 yaşında olarkən işləməyə başlayıb. O zaman uşaqların işləməsi adi hal idi. Bu, xüsusilə başçısını itirmiş böyük ailələrə aid idi. "Mən "Beşmərtəbə"də qazlı su satırdım. Boyum piştaxtaya çatmırdı deyə, ayağımın altına boş yeşik qoyurdum. Yaşça böyüklərin pulları əlimdən alacaqlarından qorxurdum", - deyə o, həmin dövrü xatırlayır.

30-cu illərin sonlarında Vidadi küçəsində yerləşən qədim, çoxmillətli məhəllədə Yeni il, Novruz bayramı, xristian və yəhudi Pasxası qeyd olunurdu. Dövlət qiymətləri ciddi şəkildə tənzimləmirdi və Yeni il ərəfəsində bazarda qiymətlər həddindən artıq yüksək olurdu. İkinci Dünya müharibəsinin başlaması ilə isə artıq bayramlar insanların yadına düşmürdü.

Bayramlar qayıdır
 

Yeni ilin tədricən geri qaytarılması o zaman deyildiyi kimi, partiya tərəfindən xüsusi niyyətlə düşünülmüşdü. Buna yalnız real yoxsulluq mane olurdu. 1945-ci ildə ittifaqda orta aylıq əməkhaqqı 400 rubl idi və bu, yalnız bir adi, "qeyri-bayram" bazarlığına kifayət edirdi. Bu üzdən də bütünlükdə ittifaq dəhşətli müharibədən sonra "kartoçka" ilə yaşayırdı (ilkin tələbat mallarının - çörək, yağ, yumurta tozu, şəhər - alınması üçün xüsusi talon).

Bununla yanaşı, bu böyük dövlət dinc quruculuğa başlamışdı və tezliklə ərzağın "kartoçka" ilə satılması qaydası aradan qaldırıldı. 1947-ci ildə qiymətləri aşağı salmağa, əməkhaqlarını isə artırmağa başladı.

Elə həmin il dekabrın 31-i və yanvarın 1-i qeyri-iş günü elan olundu. Dövlət bundan hələ bir neçə il əvvəl Yeni ilin necə qeyd edilməli olduğunu düşünmüşdü. Birincisi, yolkanı yanvarın 7-də, Miladda yox, dekabrda qururdular (dini xatırlatmaması üçün), onun zirvəsindəki mələk isə qırmızı sovet ulduzu ilə əvəzlənmişdi. Elə həmin il Şaxtababanın yanına Qarqızı da qoşmuşdular.
 

1950-ci ildə orta aylıq əməkhaqqı 600 rubl olarkən bazarda qiymətlər belə idi: 10 ədəd yumurta - 9,5 rubl, 1 litr süd - 2,4 rubl, qənd - 9 rubl, 1 kiloqram mal əti - 21 rubl 20 qəpik. Ən başlıcası, 40-cı illərin sonlarından insanlar artıq bayramlarda süfrəyə düzməyə nəsə tapırdılar.

Yeni il artıq açıq şəkildə qeyd olunmağa başlanmışdı. Qəzetlərdə Yeni ilə dair məqalələr yer alır, kinoteatrlarda Yeni ildə yeni filmlərin premyerası başlayır, yaxud xarici filmlər prokata çıxarılırdı. O dövrdə Bakıda (50-ci illərin əvvəlləri) Rac Kapurun çəkildiyi filmlərə getmək çox populyar idi. Bu filmlər, əsasən, "Araz" kinoteatrında nümayiş olunurdu. İllər sonra - artıq 80-ci illərdə bu kinoteatrda ilk stereofilmlər və indi deyildiyi kimi, 3D filmlər nümayiş olunacaqdı. Yeni ildə sovet prokatına o dövrün nadir Amerika filmlərindən olan "Tarzan", "Möhtəşəm yeddilik", "Makkenanın qızılları" kimi kinolar da çıxmışdı. O günlərdə - tutqun yanvar günlərində Bakı küçələrini uşaqların - gənc "Tarzan"ların səsi bürüyürdü. Sonralar kütləvi televiziyanın peyda olması ilə yeni il gecəsi "Mavi işıqlar"("Qolubıe oqonğki"), teatrlarda tamaşalar qoyulur, uşaqlar üçün tədbirlər təşkil olunurdu.

70-80-ci illərdə artıq Musiqili Komediya Teatrı da Yeni il repertuarı ilə tamaşaçıların görüşünə gəlməyə başlamışdı.
 

80-ci illər təsbit edilmiş qiymətlərə və qeyri-sabit sabitliyə malik sovetlərin son onilliyi oldu. Yeni ildə qiymətlər artırılmırdı, özəl biznes yox idi, orta ayrıq əməkhaqqı 115 rubl təşkil edirdi (1961-ci ilin denominasiyasından sonra), 10 ədəd yumurta 1 rubla, 1 kiloqram qənd 84 qəpiyə, 1 litr süd 24 qəpiyə, 1 kiloqram mal əti 4,5 manata satılırdı.
 

Yeni ilin ümumi tarixi bundan ibarətdir: yolkaların üzərində mələklər, daha sonra qadağa, gizli şəkildə evlərdə qeyd olunma, sonra Şaxtababa, mələyin əvəzinə ulduz, "olivye" salatı, şampan, daha sonra Eldar Ryazanovun əvəzolunmaz "Taleyin istehzası" filmi; bu gün isə qonaqlıqlar, korporativlər və mərasimlər.
 

"Region Plyus"


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.