Siyasət

Onlar bu reallıqla barışmaq istəmirlər - Azər Qarayev

30 May 2024 20:37
Baxış: 806

Azərbaycan son onillərin ən böyük tarixi nailiyyətlərindən biri olan Qarabağ münaqişəsinin sona çatdığı 2020-ci ilin payızında Qarabağın işğaldan azad edilməsi ilə dünyanın diqqətini üzərinə cəlb etdi. Bu tarixi hadisə ilə eyni zamanda, Xocalı soyqırımının qisası döyüş meydanında alınmış oldu. Ermənistanın 1992-ci ildə Xocalıya törətdiyi soyqırım faciəsi, 613 dinc insanın vahşicəsinə qətlə yetirilməsi ilə nəticələnmişdi. 32 il sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Xocalı sakinlərini öz doğma torpaqlarına qaytarmağa və yaşayış məntəqələrini bərpa etməyə nail oldu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

Politoloq deyib ki, Xocalı soyqırımının 32-ci ilində sakinlər öz evlərinə və torpaqlarına qayıdaraq, yeni həyat qurmağa başladılar. Bu proses Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin şəxsi liderliyinin təşəbbüsü ilə cəmi 8 ay ərzində tamamlandı: "Qarabağın işğaldan azad edilməsi ilə başlayan yenidənqurma prosesi bütün dünyaya Azərbaycanın iradəsini, möhkəmliyini və dövlətin strateji vəziyyətini nümayiş etdirdi. Azərbaycan hökuməti, bölgədə yenidənqurma və bərpaya həsr edilən büdcə və səmərəli investisiyalar ilə Xocalı və ətrafındakı ərazilərin bərpası ilə bağlı bir sıra layihələri həyata keçirir".

A.Qarayev onu da əlavə edib ki, yenidənqurma prosesinin bir hissəsi olaraq, Xocalıda "Xocalı Soyqırımı"nın xatirəsini təqdim edən bir memorial kompleksin tikintisinə də başlanıb.

"Bu kompleks Xocalı soyqırımı qurbanlarının əzab və əziyyətlərini əbədiləşdirən bir abidə olaraq inşa edilir.

Azərbaycan hökumətinin xüsusi diqqəti və təşəbbüsü ilə Xocalıda yenidənqurma prosesinin sürətlə həyata keçirilməsi, dünya ictimaiyyətinin də nəzərindən qaçmamalıdır. Bu, Azərbaycanın möhkəm və iradəli bir dövlət olduğunu və torpaqları ərazisində yaşayan insanların hüquqlarını qorumaq üçün ciddi addımlar atmaqda məsuliyyət daşıdığını nümayiş etdirir", - o qeyd edib.

Politoloq onu da əlavə edib ki, bu gün erməni kilsəsi və Ermənistanın daxilindəki revanşist qüvvələr, habelə xaricdəki erməni diasporu Azərbaycanla Ermənistan arasında istənilən razılaşmanın əldə olunmasına qarşıdır.

"Onlar Azərbaycanın tarixi torpaqlarının ölkəmizə qaytarılması reallığı ilə barışmaq istəmirlər. Buna görə də rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan Ordusu daim güclənir, istənilən təxribatın qarşısını almağa hazırdır", - A. Qarayev vurğulayıb.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.