Milli.Az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın APA-ya müsahibəsini təqdim edir."Gənclərimiz İslam tarixini doğru-düzgün bilsələr, heç vaxt qara örpəyə bürünməzlər"
- "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Ailəsi Strategiyası hazırlanmalı idi. Bu sahədə hansı işlər görülüb?
- Artıq Ailə Strategiyasının layihəsi hazırdır və bir daha ekspertizadan keçirilmək üçün ekspertlərə təqdim olunub. Daha sonra isə layihə müvafiq dövlət qurumlarına göndəriləcək. Çünki hər bir sənəd hazırlananda müvafiq nazirliklərin fikir və rəyləri öyrənilir, daha sonra sənədin son variantı Nazirlər Kabinetinə təqdim edirik.
- Ailə Strategiyasının layihəsində hansı istiqamətlərə, məqamlara xüsusi diqqət yetirilib? Ailə Strategiyası indiyə kimi bu sahədə mövcud olan qanunverici aktlardan nə ilə fərqlənəcək?
- Ailə cəmiyyətin əsasıdır, ailədə baş verən proseslər sonra cəmiyyətdə əks-sədasını tapır. Ailənin formalaşmasında məsul insanlar var, söhbət ilk növbədə valideynlərdən gedir. Layihədə valideyn məsuliyyəti, valideyn-övlad münasibətləri, ailənin sosial durumu, ailə büdcəsinin formalaşması kimi məqamlar nəzərə alınıb. Bu gün artıq hüquqi baza var, bu hüquqi bazanın həyata keçirilməsində müxtəlif qurumların cavabdehliyi çox önəmlidir. Bu məsələ də Ailə Strategiyasının layihəsində nəzərə alınır. Yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı və digər proqramları əhatə etməklə, Ailə Strategiyasının layihəsində Azərbaycan ailəsinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması əksini tapıb və müzakirəyə təqdim olunub.
- Ailə Strategiyasından söz düşmüşkən, bu gün Azərbaycan cəmiyyətində qızların erkən nikaha cəlb edilməsi ciddi problem kimi müzakirə mövzusudur. Bu sahədə Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi hansı təşəbbüslərlə çıxış etmək, problemlərin həllinə necə töhfə vermək istəyir?
- Bu məsələ Dövlət Komitəsinin diqqət mərkəzindədir və biz cəmiyyətdə bu məsələni qabardan dövlət qurumu kimi tanınırıq. Hələ 2006-cı ildə, Dövlət Komitəsi yaranan zaman erkən yaşda qızların ərə verilməsi məsələsi çox acınacaqlı idi və bu problemlə bağlı cənub bölgəsinin adı daha çox çəkilirdi. Ancaq biz sonra Azərbaycanın bütün bölgələrində tədqiqat apardıq, gördük ki, təkcə cənub bölgəsi yox, Azərbaycanın əksər bölgələrində, Bakı kəndlərində qızların erkən yaşda ərə verilməsi, təhsildən yayınması çox acınacaqlı problem kimi qarşımızda dayanıb. Dövlət Komitəsi daha sonra böyük maarifləndirmə tədbirləri keçirdi. İlk tədbirimiz 2007-ci ildə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirildi. Biz tədbirə axundları dəvət etmişdik və çox kəskin müzakirələr getdi. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin erkən nikahlarla bağlı fətvası oldu. Fətvada qeyd edildi ki, rəsmi nikah olmadıqda heç bir dini nikahdan söhbət gedə bilməzdi.
- Bu tədbirlər nə dərəcədə səmərəli oldu?
- Bu gün tutaq ki, cənub bölgəsində erkən nikah və qızların təhsildən yayınmasına qarşı artıq tək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, müvafiq dövlət qurumları, QHT-lər mübarizə aparmır. Bu gün artıq bir qız erkən yaşda ərə verilirsə, Dövlət Komitəsinə Lerik, Masallı, yaxud Astaradan vətəndaşlar müraciət edir, məlumat verirlər ki, hansısa məktəb yaşlı qızla bağlı belə hadisə baş vermək ərəfəsindədir. Vətəndaşlar bizi köməyə, yardıma çağırırlar. Eyni qaydada Bakı kəndlərində də Dövlət Komitəsinin müdaxiləsi nəticəsində azyaşlı qızların ərə verilməsi ilə bağlı bir neçə toy dayandırılıb. Bakıda toyun dayandırılması böyük bir problemdir, ancaq biz buna nail olmuşuq.
Qanunvericilikdə qızların nikaha daxil olması üçün yaş həddi 18 yaş müəyyən olundu. Cinayət Məcəlləsində istər erkən, istərsə də həddi-buluğa çatmış yaşda məcburi nikaha görə cinayət məsuliyyəti müəyyən olundu, həm pul cərimələri, həm də həbs-qətimkan tədbiri nəzərdə tutuldu. Amma buna baxmayaraq, yenə də belə hallar baş verir. Narahatlıq doğuran odur ki, belə halların qarşısını alan və belə insanları məsuliyyətə cəlb edən dövlət strukturları bir az laqeydlik nümayiş etdirirlər. Bu məsələdə həm icra orqanları, həm hüquq-mühafizə orqanları öz mövqelərini qətiyyətlə ortaya qoymalı və kəskin tədbirlər görməlidirlər.
- İcra və hüquq-mühafizə orqanlarının laqeydliyi nədən qaynaqlanır?
- Hesab edirlər ki, toy olubsa, qız köçübsə, təzədən oğlanı həbs etmək, onun barədə tədbir görmək iki gəncin taleyini korlamaqdır. Ancaq icra və hüquq-mühafizə orqanları anlamırlar ki, iki gəncin həyatını korlamır, onların bədbəxtliyinin qarşısını almış olurlar. Erkən nikahlar, ümumiyyətlə, uğursuz nikahlar hesab olunur. Erkən nikahlar nəticəsində yaranan ailələr də əsasən uzunömürlü olmur, nikahlar pozulur. Çoxlu sayda belə qızlar Dövlət Komitəsinə müraciət edirlər. Biz çoxlu sayda xoşagəlməz faktlarla üzləşirik. Erkən yaşda ərə getmiş qızlar bir uşaqla Bakıya gəlirlər və çox hallarda onların Bakıda da həyatları uğurlu olmur. Erkən ərə gedən qızların dünyaya gətirdikləri övladları da bir çox hallarda qüsurlu, xəstə olur. Çünki 15-16 yaşlı gənc qızın orqanizmi hələ fiziki cəhətdən ana olmağa hazır deyil. 15-16 yaşlı qız gəlin, ana, ailə başçısı olmağa hazır deyil. Bu qızlar bir ailəyə düşəndə, ailə də onları ağuşuna almayanda, ona dəstək verməyəndə acınacaqlı vəziyyətə düşür. Nə qaynananın qulluğunda dura, nə həyat yoldaşının istəklərini, tələblərini yerinə yetirə bilir. Bu halda təbii ki, qızcığaz ailədə duruş gətirə bilmir və onu yola salırlar. Burada artıq boşanma yox, qovulma prosesi gedir. Gənc qızı evdə qaynana, baldız yola vermir və ona "xoş getdin" deyirlər.
- Valideynlərin öz qızlarını erkən yaşda ərə verməyə meyllənməsinin əsasında nə durur?
- Mən çox təəccüb edirəm ki, bir ana sevgiylə, əzab-əziyyətlə dünyaya gətirdiyi, böyütdüyü qızını təhsil almış bir müəllim, həkim, cəmiyyətdə yer tutmuş bir övlad kimi görmək istəmir, erkən yaşda ərə vermək istəyir. Ümumiyyətlə, bir stereotipdir ki, valideynlər daha çox qızlarının ərə getməsinin dərdinə qalır, onların cəmiyyətdə inkişafı, təhsil alması, cəmiyyətin şərəfli bir nümayəndəsi olması barədə düşünmürlər. Fikirləşir ki, qızdırsa, kimə ərə verəcək. Elə bil ki, valideyn qıza lazımsız əşya kimi münasibət bəsləyir. Ona görə də Dövlət Komitəsi valideyn məsuliyyəti barədə məsələ qaldırılıb. Baxmayaraq ki, Cinayət Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulub, amma valideyn məsuliyyəti ilə bağlı elə məsələlər var ki, Cinayət Məcəlləsində əksini tapmayıb. Ancaq valideyn məsuliyyəti qanunvericilikdə çox ciddi təsbit olunmalı və buna görə valideynlər cəzalandırılmalıdırlar.
- Dövlət Komitəsi bununla bağlı parlamentə layihə təqdim edibmi?
- Artıq bu barədə müzakirə gedir və sənəd hazırlanır. Dövlət Komitəsinin hüquq şöbəsi valideyn məsuliyyəti ilə bağlı sənədin üzərində işləyir. Bu layihə parlamentə təqdim olunacaq.
- Ailə Strategiyası bu sahələrdəki problemlərin həllinə nə dərəcədə yardımçı olacaq?
- Ailə Strategiyasında belə halların qarşısının alınması üçün müəyyən tədbirlər nəzərdə tutulur. Yəni istər hüquqi müstəvidə atılacaq addımlar, istərsə də ailənin sosial durumunun yaxşılaşdırılması, ümumiyyətlə, ailə institutunun gücləndirilməsi ilə bağlı bəndlər olacaq. İnşallah, Ailə Strategiyası qəbul ediləndən sonra bu Strategiyanın həyata keçirilməsi istiqamətində biz hələ çox işləyəcəyik. Çünki insan psixologiyası, insanın həyata baxışı, ümumiyyətlə, ailə institutuna münasibəti barədə biz dönə-dönə danışmalıyıq.
- Bəs çoxuşaqlı ailələrlə bağlı Dövlət Komitəsinin təşəbbüsü olacaqmı?
- Bəli. Çoxuşaqlı ailələrin sosial müdafiəsi, ümumiyyətlə, ailədə qadın işləyirsə, o qadın üçün şəraitin yaradılması nəzərə alınacaq. Təbii ki, övladlarının tərbiyəsində, formalaşmasında ananın rolu böyükdür. İşləyən ana üçün şəraitin yaradılması, güzəştlər nəzərdə tutulacaq.
- Yeri gəlmişkən, Azərbaycanda yeniyetmə və gənclərin zərərli dini cərəyanlara meyllənməsi ilə bağlı problemin mövcudluğu etiraf olunmaqdadır...
- Belə problem var.
- Təbii ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu problemlə məşğul olmalıdır. Bəs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə işini necə qurmaq istəyir, müvafiq dövlət qurumları ilə hansı formada əməkdaşlıq nəzərə tutulur?
- Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illiyi münasibətilə Elmi Şuranın yığıncağında çox ciddi çıxış etdi, bu məsələlərin üzərində dayandı. İslam bir elmi dindir, gənclər İslamın tarixini, mahiyyətini düzgün mənimsəsələr, yəqin ki, bu gün xurafata yuvarlanmazlar. Bu gün gənc qızların erkən yaşda hicaba bürünməsi, Dinin qara pərdəsinə bürünməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini narahat edir. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirəcəyimiz tədbirlər var. Öncə də qeyd etdim ki, Dövlət Komitəsi ilk yarandığı vaxtda Qafqaz Müsəlmanları İdarəsi ilə birgə qızların erkən yaşda ərə getməsi məsələsinə münasibət bildirib və biz tədbirlərin təşkili ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə daim qarşılıqlı əlaqə saxlayırıq. Biz bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işində, bu məsələlərə münasibətdə də müəyyən canlanma hiss edirik. Biz bu istiqamətdə çox işləməliyik. Düzdür, müəyyən maarifləndirmə tədbirləri həyata keçirmişik, amma bizim bu istiqamətdə daha ciddi tədbirlərimiz nəzərdə tutulur. Artıq məktəb çərçivəsində məktəb yaşlı qızlar və oğlanların maarifləndirilməsi istiqamətində ciddi tədbirlər görülməlidir. Dinə belə yanaşmaq olmaz.
- Məktəblərdə dinlə bağlı dərslərin keçirilməsi təşəbbüsü də zaman-zaman səsləndirilir. Bu təşəbbüsə münasibətiniz necədir?
- Dinlə bağlı dərslər keçirilməsi yox, İslam tarixinin mənimsənilməsi yaxşı olardı. Hesab edirəm ki, İslam tarixi tədris olunmalıdır. Bu, mənim şəxsi fikrimdir. Ümummilli lider Heydər Əliyev Gənclərin I Forumunda çıxış edəndə bu məsələ barədə də fikrini söylədi. Bildirdi ki, orta məktəblərdə İslam tarixinin mənimsənilməsinə diqqət yetirilməlidir. Mən də bu gün hesab edirəm ki, əgər gənclərimiz bu gün İslam tarixini doğru-düzgün bilsələr, heç vaxt qara örpəyə bürünməz, dini sektalar gənclərimizi maqnit kimi özlərinə cəlb edə bilməz. Sovet şinelindən çıxmış dövlət kimi ilkin dövrdə bizim kadrlarımız yox idisə, bu gün həm Bakı Dövlət Universitetində hörmətli akademikimiz Vasim Məmmədəliyevin dekanı olduğu ayrıca İlahiyyat fakültəsi, həm də Bakı İslam Universiteti var. Bu sahədə bizim gözəl alimlərimiz yetişib. Mən bu alimlərə çağırış edirəm ki, artıq gəncliyə İslamın elmi simasını göstərmək lazımdır. Güclü maarifləndirmə getməlidir ki, gənclərimiz artıq İslamı, İslama yanaşmanın necə olmalı olduğunu bilsinlər. İslamın cəmiyyətə mesajlarını bu gün qara rəngdə görmək lazım deyil. Əgər Quranda ilk kəlmə "iqra", yəni "oxu"dursa, elmə daha çox üstünlük verilirsə, o halda niyə bu gün gənclərimiz təhsildən yayınmalı və İslam pərdəsi altında xurafata yuvarlanmalıdırlar? Ona görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə bir çox tədbirlər görür, maarifləndirmə işi aparır. Ancaq tək əldən səs çıxmaz. Akademik Ramiz Mehdiyevin nitqini də əldə rəhbər tutaraq, islam tarixinin düzgün mənimsənilməsi üçün həm dövlət qurumları, həm də QHT-lər cəmiyyətin içərisinə bir yürüş etməlidir.
Milli.Az