Bir çox hikmətə görə, Məkkə dövründə müsəlmanlara müşriklərlə (Allaha şərik qoşanlar) döyüşməyə icazə verilməmişdi. Buna görə də müşriklər Allahın ayələrini məsxərəyə qoyaraq əylənəndə müsəlmanlar onlara birbaşa müdaxilə edə bilmirdilər. Belə hallarda Peyğəmbərimizə onlardan uzaq durmaq əmr olundu. Ayə birbaşa Peyğəmbərimizə xitab etsə də, əmr bütün müsəlmanlara şamil edilir. Ayəyə görə, əgər mane olmaq mümkün deyilsə, Qurani-Kərimi lağa qoyan və təhqir edənlərdən bu hərəkətlərinə son verənə qədər uzaq durmaq lazımdır. Bu əmr daha sonra gələn başqa bir ayədə təkrarlanmış, üstəlik daha da dərinləşdirilərək dini məsxərəyə qoyanlarla bir yerdə əyləşənlərin onların günahlarına şərik olacaqları bəyan edilmişdir: "Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər söhbəti dəyişənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!" (ən-Nisa, 4/140)
Quranın əleyhinə danışanlara "zalımlar" deyilməsi onların söhbətlərinin xoş niyyətli, ədalətli olmadığını, həqiqətə əsaslanmadığını, söylədiklərinin təhqir, alçaltma və rədd etmə məqsədini güdən əsassız və həqiqətdən kənar söhbətlər olduğunu göstərir. Zalım kimi xarakterizə olunan şəxslərlə unudaraq bir yerdə oturmağın günahı yoxdur. Çünki unutmaq üzrlü sayılır. Lakin yanında oturduğun adamın zalım olduğunu xatırladıqdan sonra onunla oturmamaq olmaz, yəni oturmağa davam etsən, onun günahlarına da ortaq sayılırsan. İstər dinə istehza ilə yanaşan şəxslərin olduğu məclislərdən, istərsə dinimizin zülm kimi səciyyələndirdiyi hərəkətlərin yol verildiyi toplantılardan, istərsə də düşmənçilik hissinə əsaslanan digər pis və səhv söz və davranışları olan şəxslərdən uzaq durmaq lazımdır. Qeybət edən şəxslərin məclislərindən uzaq olmağı əmr edən hədislər də vardır.
Allahın ayələrini məsxərəyə qoymadıqları, İslami dəyərlərə qarşı hörmətsiz davranmadıqları təqdirdə səhv əqidə və görüşləri olan insanlarla eyni məclisdə oturub söhbət etmək olar. Şübhəsiz ki, bütün mövzularda olduğu kimi din haqqında da elmi və düşüncəvi görüşlər əhəmiyyətlidir. Lakin insanların həyatını yaxından maraqlandıran, tarixin bütün dövrlərində bəşəriyyətə dərindən təsir edən din institutunu önəmsiz görərək, oyun və əyləncəyə çevirən insanlar söhbət və mübahisə etməyə layiq olmayacaq qədər bayağılaşırlar. Belə insanların yeganə maraq obyekti dünya həyatıdır və onlar dünyanın keçici zövqlərinə qapıldıqları, onları hər şeydən üstün tutduqları üçün dini bir növ əyləncə kimi görərək bütləri və bənzəri şeyləri tanrılaşdırırlar. Yaxud da onlar fərdin və cəmiyyətin mənəvi, ruhi, zehni, bədəni və dünyəvi həyatını formalaşdıran haqq din haqqında ciddi şəkildə düşünərək onu mənimsəmək əvəzinə iztehza obyektinə çevirirlər. Dünya həyatına aldanaraq öz aqibətlərini və axirəti nəzərə almayan, haqq dini oyun və əyləncə sayaraq onunla istehza edənlərlə bir yerdə oturmamaq və onlarla eyni mühiti paylaşmamaq əslində inkar edənlər üçün bir təhdid və xəbərdarlıqdır. Yoxsa o insanlara da xəbərdarlıq və təbliğ etmək lazımdır. Bu gerçəklik daha sonra gələn başqa bir ayədə belə bəyan olunur: "Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi şəxslərə fikir vermə. (Onlara Quranı) xatırlat ki, heç kəs işlədiyi əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi. O, hər hansı bir fidyəni verir-versin, verdiyi qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir!" (əl-Ənam, 6/70).