"Hüseyn məndəndir, Mən də Hüseyndən..." (İslam Peyğəmbəri (s))İslam təqviminin qanlı və şərəfli səhifəsi haqda bəzi qeydlər...
Oktyabrın 26-dan Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. Məhərrəm İslam təqvimində ilin ilk ayıdır. İslam dini mətnləri Qəməri təqviminə əsasən qeyd olunduğu üçün hazırda istifadə etdiyimiz Günəş (Miladi) təqvimi ilə müqayisədə o, hər il təxminən 10 gün geri çəkilir. Məhərrəm ayı Qəməri təqviminə görə ilin ilk ayı və haram elan olunmuş 4 aydan biridir. İslam hökmlərinə görə, bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib.
Məhərrəm ayı İslamaqədərki və İslamın gəlişindən sonra bir sıra əlamətdar hadisələrlə zəngindir. O cümlədən Adəm peyğəmbərin xəlq olunması, İbrahim peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbulu, Musa peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdən çıxarması və Qiyamət gününün bu ayda baş verəcəyi ilə bağlı xəbərlər var. Ancaq heç şübhəsiz, bu ayın əsas hadisəsi hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) İraqın Kərbəla çölündə baş verən qanlı hadisələrlə bağlıdır.
İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, 1-ci İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və 72 nəfər tərəfdarı ilə birlikdə Kərbəla çölündə Məhərrəm ayının 10-cu günü (ərəbcə "əşərə", "aşura") qətlə yetirilməsi hadisəsidir.
Peyğəmbər (s.ə.s) ailəsinin - "Əhli Beyt"in üzvü olan İmam Hüseynin (ə) şəhadəti bir məzhəb hadisəsi deyil, haqla-batil savaşı idi. İslam dininin gəlişi ilə əsası qoyulmuş ədalətli və ilahi qanunlara əsaslanan sistemin sülalə hakimiyyəti və klassik orta əsr hakimiyyəti ilə əvəzlənməsi prosesinin kulminasiya nöqtəsi Həzrət Hüseynin (ə) şəhid olduğu Kərbəla - Aşura hadisəsi idi. Çünki Həzrət Hüseynin (ə) etiraz etdiyi, qarşı çıxdığı Yezid ibn Müaviyənin hakimiyyətə gəlməsi və əməvi sülaləsinin xilafətə sahib olması bu dövrdən başladı.
İmam Hüseyn (ə) bir inqilabçı, üsyançı deyil, özünün də dəfələrlə dediyi kimi, islahatçı, insanları doğruya dəvət edən, pisliklərdən çəkindirən və nəhayət, bu yolda öz həyatını və ən yaxınlarını qurban verən bir əzabkeş idi.
İmam Hüseyn hicrətin 4-cü (Miladi 626-cı il) ili, Şaban ayının 3-də Mədinə şəhərində dünyaya gəlib. Hüseyn (ə) İmam Əlinin (ə) İmam Həsəndən (ə) sonra dünyaya gəlmiş ikinci övladıdır. Rəvayətə görə, İslam Peyğəmbəri (s) Hüseyni çox sevib əzizləyərmiş. Bununla bağlı bir sıra hədislər var: "Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib".
İmam Hüseyn (ə) "Əhli-Beyt"in üzvüdür. Məşhur rəvayətə görə, İslam Peyğəmbəri (s) qızı Fatimə, kürəkəni Əli (ə) və nəvələri Həsən və Hüseyninin "Əhli-Beyt"dən olduğunu bildirib. İmam Hüseyn (ə) 3-cü imamdır. Qardaşı İmam Həsəndən (ə) sonra müsəlmanların rəhbəri (imam) olub. İmam Hüseyn (ə) İmam Əli ailəsinin üzvü kimi ilahi elmə, yüksək əxlaqi dəyərlərə sahib insan olub. O, bir alim olmaqla yanaşı, atasının yaxın köməkçisi kimi onunla birgə döyüşlərdə iştirak edib.
Hicri 60-cı ildə Şam valisi Müaviyyə ölür. Onu hakimiyyətdə İslam tarixində ilk dəfə olaraq təbii varisi, oğlu Yezid əvəz edir. Bu, İslam qanunlarına zidd idi. Digər tərəfdən, hakimiyyəti zorla zəbt etmiş Müaviyə onu oğluna və ya bir başqa adama ötürməyəcəyi ilə bağlı İmam Həsən (ə) qarşısında götürdüyü öhdəliyi pozmuşdu. Ən pisi də o idi ki, Müaviyənin hakimiyyəti ötürdüyü oğlu Yezid dini və siyasi hakimiyyəti özündə birləşdirən xəlifə postuna yaramırdı. Bununla yanaşı, özündən əvvəl bu postda olmuş insanlara da heç bir keyfiyyəti ilə yaxın deyildi. Bunu o zamankı İslam öncülləri, səhabələr də bilirdi. İmam Hüseyn (ə) Yezidin hakimiyyətə gəlməsini İslam üçün bəla adlandırırdı: "Əgər Yezid kimi bir adam ümmətə rəhbərliyi ələ alsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır".
Yezidin hakimiyyətini leqallaşdırmaq üçün nüfuzlu səhabələrin, ilk növbədə isə İmam Hüseynin (ə) beyəti (təsdiqi) olmalı idi. Buna görə də Şam sarayından Mədinəyə göstəriş gəlir ki, İmam Hüseyndən beyət alınsın, əks təqdirdə, qətlə yetirilsin. Bu zaman Həcc mövsümü olduğu üçün İmam Hüseyn Məkkəyə gedir və orada Yezid hakimiyyətinin qeyri-qanuni olduğu haqda çıxışlar edir. Məkkədən də İslam xilafətinin paytaxtı Kufəyə yola düşür.
İmam Hüseynin savaşının məqsədi
Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyn (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalır. Nəhayət, Məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə şəhid edir. Kərbəla şəhidlərinin kəsilmiş başları əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Dəməşqə aparılır...
***
İmam Hüseyn (ə) hərəkatı dini dəyərləri şəxsi maraqları və dünya istəklərinə tabe etməyə çalışanların İslam dininin əsaslarını sarsıtmasının qarşısını aldı. İmam Hüseyn hərəkatı "bizi idarə edənlər haqlıdır, onlara tabe olmaq ilahi vəzifədir" kimi süst ideyalara ciddi zərbə olub, İslamda böyük bir müqavimət məktəbinin əsasını qoydu. İmam Hüseyn (ə) öz həyatını nümunə kimi göstərdi ki, haqq uğrunda savaşmaq ən böyük şərəfdir, hətta bütün dünya sənə qarşı dayansa belə.
Hicri Məhərrəm ayının 10-da baş verənlər İslam tarixində dönüş nöqtəsi sayılır. Alimlər Aşura əzadarlığını nəzəri olaraq iki hissəyə bölür. Birinci hissə daha çox zahiri əlamətlərlə seçilən və müsəlman ölkələri folklorunun əsasını təşkil edən mərsiyə, növhə, qəsidə kimi yaradıcılıq nümunələri, şəbih teatrları da daxil olmaqla, əzadarlıq mərasimlərini əhatə edir.
İkinci əsas hissə isə Aşuranın fəlsəfi mahiyyətidir ki, birinci hissə də məhz buna xidmət edir. Hər il müsəlmanlar heç bir çağırış, dəvət olmadan ilin müəyyən ayında əzadarlıq mərasimlərinə qoşulur, dünyada az hallarda rast gəlinən həmrəylik, yaxınlaşma olur. Müsəlmanları Məhərrəm ayında Hüseyn acısı, Kərbəla çölündə tənha, susuz qalan, əzizlərini itirən, əzabla öldürülən 3-cü İmamın acısı bir araya gətirir.
Amma Məhərrəm ayı təkcə yas saxlamaq üçün yox, Hüseyni (ə) dərk etmək, onun uğrunda fəda olduğu dəyərləri xatırlayıb diri saxlamaq üçün qeyd olunur.
Aşura ərəblərin cahiliyyə dövründə rəsmi bayram günləri idi. Həmin gün xalq şənlik keçirirdi. İranda Novruz günü bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura, tarixi bayram günü və ayrı-ayrı ərəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu.
Ancaq hicri 61-ci ildən sonra Məhərrəm ayı təqvimdə xüsusi yer aldı. İlk olaraq İmam Hüseyn (ə) ailəsi, daha sonra Kufə müsəlmanları Kərbəlada matəm mərasimlərini keçirməyə başladılar. Təxminən 200 il sonra Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdi. Fatimilərin dövründə Misirdə Aşura rəsmi əza və matəm günü olaraq qalırdı. İbn Kəsir yazır ki, hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu, xalq Hüseynin susuzluğunu nəzərə alıb küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə Peyğəmbərin (s) vəfat etdiyi günün ildönümündə olduğu kimi əzadar idi.
Sonrakı illərdə, hətta Əməvilər dövründə sərt qadağalara baxmayaraq hər il on minlərlə insan Məhərrəm ayını matəm, hüzn mərasimi kimi qeyd edib. Hər il Məhərrəmin 10-cu günü əzadarlıq mərasimləri təşkil olunur, Kərbəla şəhidləri yad edilir. Müsəlman ölkələrində böyük bir mədəni irsə çevrilən növhə, mərsiyə yazılı ədəbiyyatı və şəbih tamaşalarının ilham qaynağı Aşura idi.
Ancaq təəssüf ki, ötən müddətdə digər dini mövzularda olduğu kimi, Aşura hadisəsinin qeyd olunmasında da ifrata varmalar baş verib. Aşura hadisəsini əfsanələşdirən, onun mahiyyətini bəzən təhrif edən hekayə və əhvalatlar meydana çıxıb. Bəzi müsəlmanlar məhərrəmlik ayinlərində baş yarmaq, qan çıxarmaq kimi adətlərdən istifadə edib. Bütün bunlar fərqli yozumlara səbəb olsa da, bütövlükdə təhriflərə, qadağalara baxmayaraq Kərbəla olaylarını unutdurmaq mümkün olmayıb.
"Yeni Müsavat"