Bu gün ağır qətllərdən söhbət düşəndə böyük çoxluq ölüm hökmünün bərpasını vacib sayır.Bir çoxları hesab edirlər ki, ölüm hökmünün xofu insanları islah edəcək
ANS TV-nin məlumatına görə, adamlar hesab edirlər ki, ölüm hökmünün xofu insanları nisbətən islah edəcək, qətllərin sayı azalacaq. Amma əlbəttə, əksər hüquqşünaslar, vəkillər, yəni xüsusilə məhkəmə sektoruna bələd olanlar deyirlər ki, bugünkü Azərbaycan reallığında, yəni ədalətli məhkəmə sisteminin olmadığı bir vaxtda ölüm hökmünün bərpasından danışmaq yersiz və hətta yolverilməzdir.
Onların fikrincə, ən demokratik ölkələrdə də belə məhkəmələr səhv ölüm hökmü çıxarır. Məsələn, beynəlxalq təşkilatın araşdırmasına görə, hətta ABŞ-ın özündə belə 2000-ci ildə barəsində səhv hökm çıxarılan 12 nəfərə qarşı ölüm cəzası icra edilib. 2003-də bu rəqəm 10, 2009-cu ildə bu 9 hal təşkil edib. Deməli, Azərbaycanda da heç kim bu aqibətdən sığortalanmayıb və bu mənada ölüm hökmünün bərpasına maraq göstərməkdənsə, cəzaların sərtləşdirilməsini təklif edənlər var. Çünki yaxın bir neçə ay əvvələ kimi Cinayət Məcəlləsində insanlar arasında, necə deyərlər, ən populyar maddə olan 120-ci maddə, yəni qəsdən adam öldürməyə görə ən aşağı cəza 7, ən yuxarı cəza 15 il idi. Sonradan dövlət başçısının qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, Milli Məclis xüsusilə şəxsiyyət əleyhinə olan cəzaları sərtləşdirdi. Və bu gün ən aşağı cəza 9, ən yuxarı cəza 20 ildir ki, bunun özü də müzakirə mövzusudur.
Millət vəkili Rəfael Cəbrayılov ümumilikdə cəzaların sərtləşdirilməsinin tərəfdarı deyil: "Amma insan həyatına qəsdən törədilən cinayətə görə cəzanın sərtləşdirilməsinin mən bu gün də tərəfdarıyam".
Bəs, qanunun sərtləşdirilməsi cəmiyyətdə bir nizam-intizam yaradacaqmı? Yəni, tutaq ki, bu cavan oğlan iki körpə uşaq anası olan arvadını öldürəndə həqiqətənmi ona verilən cəzanın müddətinin az olmasını düşünüb və sabah da cəzasının dörddə üçünü çəkib çıxacağından əmin olduğu üçün bu addımı atıb? Və yaxud, ondan boşanmaq istəyən arvadını, hətta onun işlədiyi xəstəxanada gəlib öldürən ərin qarşısını cəzaların sərtləşdirilməsi hansısa formada ala bilərmi? Məncə, ata mülkünə sahiblənməyə görə qardaşını öldürən qardaşın da ən son fikirləşdiyi şey bu işin müqabilində onu gözləyən cəzanın formasıdır. Bəli, əksəriyyət də düşünür ki, qətllərin artmasının qarşısını almaq üçün cəzaların sərtləşdirilməsi, bəlkə də məsələnin ən asan yoludur.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, sosial problemlərə dövlət qayğısının bir az da artırılması və ən başlıcası da ailə institutunun deformasiyaya uğramasının qarşısını almaq lazımdır.
Bəli, bu problemlər bu gün əksəriyyətin evində, ailəsində yaşanır. Odur ki, baş verənlərə qarşı heç kim tükünü də tərpətmir.
Psixoloq Ramil Əliyev deyir ki, bu gün insanlarda əhval-ruhiyyə yüksək olmur ki, başqasının problemlərinə reaksiya versinlər: "Artıq insanların hər birinin həyatında bu cür hallar artır. Sadəcə olaraq kimdəsə bu hal pik nöqtəsinə çatır və bunu həyata keçirir".
Deməli, problemi xüsusilə insan əxlaqında axtarmalıyıq. Əxlaqı isə cəmiyyətdən də qabaq ailə və məktəb formalaşdırır. Ailə kiçik dövlətdir, ona kənar müdaxilə olmaz. Bəs məktəblər? Bu gün əlini qana batıran 15 yaşlı məktəblinin qatilə çevrilməsində doğrudanmı məktəbin rolu yoxdur? Sabah bu haqda danışacağıq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.