Artıq payız fəslinin ilk gününü yaşayırıq. Fəsil dəyişikliyi, təbii ki, insanların zahiri görkəmində də özünü büruzə verir. Söhbət, təbii ki, dəbdən gedir. Hər birimiz üçün bu mövsümdə geyimlərdə istifadə olunacaq rənglər, dəbin hansı formada olacağı və sairə böyük maraq kəsb edir.Paytaxt mağazalarının vitrinlərini artıq bu ilin dəbi bəzəyir, qiymətlər isə əl yandırır
Artıq 2014-2015 payız-qış mövsümünün əsas çalarları məlumdur. Bu mövsümdə də 60-cı illərin təsirlərini hiss etmək mümkün olacaq. Qısa birtonlu donlar, kostyumlar, uzun plaşlar və sairə. Qısa donlar, uzun çəkmələr, geniş yaxalıqlar bu mövsüm xanımları 60-cı illərə səyahətə aparacaq. Həmçinin, bu il payız-qış vitrinlərini fərqli parçalarla kombinasiya edilən və büzülən yubka modelləri bəzəyəcək. Rəng çaları arasında ağ, yaşıl, sarı rənglərin çalarları əsas yer tutacaq. Xanımları qızılı rəng sevgisi getdikcə böyüyür. Gecə və gündüz geyinilə bilən qızılı geyimlər iddialı görünməyi sevən xanımlar üçün dəbdə olacaq. Zoğalı rəngdə dodaq boyası, donlar, aksessuarlar mövsümün dəb trendləri arasında olacaq.
Bu mövsüm zeytun yaşılı hər bir qadının qarderobunda olacaq. Bundan başqa, bənövşəyinin müxtəlif çalarları bu mövsümün trendləri arasında özünəməxsus yer tutacaq. Romantikanın bir qolu olan krujevalar 2014-2015 payız-qış mövsümündə yenə dəbdə olacaq. Krujevalar xanımları çox çəkici göstərdiyi üçün qadın qarderobunun göz bəbəyi hesab olunur. Son illərdə xanımların əvəzolunmaz seçimi olan dəri parçalar yeni mövsümdə də aktuallığını qoruyub saxlayacaq və dəri yubkalar, pencəklər, şalvarlar podiumlarda diqqət çəkəcək. Keçən ilki kimi bu il də damalı geyimlər xüsusi diqqət çəkir. Lakin bu qış damalı geyimlərin nəzərə çarpan dəlisov rəngləri deyil, daha yumşaq və sakit rəngləri aktualdır. Dizaynerlərə görə, 2015-ci il üçün ən dəbdə olan parça məxmərdir. Romantik toxunuşlu məxmər parçaları bu il isti rənglərdə görə bilərik. Paltar, şalvar, pencək və yubka kimi geyim parçalarında fərqli seqmentlər, məxmərin cazibəsi ön plana çıxır. Jilet, gödəkcə və boğazlı koftalar, müxtəlif hörgülər 2015-in qış modasının əvəzolunmazları sayılır. Məxmər parçadan tikilən kombinezonlar, donlar vitrinləri bəzəyəcək. Soyuq qış günlərində xizək şıqlığı xanımları bürüyəcək. Qar dənələri, paxlava naxışlar, toxunma, yun köynəklər, şərflər, papaqlar qış tətilində bizə dəblə ayaqlaşmağa kömək edəcək. 2014-2015-ci ilin payız-qış mövsümündə quş tükləri həm geyimlərdə, həm də aksessuarlarda olduqca çox istifadə olunub.
Bu mövsümdə də əlvan rənglər bizi tərk etməyəcək. Belə ki, qış qarderobunda zərif çəhrayı, açıq mavi və pastel tonları yer alacaq. Qışın soyuq havasında qəlbimizi isidəcək, bütün diqqətləri üzərimizə toplayacaq. Ədyala bənzəyən pançolar soyuq günlərdə bürünmək üçün ən ideal geyimlərdir. Üzərində etnik və həndəsi naxışlar olan pançolar obrazınıza fərqlilik bəxş edəcək. Pastel tonları ilə qışın sərt havasını yumşalda bilərsiniz. Klassikanın rəngi ağ-qara həmişəki olduğu kimi dizaynerlərin kolleksiyasında öz yerini tutur. Bu il cinslərdə öz aktuallığını qoruyub saxlayacaq. Kişilər üçün isə yeni mövsümdə parça geyimlər dəbdə olacaq. Güclü cinsin nümayəndələri tütün rəngi, tünd göy, qəhvəyi və bej tonlarına üstünlük verəcəklər. Onlar üçün qayıdan dəb nümunəsi isə jiletlər olacaq.
2014-2014 payız-qış mövsümündə dəbdə olacaq ayaqqabı modellərinə gəlincə isə dəbli ayaqqabı kolleksiyalarını bir trend birləşdirir ki, bu da cah-calaldır. Bu mövsümdə payız üçün uyğun olmayan parlaq rəngli ayaqqabılar dəbdədir. Bu ayaqqabı modellərində parıltılı daş və muncuqlar üstünlük təşkil edəcək. Rənglərə gəlincə isə açıq-göy, zümrüdü, bənövşəyi, tünd qırmızı, bənövşəyi, çəhrayı, ağ və çaxır rəngdə olan ayaqqabılar dəbdə olacaq. Qara və qəhvəyi rəngli ayaqqabılar parlaq dekorla tamamlanır ki, bu da sizin obrazınızı daha maraqlı edə bilər. Bu mövsümdə hündür daban ayaqqabılar da dəbdədir. Üstünlük isə daha çox qeyri-adi formalı dabanı olan ayaqqabılara verilir. Platformalı ayaqqabılarda həmçinin öz mövqelərini itirməyəcək.
Laklı dəri ayaqqabılar da bu mövsümün aktual trendidir. Payız-Qış mövsümündə əsasən praktiki təyinatlı detal olan qaytan-məşhur dekorativ elementə çevrilir ki, müxtəlif ayaqqabı modellərini bəzəyir.
Bu mövsümdə əsasən iki heyvan stilində olan materiallar xüsusilə aktualdır: poni və ilan dərisi. İlan dərisindən hazırlanmış ayaqqabılar qlamur stildə tərtib edilir( qızılı, ağ və çəhrayı rənglərdə). Xovlıu materialda hazırlanmış ayaqqabılar isə əksinə , təbii rənglərlə fərqlənir. Mövsümün ayaqqabı kolleksiyaları öz dekoru ilə fərqlənir. İri müxtəlif rəngli qaşlar, həcmli naxışlı tikiş, qızılı pərçimləmələrlə məxmər bu tip dekorlardandır.
Makiyaj və saç düzümündə isə bir necə mövsümdür başlayan sadəlik tendesiyası davam edəcək. Saçlarda hörüklərin müxtəlif növlərini tez-tez görəcəyik. Bu saçlardan həm gündəlik həyat, həm də ziyafətlərdə asanlıqla istifadə etmək olar. Makiyajda isə bütün diqqət gözlərə yönələcək. Gözləri vurğulamağın ən asan yolu isə qara qələm və ya laynerdir. Bu yayın dəbi olan qalın və rəngli qolbağılar geyimlərinizi tamamlayacaq ən yaxşı köməkçi aksessuarınız olacaq.
2014-2015 payız-qış dəbinin paytaxtın geyim mağazalarında olub olmadığını və qiymətlərini öyrənmək üçün bir neçə geyim dükanına baş çəkdik. İlk baş çəkdiyimiz məkan Sahil metrosu yaxınlığındakı "Lady Sharm" geyim mağazası oldu. Mağazanın vitrinində demək olar ki, bu ilin dəb kolleksiyasını əks etdirən geyimlər yer alırdı. Mağazada daha çox qızılı və zeytun yaşılı rəngdə olan geyimlər üstünlük təşkil edirdi. Qiymətlərə gəlincə, qızılı rəngdə geniş yaxalıqlı sadə köynəyin qiyməti 49-70 manat arasında dəyişirdi. Plaş və donlar isə 90 manatdan başlayırdı.
Digər baş çəkdiyimiz geyim mağazalarında da bu ilin dəbini görmək mümkün idi. Ancaq burada da qiymətlər olduqca baha idi. Baş çəkdiyimiz ayaqqabı dükanında isə bu ilin dəbini əks etdirən laklı dəri ayaqqabılar 70 manatdan başlayırdı. Qeyd edək ki, paytaxt mağazalarındakı geyimlərdə daha çox üstünlük təşkil edən rənglər sarının müxtəlif çalarları və zeytun yaşılı idi. Göy, bənövşəyi və bu ilin dəbi olan digər rəngli geyimlərə isə az təsadüf etdik.
"Yeni Müsavat"