Cəmiyyət

Çindən göndərilən "gizli qatillər"... - FOTO

18 Avqust 2014 11:23
1 Şərh     Baxış: 2 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq arasında "vasmoy bazarı" adı ilə tanınan 8-ci kilometr bazarında, ilk baxışdan, hər şey maddi durumu aşağı olan insanların büdcəsinə uyğundur. Burada 2 manata köynək, 3 manata ayaqqabı, 1-2 manata istənilən uşaq paltarını ala bilərsiniz.

Ancaq görünüşə aldanmayıb, bu malların keyfiyyətinə də diqqət etsəniz, başqa bir mənzərə ilə qarşılaşacaqsınız. Bu bazarda satılan mallar sizin və övladınızın "gizli qatillər"idir. Ucuz olduğu üçün sevinə-sevinə aldığınız malların səhhətinizə necə təsir etdiyini də unutmayın!

Milli.Az xəbər verir ki, bu mövzu ilə əlaqədar musavat.com-un əməkdaşı bazardakı durumu araşdırıb.

Açıq havada üst-üstə qalaqlanmış paltarlar...

Bu bazarın girişində nə satış mədəniyyəti, nə də müştəri məmnuniyyəti nəzərə alınmayıb. Hər kəs ticarətin ən yabanı üsuluna əl atıb. Kimi piştaxta adı ilə quraşdırdığı taxtanın, kimi də böyük bir arabanın üzərinə açıq halda paltarları üst-üstə yığıb. Alıcılar da "arı pətəyə qonan kimi" piştaxtaların başına toplaşıblar. Bir-birinə dolaşan paltarlar gündə azı 100-150 nəfərin əlində gəzir, sonra isə kimlərsə onları alıb, uşağına geyindirir.

Təəccüblüsü odur ki, buradakı bu antisanitariya heç kimi narahat etmir. Üstəlik, açıq şəkildə əldə gəzdirilərək satılan uşaq paltarlarının da müştərisi az deyil. 3 manata satılan uşaq ayaqqabıları, 1 manatlıq köynək, şalvar və s. maddi baxımdan, istehlakçıların tələblərinə cavab versə də, keyfiyyət baxımından bunu demək olmaz.

Alıcıların bir çoxu bu şəraitdə satılan paltarların sağlamlığa vurduğu ziyandan xəbərsizdir. Söhbət etdiyimiz bir neçə alıcı bu malların həm qiymətindən, həm də keyfiyyətindən razılıq edir. Vəziyyət o həddə çatıb ki, müştərilər Çin mallarını Türkiyə istehsalı adı ilə alırlar.

Bəs, bütün bu deyilənlər istehlakçı hüquqlarını pozurmu? Keyfiyyətsiz və antisanitariya vəziyyətində satılan mallar insan səhhətinə nə dərəcədə ziyan vurur?

Bu kimi suallara Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirdi.

Birlik sədrinin sözlərinə görə, Azərbaycanda hətta brend dükanlarda belə, saxta mallara, keyfiyyətsiz paltarlara rast gəlmək olar: "Bizim ölkədə keyfiyyət baxımından bazara nəzarət olunmur. Belə halların daha çox yayılmasının səbəbi istehlakçıların ucuz mallara tələbatının çox olmasıdır".

E. Hüseynov onu da bildirdi ki, ayaqqabı və bədən dərisi ilə birbaşa təmasda olan geyimləri alarkən çox diqqətli olmaq lazımdır: "İlk növbədə baxmaq lazımdır ki, paltarın rəngi çıxmasın. Asanlıqla çıxan rəng insanı zəhərləyə bilər. Bundan başqa, paltardan pis qoxu gəlməməlidir. Kəskin qoxusu olan paltarlar daha çox kimyəvi maddələrdən və tullantılardan hazırlanır".

Dəri xəstəliyi, oynaq ağrıları və zəhərlənmə...

Ekspert xüsusilə alt paltarları və uşaq paltarları alarkən istehlakçıları diqqətli olmağa səslədi: "Təəssüf ki, ölkə bazarına gətirilən malların 90 faizi yoxlanılmadan satışa buraxılır. Normal ekspertiza aparılmır. Keyfiyyətsiz uşaq paltarları xüsusilə təhlükəlidir, dəri xəstəliklərinə, tədricən zəhərlənməyə gətirib çıxara bilər".

Ekspert onu bildirdi ki, paltarların hansı şəraitdə saxlanılmasının və satılmasının da rolu böyükdür: "Açıq havada, qablaşdırılmamış şəkildə satılan paltarlar müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Əlaqədar qurumlar vaxtaşırı reydlər keçirməklə bu kimi halların qarşısını almalıdırlar".

E. Hüseynovun sözlərinə görə, Azad İstehlakçılar Birliyi tərəfindən maarifləndirmə işləri görülür və belə malların baykot edilməsi istiqamətində əhali arasında təbliğat aparılır: "Təbliğat aparmaq lazımdır ki, insanlar əl vurarkən rəngi çıxan, pis qoxu verən malları almasınlar. Çünki, bu paltarlar neft tullantılarından hazırlanır, xüsusən də ayaqqabı və alt paltarları... Paltar alarkən onun sertifikatını soruşsunlar".

Azərbaycanda sertifikatlaşdırma sahəsində problem yaşandığını deyən E.Hüseynov xüsusilə Çindən gətirilən malların saxta sertifikatlar altında satıldığını dedi: "Çindən dünyanın hər yerinə bu cür mallar ixrac olunur. Onları daha çox tullantılardan və kimyəvi maddələrdən hazırlayırlar. Azərbaycan bazarına da belə mallar kütləvi şəkildə daxil olur. Bu da istehlakçılarda allergiya, dəri xəstəliklər, zəhərli maddələrin oynaqlarda toplaşması ilə tədrici zəhərlənməyə yol aça bilər".

İndi təsəvvür edin ki, adıçəkilən bu xəstəliklərə tutulmaq üçün bir də pul ödəyirsiniz. Sağlamlığınıza və cibinizə ziyan dəyməsini istəmirsinizsə, belə malları alarkən diqqətli olun. Diqqətli olun ki, alış-veriş edərkən qazandığınız bir manat itirilmiş sağlamlığınız bahasına başa gəlməsin.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.