Bir çox ölkələrdə velosipedlərdən ən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik maşınının yük yerinə yerləşir. Açılıb bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər şəhər əhalisi üçün çox əlverişlidir.Velosiped son vaxtlar nəqliyyat növü kimi populyarlıq qazanıb
Bəzi ölkələrdə isə velosiped operativ şəhər nəqliyyatı sayılır. Son illər Azərbaycanda da populyar olan bu nəqliyyat vasitəsindən əsasən gənclər istifadə edir. Üstəlik, ölkəmizdə keçirilən "Velotur"lar bu nəqliyyat vasitəsini tez bir zamanda populyarlaşdıraraq, istifadəçi auditoriyasını genişləndirdi. Bakıda velosipedlərə tələbat olduqca böyükdür. Paytaxtın nəqliyyat sisteminin bərbad olması insanların saatlarla tıxacda qalmasına, bu da öz növbəsində onların əsəb və stress keçirməsinə səbəb olur. Halbuki imkanı olanlar bu çevik və operativ nəqliyyat növündən istifadə etsələr, həm ciblərinə, həm də sağlamlıqlarına xeyir vermiş olarlar.
* * *
Azərbaycanda velosiped satılan mağazalar azdır. Həmin mağazalarda ucuz və sərfəli nəqliyyat növü kimi baxdığımız velosipedlər az qala maşın qiymətinə satılır. Elə buna görə də çoxları velosiped almaq üçün internet mağazalardan sifariş vermək məcburiyyətinə qalırlar. Bakıdakı mağazalarda satılan velosiped qiymətləri və onların funksiyalarından danışmamışdan qabaq, bir az da sərfəli idman növünün tarixi barədə məlumat verək.
İlk velosiped "samokat" adlanıb
Velosiped pedalla hərəkətə gətirilən ikitəkərli və ya üçtəkərli maşındır. İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta U.M.Artamonov 1801-ci ildə düzəldib. Ona "samokat", yəni "öz-özünə hərəkət edən" deyiblər. Bu, doğrudan da belə olub, yəni oturmuş sürücü böyük qapaq təkərə birləşdirilmiş pedalları fırladanda velosiped hərəkətə gəlirmiş. Lakin Artamovun velosipedinin taleyi uğurlu olmayıb. O, çarın nadir şeylər kolleksiyasına daxil edilib və tezliklə yaddan çıxıb. Daha sonralar 1801-ci ildə Parisdə sükansız və pedalsız velosipedlər meydana çıxıb. Bu velosipedi sürücü ayaqları ilə yerə təkan verməklə hərəkətə gətirirmiş. 1815-ci ildə alman K.Drez sükanlı velosiped, 19-cu əsri ortalarında isə onun həmvətəni F.Fişer qabaq təkərində pedalı olan velosiped düzəldib. Beləliklə, Artamonovun sxemi yenidən həyata qayıdıb. O vaxt velosipedin təkərləri metaldan düzəldilirmiş. Qabaq təkəri bir adam boyunda olurmuş. Təkərdəki millərin sayı çox olduğundan, o, hörümçək toruna oxşayırmış. Buna görə ona "hörümçək" deyirmişlər. Bu "hörümçək" iyirmi ilə yaxın ömür sürəndən sonra onu öz quruluşu və görkəminə görə indiki velosipedlərə oxşayan yeni maşın əvəz etdi. Velosiped" latın dilində "itiayaq" deməkdir. Qeyd etmək lazımdır ki, bu ad özünü ilk vaxtdan doğruldub. Hələ 1869-cu ildə Fransada 120 km məsafəyə keçirilmiş ilk yarışlarda velosiped o dövr üçün misli görünməmiş sürətə-saatda 11 km-ə nail olub. O vaxtdan müxtəlif idman yarışlarının iştirakçıları indiki ikitəkərli velosipedləri ilə şossedə, dərə-təpə yollarda, xüsusi velosiped stadionlarında sürətlə şütüyüblər. Onlar həm təkadamlı velosipedlərdə, həm də ikidamlıq velosipedlərdə-tandemlərdə məşq ediblər.
1893-cü ildən velosiped idmanı üzrə dünya, Avropa və digər yarışlar keçirilib. Velosiped yarışları ilk Olimpiya Oyunları proqramına daxil olub. İlk olimpiyadalarda bu idman növü tez-tez dəyişillirdi. Ancaq son vaxtlar velosipedçilərin proqramı dəyişilməz qalıb. Bura -1 km-ə git sprint yürüşü, 4 km məsafəyə fərdi və komanda yürüşü, şossedə 100 km məsafəyə komanda yürüşü və fərdi dairəvi yürüş daxildir.
6500 manata velosiped olar?
Bayaq dediyimiz kimi, Bakıda velosipedlər az qala maşın qiymətinə satıldığından bu nəqliyyat vasitəsini almaq istəyənlərin çoxu internet mağazalara üz tutur. Xarici ölkələrdən internet vasitəsilə sifariş verilən velosipedlər Bakıdakının yarı qiymətinə gəlib çıxır. "Bakıda velosipedlər nəyə görə bahadır" sualına isə paytaxtdakı idman mağazalarının birində cavab axtardıq.
Şəhərin mərkəzindəki "United sport" idman mağazasında olarkən 6300 və 6500 manata velosiped satıldığının şahidi olduq. Qiymətin niyə belə baha olmasının səbəbini isə satıcıdan öyrəndik. Velosipedi bizə təqdim edən satıcı bildirdi ki, "Scott Genius 900 SL" modeli lüks velosiped sinfinə daxildir: "Bir velosipeddə nə lazımdırsa, həmin komfort və funksiyalar məşhur "Scott"un bu modelində alıcılara təqdim olunur. 20 pilləli transmisiya ilə təchiz olunub. Əyləc tipi "HYR Disckbrake"dir. Çəkisi 11,4 kiloqramdır. Amortzasiya tipi hava-yağlıdır. Bu modelə 5 il zəmanət veririk. Sıradan çıxan hissələri zəmanət müddətində mağazamız tərəfindən pulsuz dəyişdirilir".
Satıcı bildirdi ki, "Scott"un hər cibə uyğun velosipedi var: "Bu markanın ən ucuz velosipedi 400 manatdan başlayır. Mağazamızda kredit və nağd ödəniş həyata keçirilir. İndiyə kimi bizdən velosiped alan hər bir müştəri məmnun qalıb".
Satıcı xüsusi olaraq vurğuladı ki, havaların isti keçdiyi bu aylarda velosipedə olan tələbat artıb: "Sifarişlərin ardı-arası kəsilmir. Bu da yay mövsümü ilə əlaqədardır. Yeni modellərimiz də gələcək. Velosipedə olan marağı hər kəs şəhərə çıxanda açıq-aydın öz gözü ilə görə bilər. Xüsusilə gənclərin sevimli nəqliyyat növü olan velosiped insan sağlamlığı üçün də xeyirlidir".
"Velotrek" təmir olunur
Qeyd edək ki, velosiped idmanı üçün Bakıda iki böyük məkan var. Onlardan biri Yasamal rayonundakı "Velotrek"dir, digəri isə Səbayeldəki velosiped parkıdır. Hazırda "Velotrek" təmir olunur. Respublika "Velotrek"i bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ən yaxşı idman qurğularından biri olub. 1980-ci il Moskva Olimpiadası öncəsi, o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən arena 20 hektar ərazini əhatə edir. Keşmiş SSRİ-də bu tipli cəmi 2 idman qurgusu olub ki, bunlardan biri Latviyada, digəri isə Bakıda tikilib.
Baxımsızlıq ucbatından uzun illər istifadəsiz qalmış idman qurgusu hazırda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən əsaslı təmir edilir. Burada yeni tribuna, federasiyanın ofisi və idmançıların qalması üçün hotel inşa edilib. Eyni zamanda hovuz, trenajor zalı və digər yardımçı obyektlərin də tikintisi davam etdirilir.
Respublika Velotrekində təmir işlərinin bu ilin sonunadək başa çatması planlaşdırılır.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.