Cəmiyyət

Metro ticarətçilərinin aqibəti necə olacaq?

15 Aprel 2014 18:14
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fevralın 27-də "Bakı Metropoliteni" QSC-nin sədri vəzifəsinə Zaur Hüseynovun təyin edilməsindən sonra metroda yeni dövr başladı: metro keçidlərindən ticarət köşkləri yığışdırıldı.

İşsiz qalan metro ticarətçilərinə 3 aylıq yer pulunu ödəməmək şərti ilə bazarlarda yer veriləcəyi bildirilirdi. Bakının "Yeni Günəşli", "Sədərək", "Binə" yarmarkalarında, "Laçın" ticarət mərkəzində, "Təzə bazar", "Şərq" bazarı, Keşlə bazarı, "AMAY" yarmarkasında və başqa yerlərdə tacirlərə yerlər təklif edilmişdi.

Metro ticarətçilərinə təklif edilən yerlərdən biri də "A.M.A.Y." ticarət mərkəzi idi. Amma artıq demək olar ki, "A.M.A.Y." ticarət mərləzi fəaliyyət göstərmir. Ticarət mərkəzində birinci mərtəbədə 4-5 mağazadan başqa bütün dükanlar boşaldılıb.

Ticarətçilər isə verilən yerləri bəyənmirlər. Onların sözlərinə görə, metropoliten rəhbərliyinin təklif etdiyi yerlərdə işləmək mümkün deyil: "Bizim özümüzün tapdığımız yerlər üçün kirayə haqqını biz ödəməliyik, metropoliten rəhbərliyi yalnız özlərinin təklif etdikləri yerlərə güzəşt vəd edirlər. "Bizə "Yeni Günəşli", "Sədərək", "Binə" yarmarkalarında, "Laçın" ticarət mərkəzində, yer təklif edilib. Orada işləmək mümkün deyil. Həmin yerlərdə işləyən yaxın dostlarımız var. Onlardan soruşmuşuq. Onlar uzun zamandır ki, orada çalışırlar, alverdən şikayətlənirlər. Biz oraya gedib, yeni yer götürüb, işə başlasaq, heç bir gəlir əldə edə bilmərik. Banklara olan borclarımızı ödəyə bilmərik. Bu da o deməkdir ki, çoxlarımız evsiz qalacağıq. Çünki evlərimiz banklarda girovdadır".

"Metroda qazandığımın yarısını qazana bilmirik"

Metronun "Neftçilər", "İnşaatçılar", "Əcəmi" stansiyasıyalarında çalışan ticarətçilərin bir neçəsi yaxınlıqdakı ayrı-ayrı dükanlarda yer kirayələyiblər. Onlar da həmin yerlərlərdə etdikləri alverlər, metroda etdikləri alverdən qat-qat daha zəif olduğunu deyirlər: "Təklif edilən yerlərə getməkdənsə, metronun yaxınlığında yer götürüb çalışmağı üstün tutmuşuq. Heç olmasa burada bir az alver etmək olur. Köhnə müştərilərin bəziləri bura gəlir. İnsanlar metrodan alver etməyə alışıblar. Heç olmasa metroya yaxın olsaq nəsə etmək olar. Amma burda da vəziyyət ürəkaçan deyil. Metroda qazandığımın yarısını qazana bilmirik. Amma əlimizdən başqa iş gəlmir".

"Normal alver olan yerdə çalışmağa hazırıq"

Keçmiş metro ticarətçisi Ramiz Quliyev deyir ki, "Lotos" ticarət mərkəzi onlar üçün yaramır: "Sökülməzdən qabaq metronun "İnşaatçılar" stasiyasında ticarət obyekti işlədirdim. Qərar verdilər, sökdülər, qaldıq çörəksiz. Heç olmasa normal yerlə təmin etsinlər ki, gedib orada işləyək. Verdikləri yerlər yararsızdır. İndi deyirlər ki, "Lotos" ticarət mərkəzində bizim üçün yer tikirlər. Başa düşmürlər ki, bizim üçün yerin altı və ya yerin üstü fərq etmir. Normal alver olan yerdə çalışmağa hazırıq. Orada alver olmayacaq. Çünki orada metro yoxdur. Bizim yaxşı alver etməyimizin səbəbi metro idi. İnsanlar metroya minəndə, çıxanda istər-istəməz nəsə alırdılar. Bu ticarət mərkəzi bizə heç nə qazandırmır".

"Bağlanırsa hamı üçün bağlanmalıdır"

Ticarətçiləri narahat edən səbəblərdən biri "20 Yanvar" metrostansiyasında hələ də ticarət obyektlərinin fəaliyyətidir: "Biz heç kəsin çörəyinə mane olmaq istəmirik. Hamımızın çörək qazandığı yeri əlimizdən aldılar. Dedilər ki, metroda ticarət ümumiyyətlə olmayacaq və tamamilə yığışdıralacaq. Amma "20 Yanvar" metrostansiyasında alver hələ də gedir və üstəlik ora ən sıx yerdir. Bağlanırsa hamı üçün bağlanmalıdır".

"Metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib"

APA-ya açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyevin sözlərinə görə, metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib. R.Hacıyev sözügedən ticarət obyektləri sahiblərinin böyük əksəriyyətinin quruma müraciət etmədiyini bildirib. Onun sözlərinə görə, həmin sahibkarlar özlərinin başqa yerlərdə olan obyektlərində fəaliyyət göstərirlər: "Bizə boş yerlərlə bağlı təklif verən ticarət mərkəzlərinin bir qismində sahibkarlar yerləşdirilib. Lakin ticarətçilərdən 90 faizi təklif olunan yerlərə getmədilər. Bizə məlumdur ki, həmin sahibkarların metrodakı obyektlərindən başqa, digər yerlərdə bir neçə obyekti olub və onlar əllərində qalan malları həmin obyektlərə daşıyaraq, orada fəaliyyət göstərirlər. Amma bizimlə əlaqə saxlayanlara xidmət göstəririk".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.