Cəmiyyət

Yol polisinin yazdığı cərimə ünvana gedib çatmır

15 Aprel 2014 09:41
1 Şərh     Baxış: 2 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bundan sonra radara düşəndə necə olacaq?

Yol polisinin yazdığı cərimənin ünvana gedib çatmaması sürücü üçün sonradan bir çox problemin yaranmasına səbəb olur. Bir çox sürücülər vaxtında ünvanına gedib çatmayan məktuba görə ya cərimə məbləğinin iki-üç qatını ödəməli olur, ya da ki, yol polisi ilə növbəti qarşılaşması onun maşınının cərimə meydançasına aparılması ilə nəticələnir.

Əgər sürücü yolda qoyulan sürət məhdudiyyətini aşıbsa, onun qeydiyyatda olduğu ünvana bu barədə məktub gəlməlidir. İnzibati Xətalar Məcəlləsinin 370-ci maddəsinə əsasən bu, bildiriş, elektron poçt, SMS və məktubla ola bilər. Yol polisinin işi bununla bitmir. Rəsmi bildirişi göndərən yol polisi daha sonra telefon vasitəsilə bu barədə məlumat verməlidir. Əvvəllər rəsmi bildiriş alan sürücü Dövlət Yol Polisi İdarəsinə yaxınlaşırdısa, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər bu prosedurun avtomatik olaraq aradan qalxmasına səbəb olub.

"Avtostop" layihəsinin rəhbəri Tural Yusifov yeni dəyişikliklə bağlı bəzi qaranlıq məqamlara avtostop.tv saytında aydınlıq gətirib. Onun sözlərinə görə, yeni dəyişikliyə əsasən, sürücü inzibati xəta törətdiyi halda ona artıq bildiriş deyil, bu barədə tərtib olunmuş protokol göndərilir: "Sual yarana bilər ki, axı İnzibati Xətalar Məcəlləsində 410-1-də bu var idi. Bəli, var idi. Lakin 410-1 ilə 370-1-ci maddə uyğunsuzluq təşkil etdiyindən DYP əməkdaşları protokol deyil, bildiriş göndərirdilər və DYP idarəsinə dəvət edirdilər. Bu isə başqa neqativ hadisələrin baş verməsinə münbit zəmin yaradırdı. 370-1-ci maddədəki dəyişiklik tam olaraq 410-1-ci maddəni tətbiq etməyə imkan yaradır".

T.Yusifovun sözlərinə görə, İXM-in 410-1.2-ci maddəsinin ikinci cümləsində "avtomatik rejimdə işləyən" sözləri çıxarılıb: "Öncə 410-1-ci maddəni tətbiq edərkən yuxarıda göstərilmiş sözlərdən istifadə edərək idarəyə dəvət olunmama kimi hallar MMX radarlara aid idi. Məsələn, təhlükəsiz şəhər kamerasına düşdükdə sizi idarəyə dəvət edirdilər. İndiki dəyişikliyə əsasən artıq təhlükəsiz şəhər kamerasına düşdükdə belə evə rəsmi tərtib olunmuş protokol gəlməlidir. Qanunda bunun adı inzibati xəta haqqında işlər üzrə sənəd kimi keçir. Amma bir istisna var.

İXM 410-1.6 maddə. Əgər sizə inzibati protokol gəlibsə və xəta törədilən avtomobil həmin vaxt sizdə olmayıbsa, siz bu barədə 10 gün ərzində vəsatət verdikdə sizi DYP-yə dəvət edə bilərlər. Həmçinin İXM 451.7-ci maddəyə dəyişiklik edilərək cəriməyə görə faiz əvvəlki kimi 3 ay deyil, 2 ay ərzində hesablanacaq".

Məsələ ilə bağlı "Yeni Müsavat"a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, sürücünün ünvanına bildiriş göndərilməsi onun cərimələnməsi demək deyil: "Məktub rəsmi qaydada ünvana çatdıqdan sonra 10 gün içində qərar çıxarılır. Məktubu gec qəbul edən sürücülər təlaşa düşürlər ki, cərimənin vaxtından bir xeyli keçib, faizi ilə ödəməli olacaq. Xeyr, qətiyyən belə deyil. Qərar çıxanda həmin şəxsin məlumatı olur. Çünki ola bilər ki, sürücü ona tətbiq olunan cərimə ilə razılaşmasın".

Məktubun ünvana gec çatmasına aydınlıq gətirən K.Əliyev söylədi ki, sürücülərin çoxu qeydiyyatda olduğu ünvanda yaşamırlar: "Sürücüyə göndərilən məktub sifarişli poçt əsasında göndərilir. Onun da öz qaydaları var. Məktubun sahibi mütləq onu özü qəbul etməlidir. Poçtalyon məktubu poçt qutusuna atıb gedə bilməz".

K.Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər barədə də danışdı: "Yeni dəyişikliklərin bir çox üstünlüyü var. Onlardan biri də, budur ki, əgər sürücü qaydanı pozubsa və bu pozuntu video və foto vasitəsilə qeydə alınıbsa, bu barədə bildirişin SMS-lə həmin sürücünün telefonuna gəlməsidir. Daha sonra qayda pozuntusu ilə bağlı bildiriş həmin şəxsin ünvanına göndəriləcək. Bu qaydalar getdikcə daha təkmilləşir".

K.Əliyev bildirdi ki, qanunların təkmilləşdirilməsi bəzi sürücülər üçün rahatlıq yarada bilər: "Amma o demək deyil ki, sürücülər qaydaları pozmalıdır. Son iki ayda yol qəzalarında 232 nəfər ölüb. Qəzaların da əksəriyyətinin səbəbi kobud qayda pozuntularıdır".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.