Cəmiyyət

Əlillərin iş problemi: nə etməli? - ARAŞDIRMA

17 Aprel 2013 19:47
Baxış: 10 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər kəsə məlumdur ki, bu gün ölkəmizdə işsizlikdən əziyyət insanlar var. Sağlam həyat sürən insanlar bu problemlə mübarizə aparır və özünü hər hansı bir işlə təmin edir. Lakin fiziki imkanları məhdud olan insanlar bu problemdən daha çox əziyyət çəkir. Ölkəmizdə hal-hazırda 470 mindən çox fiziki qüsurlu insan yaşayır.

Nəzərə almaq lazımdır ki, hər bir fiziki qüsurlu şəxsin digər insanlarla birlikdə bərabər hüquqları var. Lakin bu gün əlillərin cəmiyyətə inteqrasiyasında ciddi problemlər mövcuddur. Ən böyük problemlərdən biri də onların məşğulluğudur. Belə ki, əlillərin işlə təmin olunması kvotası haqqında qanuna əsasən, bütün idarə və təşkilatlar əmək qabiliyyəti olan əlilləri işlə təmin etməyə məcburdurlar. Qanuna əsasən, müəssisə və təşkilatlarda çalışan işçilərin 3%-ini fiziki qüsurlu şəxslər təşkil etməlidirlər.

Əlillər hüquqlarını bilmir

Bərabər İmkanlar Mərkəzi İctimai Birliyinin sədri, sosioloq Rafiq Təmrazov bizimlə söhbətində bildirdi ki, Nazirlər kabineti tərəfindən əlillər üçün kvotaların tətbiq edilməsinə baxmayaraq, bu gün heç bir sahibkar fiziki qüsurlu şəxsləri işə götürməkdə maraqlı deyil: "Bu gün qanunvericiliyə əsasən hər hansı bir şirkətdə, təşkilatda əgər 25 nəfər işçi varsa, onların biri fiziki qüsurlu şəxs olmalıdır. Lakin müşahidələrimiz göstərir ki, çox az sayda müəssisə buna əməl edir. Sahibkarlar fiziki qüsurli şəxslərlə işləməkdə maraqlı deyillər. Burada əsas problem ondan ibarətdir ki, fiziki qüsurli şəxslər öz hüquqlarını bilmədiyi üçün hər hansı müəssisədən iş tələb edə bilmirlər və özlərini cəmiyyətə yararsız hesab edirlər. Bunun üçün də onlar arasında maarifləndirmə işləri aparılmalıdır və qanunların verdiyi imkanlar onlara çatdırılmalıdır".

Sosioloqun sözlərinə görə, dövlət tərəfindən əlillərə yönəlik xüsusi siyasət mövcuddur. Belə ki, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müəyyən işlər görülür, mənzillərlə təmin olunurlar. Lakin əlillərin peşə kurslarına cəlb olunması, əmək fəaliyyətinin yaxşılışdırılması istiqamətində aparılan işlər öz müsbət nəticəsini göstərmir: "Azərbaycanda bu gün əlillərlə bağlı dövlət tərəfindən müəyyən addımlar atılır, müəyyən vaxtlarda bəzi QHT-lər tərəfindən layihələr həyata keçirilir. Amma bu o dərəcədə yetərli deyil və cəmiyyətdə əlillərə yönəlik xüsusi göstərici kimi ictimaiyyət tərəfindən qəbul olunmur. Ümumiyyətlə əlillərin ictimai proseslərə fəal qoşulmaları, cəmiyyətin normal üzvləri kimi qəbul olunmaları və özlərini cəmiyyətdə təcrid olunmuş hiss etməmələri üçün müəyyən addımlar atılmalıdır. Bu proseslər elə qurulmalıdır ki, əlillər öz təşkilatlarını yaratsın və özləri bu təşkilatda işləsinlər. Bu prosesdə digər fiziki qüsurlu şəxslər üçün stimul olsunlar və onlar başa düşsünlər ki, əlillər də digər insanlar kimi cəmiyyətin aktiv üzvləridir".

Müəsisənin insafına möhtac əlillər

Məsələyə münasibət bildirən Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfovun sözlərinə görə, Əmək Qanunvericiliyində məşğulluq haqqında qanunun 9-cu maddəsində sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğu üçün əlavə təminatlar adlı maddə var və həmin maddəyə görə, yalnız əmək qabiliyyətli əlillər iş yerləri ilə təmin olunur: "Biz əmək qabiliyyəti olmayan fiziki qüsurluların da məşğulluq problemlərinin həll olunması baxımından bir sıra islahatlar aparırıq. Amma onları işlə təmin etmək artıq müəssisənin insafına qalır. Çünki biz müəssisəni məcbur edə bilmərik ki, əmək qabiliyyəti olmayan insanları işlə təmin etsin".

Kvotalara əməl olunur

Ş.Xələfov bizimlə söhbətində bildirdi ki, əlillərin işlə təmin olunması ilə bağlı əsas problem onların sertifikatlarında "əmək qabiliyyəti yoxdur" qeydinin olmasıdır. Belə halda, onların işlə təmin olunması çətinləşir: "Sahibkarlar qanunvericiliklə tənzimlənən kvotalara əməl edirlər. Etməyə də bilməzlər. Çünki hər hansı şirkət bu kvotalara əməl etmirsə, onlar müvafiq qaydada cərimələnirlər. Sadəcə, problem ondadır ki, əvvəlki dövrlərdən əlillik dərəcəsi alanların, birinci, ikinci qrup əlillərinin hamısının sertifikatlarında əmək qabiliyyətsiz olduğu yazılıb. Bu zaman biz sahibkara və yaxud dövlət müəssisəsinə deyə bilmərik ki, bunu niyə işə götürmürsən? Çünki Əmək Məcəlləsində göstərilir ki, əmək qabiliyyəti olmayan insanın məşğulluğu təmin edildikdə, hər hansı məsuliyyət müəssisənin üzərinə düşür. Ona görə müəssisə rəhbərləri əlbəttə, qanundan qorxduğuna görə belə insanları işlə təmin etmirlər".

Peşə kursları

Ş.Xələfov bizimlə söhbətində onu da vurğuladı ki, fiziki qüsurlu şəxslərin əmək qabiliyyətlərinin xarici ölkələrdə olduğu kimi faizlə göstərilməsi istiqamətində dövlət tərəfindən bir sıra işlər görülür. Onun sözlərinə görə, Baş Məşğulluq İdarəsi fiziki qüsurlu şəxslər üçün kurslar təşkil edir: "Hal-hazırda əlillər üçün peşə kursları keçən iki qrupumuz var. Onlardan biri gözdən əlillər qrupudur ki, onlar üçün biz kompyuter kursu təşkil etmişik. Dərslər xüsusi proqram vasitəsilə keçirilir ki, biz bu proqramı xaricdən gətirtmişik. Gözdən əlil insanların kompyuter kurslarına cəlb olunmaları üçün rayonlarda da bu kursları təşkil edirik. Eyni zamanda, bizim tədris mərkəzində digər əlillər də var ki, onlar da ingilis dilini öyrənirlər. Bundan əlavə, lal-kar əlillər var ki, bunlar fiziki cəhətdən tam sağlam insanlardır. Bunlar üçün müəyyən kurslar təşkil edirik. Burada plastik qapı-pəncərə, manikür-pedikür, tikiş ustaları, qənnadçı və s. hazırlanır ki, onlar əmək bazarına tam hazır olsunlar".

Ölkədə əlillərin işləməsi üçün şərait yoxdur

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bizimlə söhbətində bildirdi ki, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi hal-hazırda əlillərin məşğuliyyətinin artırılması üçün mühüm işlər görür, amma əsas problem ondadır ki, bizim şirkətlər, firmalar əlillərin hərəkətinə uyğun şəkildə tikilmir: "Biz deyə bilmərik ki, dövlət əlillər üçün heç bir iş görmür. Fiziki qüsurlu insanların hər hansı bir şirkətdə kütləvi şəkildə işləmələri təmin olunsa belə, bu onlar üçün müəyyən çətinliklər yaradacaq. Çünki Azərbaycanda tikilən heç bir şirkət, təşkilatda əlillərin işləməsi üçün şərait yaradılmayıb. Yəni bu o deməkdir ki, əlillər üçün müəyyən panduslar, qurğular, ümumiyyətlə onların işlə təmin olunması üçün şərait yaradılmayıb. Məsələn, əlil arabası ilə hərəkət edən şəxs özü təkbaşına evinə gedib, işə gələ bilməz. Fiziki cəhətdən qüsurlu insanların işlə təmin olunması üçün ölkədə böyük işlər görmək lazımdır".

Xarici təcrübə

Xarici təcrübə haqqında məlumat verən S.Məmmədov vurğuladı ki, xarici ölkələrdə əlillərin işə götürülməsi yükü sahibkarların üzərinə qoyulmur. Əgər hər hansı bir şirkətdə fiziki qüsurlu şəxs çalışırsa, bu, onların reputasiyasına müsbət təsir göstərir: "Misal üçün, bir neçə əlili işə götürən müəssisə mənfəət vergisindən azad olunur. Ölkəmizdə isə bəzən özəl sektor elə edir ki, heç mənfəət vergisi vermir. Əlilləri işlə təmin etmək kifayət deyil, onlar üçün bu müəssisələrdə şərait yaradılmalıdır. Bunun özü isə əlavə xərclər tələb edən işdir".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.