Cəmiyyət

Şir evdən getdi və Bakıda bir ailənin faciəsi

10 Aprel 2013 19:57
0 Şərh     Baxış: 16 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Kinq" adlı şiri və bir çox digər heyvan və quşları ev şəraitində saxlayan bu memar ailəsi qeyri-adi "ailə üzvləri" sayəsində şöhrət qazanmışdı. Ancaq çox təəssüf ki, bu ailənin taleyi sonda çox faciəli oldu.
 
"Birinci Kinqin hekayəti"


Berberovların şir sahibi olmasının maraqlı tarixçəsi var. Nina Berberova iki övladı ilə birgə şəhər heyvanxanasına gəzməyə getdiyi zaman orada daha sonra həyatlarını dəyişəcək bir xəstə şir balası görürlər. Veterenarlar bu balanı yatızdırmağa, yəni öldürməyə hazırlaşsalar da, Berberovlar ailəsi buna mane olur və onu öz himayələrinə götürür. Bala aslana "Kinq" adı verilir. Qısa zamanda bu hadisə bütün SSRİ-yə yayılır. Mətbuat Berberovlar ailəsini "prayd" adlandırmağa başlayırlar.

"Prayd" - təbiətdə yaşayan aslan ailələrinə verilən addır. Kinqdən əlavə, ailədə "Lyalya" adlı puma, "Çap" adlı it və iki tutuquşu da olub. Berberovlar ailəsi ilə istər sovet mətbuatı, istərsə də əcnəbi media çox maraqlanır, onlar haqqında məqalələr yazılır, televiziya verilişləri hazırlanırdı. Hətta Kinq "Şir və qız", "Şir evdən getdi" və "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" adlı üç filmə çəkilir.

"İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmi həm Berberovların, həm də Kinqin ulduzunun parlamasına səbəb olur. Lakin bu, çox uzun çəkmir. Qeyd edək ki, filmin çəkilişləri zamanı Kinqin bütün "kapriz"ləri nəzərə alınmış, Berberovlar üçün hər cürə şərait qurulmuşdu. Hətta ailənin ixtiyarına bir məktəb binası verilmişdi. Kinqin sərbəst olması üçün onu məktəbin idman zalında yerləşdirirlər. Növbəti çəkiliş günlərindən birində şirin bir neçə dəqiqəlik nəzarətsiz qalması ona həyatı bahasına başa gəlir. Nina Berberova Kinqin öldürüldüyü günü xatırlayır:

"Həmin gün bizim köməkçimiz Saşa məktəbin idman zalında Kinqlə futbol oynayırdı. Zalın böyük pəncərələri alma bağına açılırdı. Saşa bir anlıq şiri tək qoyub, özünə çay süzməyə gedib. Bağdan keçən Valentin Markov adlı bir nəfər pəncərədən Kinqə baxmağa başlayıb. Adını heç vaxt unutmadığım həmin adam şiri üz və bədən hərəkətləri ilə qıcıqlandırmağa başlayıb. Bu hərəkətlər şir üçün oyun mənasına gəlirdi.

Kinq onun üzərinə atılanda yolda Markovu gözləyən qız: "Kömək edin, şir insanı parçalayır", - deyə qışqırıb. Biz birdən güllə səsləri eşitdik. Qızın harayına gələn milis zabiti leytenant Qurov məsələni bilmədən Kinqə atəş açıb. İlk güllədən sonra şir həmin gəncdən aralansa da, milis işçisi o ölənə kimi atəş açmağa davam etmişdi. Həmin tələbə Markov xırda cızıqlardan başqa, heç bir xəsarət almamışdı".

Yeni bala şir - II Kinq


Kinqin ölümü bütün ailə üzvlərinə çox təsir etmişdi. Hətta Kinqlə dostluq edən "Çap" adlı it də onun ölümünə dözə bilmir, bir həftədən sonra o da ölür. Yeri gəlmişkən, Kinqi öldürən milis zabiti Qurov bu hadisədən sonra çox mükəmməl karyera qurub. O, general rütbəsinə qədər yüksəlib, Rusiya Dumasının Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə seçilib.

Kinqin öldürülməsi hadisəsi bütün ölkəyə yayılmışdı. Bir sıra ziyalı və incəsənət xadimləri Berberovlar ailəsinə dəstək olmaq üçün hərəkətə başlayırlar. Moskva şəhərinin məşhur ziyalıları öz aralarında pul toplayaraq, Berberovlar ailəsinə yeni şir balası hədiyyə etmək fikrinə düşürlər. Nina xanım buna qarşı olsa da, yoldaşı razılığını verir.

Sergey Obraztsov, Yuriy Yakovlev, Vladimir Vısotskiy, Marina Vladi kimi bir çox tanınmışlar öz aralarında pul toplayaraq bütün SSRİ-də Berberovlar üçün aslan axtarmağa başlayırlar. Ən sonda Kazan heyvanxanasında bir bala şir tapılır. Bir ay Moskvada karantində saxlanılan II Kinq, nəhayət, ailəyə verilir. Amma heç kəs bu yeni Kinqin Berberovların ailə faciəsinə çevriləcəyini düşünmürdü.

Qanlı hadisə

Nina Berberovanın sözlərinə görə, ikinci şir birinci Kinqə heç bənzəməyib: "İlk Kinqi biz ölümdən xilas etmişdik. O da buna cavab olaraq, sevgi və xoş rəftarla öz minnətdarlığını göstərirdi. Ancaq II Kinq özünü əsl lider kimi aparırdı. O özünə qarşı hörmət tələb edirdi. Yoldaşımı ailə başçısı kimi qəbul edir və onun göstərişlərinə əməl edirdi.

Amma 1978-ci ildə ərim infarktdan vəfat etdikdən sonra hər şey dəyişdi". Ailə başçısının vəfatından sonra II Kinqi artıq evdə saxlamağa çətinlik çəkən Nina xanım onu Berlin heyvanxanasına vermək qərarına gəlir. Amma çox təəssüf ki, bu qərarın icrasına imkan olmur. 24 noyabr 1980-ci ildə qanlı hadisə baş verir. Həmin gün Kinq Nina Berberovanı başından ağır yaralayır, oğlu Romanı isə öldürür.

Nina Berberova o günü belə xatırlayır: "Həmin gün səhər nəşriyyata getmişdim. Mən saxladığımız heyvanlar haqqında yazdığımız kitabı çapa hazırlayırdım. Evə qayıdanda mənzildə qeyri-adi yanıq iyi hiss etdim. Kinq çox narahat idi, durmadan eyvanın dəmir barmaqlıqlarına doğru tullanır, nərələr çəkirdi. Puma "Lyalya" qorxusundan bir küncə sıxılmışdı. Eyvana çıxanda alkoqolizmdən əziyyət çəkən qonşumun plastmas darağın dişlərini yandırıb Kinqin üzərinə atdığını gördüm. "Siz neynirsiniz, mən milis çağıracam!", - deyə ona qışqırdım.

Bu zaman oğlum Roma gəldi. Ona nahar verdikdən sonra şirə də yemək hazırladım. Birdən Kinq beli üstə yerə yıxıldı və dərhal ayağa qaxdı. Qalxan kimi də üstümə atıldı". Anasının qışqırıq səsinə gələn Roman Kinqin xaltasından tutub dartmağa başlayıb. Ninadan uzaqlaşan şir pəncəsi ilə 14 yaşlı Romanın skalpını parçalayıb, boynunu sındırıb. Uşaq elə oradaca həyatını dəyişib. Huşunu itirən Nina yalnız silah səslərindən sonra ayılıb: "Mən milis işçilərinin açdığı güllə səslərindən sonra ayıldım. Milislər qapını sındırıb Kinqi öldürmüşdülər. Onlar qorxub qaçmaq istəyən pumanı da vurmuşdular".

Ninaya uzun müddət oğlunun ölməsi barədə heç nə deyilməyib. Yalnız xəstəxanadan çıxdıqdan sonra o, Romanın öldüyünü başa düşüb və yenidən üç ay xəstəxanada müalicə almalı olub. Nina Berberova qızı və dostu Kazım Abdullayevin (Azərbaycanın Əməkdar atisti) sayəsində yenidən həyata döndüyünü bildirib: "Qızım və dostum Kazımın sayəsində mənim həyatım yenidən öz məcrasına qayıtdı. Mən Kazımla evləndim. Bizim iki oğlumuz oldu. Mən II Kinqə nifrət etmirəm. O, heyvan idi və nə etdiyini anlamırdı. Təkcə bir şeyə görə - oğlum Romanı qoruya bilmədiyim üçün özümü bağışlaya bilmirəm".

"Zaman Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.