Cəmiyyət

Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər

19 Avqust 2026 15:18
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bəzən bir səfər sadəcə bir ziyarət deyil, gələcəyə hesablanmış böyük bir baxışın ifadəsinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana 17-ci səfəri də məhz belə mühüm tarixi məqam kimi yadda qalır. Bu səfər bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz parçası olmaqla yanaşı, dövlət siyasətində xüsusi yeri və əhəmiyyəti olan qədim Azərbaycan diyarıdır.

Milli.Az xəbər verir ki, Prezidentin Naxçıvana hər səfəri illər ərzində formalaşan bir ənənənin - diqqətin, qayğının və inkişaf strategiyasının davamıdır. Bu səfərlərin hər biri Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələlərin başlanğıcı olub. Dövlət başçısının əvvəlki səfərləri zamanı da müxtəlif sahələr üzrə mühüm layihələrin açılışında iştirakı, təhsil, səhiyyə, hərbi və sosial infrastruktura xüsusi diqqət göstərməsi Naxçıvanın hərtərəfli inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu nümayiş etdirib. Naxçıvan tarix boyu özünəməxsus mövqeyi, milli-mənəvi dəyərləri və ziyalı mühiti ilə seçilib. Bu qədim diyarın inkişafında dövlət rəhbərliyinin diqqəti xüsusi rol oynayıb. Ulu Öndər Heydər Əliyevin Naxçıvana və bütövlükdə Azərbaycanda elmə, təhsilə verdiyi böyük önəm bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev məktəbinin əsas ideyalarından biri ondan ibarət idi ki, xalqın gələcəyi savadlı, dünyagörüşlü və peşəkar gənclərdən keçir. Bu baxış bu gün də dövlət siyasətinin əsas xəttini təşkil edir. Prezident İlham Əliyevin hər bir regiona, xüsusilə də Naxçıvana münasibətində təhsil və elm sahəsinə verilən dəyər aydın görünür. Naxçıvan Dövlət Universitetinin inkişaf yolu da bu diqqətin real nümunələrindən biridir. Universitetin maddi-texniki bazasının gücləndirilməsi, yeni tədris imkanlarının yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlər ali məktəbin ölkənin aparıcı universitetlərindən birinə çevrilməsi məqsədinə xidmət edir. NDU heç zaman dövlət diqqətindən kənarda qalmayıb. Əksinə, bu ali təhsil ocağına göstərilən münasibət dövlətin elmə və gənc nəslin yetişdirilməsinə verdiyi strateji önəmin göstəricisidir. Prezident İlham Əliyevin Naxçıvana səfərləri zamanı elm və təhsil müəssisələrinə diqqət ayırması, təhsil infrastrukturunun inkişafını daim diqqətdə saxlaması bunun bariz ifadəsidir.

Prezidentin son səfəri çərçivəsində 1000 nəfərlik tələbə yataqxanasının tikintisi ilə bağlı verilən qərar isə xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs sadəcə yeni bir binanın inşası deyil. Bu, tələbəyə, gəncə, elmə və təhsilə verilən böyük dəyərin göstəricisidir. Müasir universitet yalnız auditoriyalardan və laboratoriyalardan ibarət deyil. Universitet həm də tələbənin rahat yaşadığı, inkişaf etdiyi, özünü gələcəyə hazırladığı sosial mühitdir. Yeni tələbə yataqxanasının yaradılması Naxçıvan Dövlət Universitetində təhsil alan gənclərin sosial şəraitinin yaxşılaşdırılmasına, regionlardan gələn tələbələrin rahatlığının təmin edilməsinə və universitet həyatının daha da canlanmasına mühüm töhfə verəcək. NDU-nun inkişaf planlarında 1000 nəfərlik yeni tələbə yataqxanasının inşası da nəzərdə tutulan mühüm layihələr sırasında göstərilib. Bu qərar həm də mühüm bir mesajdır: Azərbaycan dövləti gənclərin təhsil almasına, elmə yiyələnməsinə və ölkənin gələcək inkişafında fəal iştirakına böyük əhəmiyyət verir. Naxçıvana göstərilən diqqət yalnız tikilən binalarla, açılan obyektlərlə ölçülmür. Bu diqqətin əsas mahiyyəti insan amilində, gənclərə yaradılan imkanlarda, elmə və təhsilə verilən dəyərdə özünü göstərir.

NDU əməkdaşı olaraq bu qayğını xüsusilə hiss etmək mümkündür. Universitetimizin hər bir uğurunda dövlət dəstəyinin, yaradılan imkanların və elmə verilən qiymətin izləri var. Bu gün Naxçıvan Dövlət Universitetində çalışan hər bir əməkdaş, burada təhsil alan hər bir tələbə Prezident İlham Əliyevin elm və təhsilə yönəlmiş siyasətinin nəticələrini öz fəaliyyətində görür. Prezidentin Naxçıvana 17-ci səfəri bir daha göstərdi ki, bu qədim diyarın inkişafı, onun insan kapitalının gücləndirilməsi və xüsusilə gənc nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Bu səfər yaddaşlarda yalnız görülən işlərlə deyil, yaratdığı xoş duyğularla, gələcəyə inamla və bir həqiqətlə qalacaq: Naxçıvan daim diqqət mərkəzindədir, Naxçıvan Dövlət Universiteti isə bu diqqətin elm və təhsil sahəsindəki ən mühüm ünvanlarından biridir.

Naxçıvan Dövlət Universitetinin əməkdaşı Aysel Eminova

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.