Cəmiyyət

Xəstəliklərini təbii üsulla sağaldan, 92 yaşında işə qəbul olunan Ərşad Əzimzadən sağlamlıq məsləhətləri

24 Fevral 2026 00:11
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pəhriz vasitəsilə hər şey qaydasına düşür: xəstəliklər sağalır".

Milli.Az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı yazıçı-jurnalist, loğman Ərşad Əzimzadə deyib.

Belə ki, Ərşad Əzimzadə 92 yaşında rəsmən işə qəbul olunub.

Həmin müsahibəni təqdim edirik:

- Ərşad müəllim, 92 yaşında rəsmən işə qəbul olunmaq hər kəsə nəsib olmur. Nəinki Azərbaycanda, dünyada belə bir nümunə yoxdur. Ona görə də eşidənlərə maraqlı gəldi. Necə oldu ki, işə qəbul olundunuz?

- Əslində uzun illərdir ki, "İnci" şirkəti ilə sifarişlə çalışırdım. İndi isə işçi olaraq rəsmiləşdirildim. Mənim kitablarım burada nəşr olunur. "İnci" şirkətinə məxsus yeni "İzə" nəşriyyatı var: orada həm məsləhətçi kimi işləyirəm, həm də digər kitabların redaktəsini edirəm. Hazırda iş başındayam.

- Yalnız bədii ədəbiyyat kitablarını redaktə edirsiniz, yoxsa iş fəaliyyətinizə digər elmi-publisistik əsərlər də daxildir?

- Bildiyiniz kimi, mən ixtisasca jurnalistəm. Uzun illər mərkəzi qəzetlərdə, müxtəlif mətbu orqanlarda çalışmışam. Yəni redaktə mənim işimin bir hissəsi olub. Təqaüdə çıxdıqdan sonra yazıçılığa başlamışam. Amma yenə də redaktə işini bununla yanaşı davam etdirmişəm. Publisistik, bədii, müxtəlifsəpkili əsərləri redaktə edirəm.

- Sizi oxucular daha çox "Möcüzəsiz möcüzə" əsəri ilə tanıyıblar. Bununla yanaşı indiyədək çox kitabınız işıq üzü görüb. Bəs hazırda hansı kitab üzərində işləyirsiniz?

- Hazırda şəkərli diabetin təbii yolla müalicəsi ilə bağlı seriya şəklində kitab üzərində işləyirəm. Bundan başqa bədii əsərlə də məşğulam. "Durna bulağı" adlı üçcildlik kitab olacaq. SSRİ-nin Nikita Xruşşovun rəhbərlik etdiyi dövründən başlayaraq ta bu günə qədər olan hadisələrdən bəhs edirəm. Kitablardan başqa "Qardaşımın qardaşı" adlı monoqrafiya üzərində də işləyirəm. O da öz taleyimdən bəhs edir. Bundan başqa, sosial platformada "Şəfa məktəbi" adlı səhifəm var. Orada müəyyən dərslər keçirəm, izləyicilərə tövsiyələr edirəm.

- Sizin bu yaşda motivasiyanıza heyran qalmamaq mümkün deyil. Çox maraqlıdır, gənclərə örnək olunası bu enerjini hardan alırsınız?

- Mənə fiziki olaraq enerjini verən ən əsas təbii qidalardır. Baxmayaraq ki, səhhətimdə problem yaşadım, həyat yoldaşım dünyasını dəyişdi, bu itkidən çox sarsıldım, amma toparlandım. Yavaş-yavaş düzəldim. Amma zehni cəhətdən heç vaxt problemim olmayıb, hər şey öz qaydasındadır və həmişə də zəka və düşüncələrimə güvənmişəm.

- Nəzərə alsaq ki, son zamanlar bir çox xəstəliklərin yaşı cavanlaşıb, psixoloji problemlər artıb, gənclərə həm həyat tərzində, həm qidalanmada, iş həyatında nə tövsiyə edərdiniz?

- Məhəmməd peyğəmbərin gözəl bir kəlamı var: "Bütün fəsadların yuvası mədədir, bütün dərdlərin dərmanı pəhrizdir". Pəhriz həqiqətən də çox faydalıdır. Mən məsləhət görərdim ki, ən birinci qidalanma qaydalarına düzgün əməl etsinlər. Mütəmadi olaraq, orqanizmlərinə uyğun pəhriz növü seçsinlər. Pəhriz vasitəsilə hər şey qaydasına düşür: xəstəliklər sağalır, insan nikbinləşir, cavanlaşır, yaddaş itiləşir, təfəkkür cilalanır, bu da onun işinə sirayət edir. Elə bir xəstəlik yoxdur ki, sağlam həyat tərzinin köməyi ilə və təbii yolla sağaltmaq mümkün olmasın. Amma elə bir xəstəlik də yoxdur ki, onu dərmanların köməyi ilə tamamilə sağaltmaq mümkün olsun. Ona görə də tövsiyə edərdim ki, sağlam həyat tərzinə keçsinlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.