Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarəti zamanı AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun ona çətir tutması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Yayılan məlumatlara görə, İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. İddialarda səbəb kimi isə bu davranışın İsa Həbibbəylinin ictimaiyyətin qınağına tuş gəlməsi göstərilib.
Milli.Az məsələ ilə bağlı AMEA ilə əlaqə saxlayıb.
Akademiyadan sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd olunub ki, sözügedən şəxs hazırda öz vəzifəsini icra etməkdə davam edir.
Mina Mikayılova
Milli.Az





